Məhkəmə qərarları › İş №2-1(116)-1496/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1496/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1496/2020 03.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, birinci qrup əlildir döyüşlərdə iştirak etməsinin hüquqi fakt kimi tanınması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, birinci qrup əlildir döyüşlərdə iştirak etməsinin hüquqi fakt kimi tanınması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizələrə baxılması inzibati məhkəmələrin deyil, ümumi məhkəmələrin səlahiyyətinə aiddir. Ona görə də İddiaçı hazırkı iddia ərizəsində irəli sürdüyü xahişlə bağlı yaşayış yeri üzrə Şəki Rayon Məhkəməsinə müraciət edə bilər. Bununla yanaşı, məhkəmə qeyd edir ki, əgər iddiaçının hüquqi marağı müharibə veteranı adı almaqdan ibarətdisə, o, Şəki İnzibati Məhkəməsinə müvafiq məzmunlu iddia ərizəsi verməlidir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış, onların aradan qaldırılması üçün 20 gün müddət təyin edilmiş və əks təqdirdə, iddianın mümkün sayılmaması məsələsinin müzakirə olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2020-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. Lakin ötən müddət ərzində iddiaçı qeyd olunan çatışmazlıqları aradan qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, sadalanan hallara görə hazırkı iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Eyni zamanda, məhkəmə izah edir ki, iddiaçı yuxarıda göstərilən formal xətaları aradan qaldıraraq yenidən məhkəməyə iddia ilə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, birinci qrup əlildir döyüşlərdə iştirak etməsinin hüquqi fakt kimi tanınması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar