Məhkəmə qərarları › İş №2-1(116)-15/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-15/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-15/2021 19.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının vəkili X2, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Yevlax bələdiyyəsinə qarşı (üçüncü şəxs: “xxxx” MMC) “Yevlax bələdiyyəsinin “xxxx” Tekstil MMC-yə şəhərin ünvan 1 saylı ünvandakı ərazidə ticarət obyektinin tikintisi üçün 270 kv.m torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 2007-ci il tarixli, 28 nömrəli qərarının Cavabdeh2 başçısının xx xxxx 2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən həmin yerdə mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Yevlax bələdiyyəsinə qarşı (üçüncü şəxs: Cavabdeh2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax şəhəri, Füzuli küçəsində kommunal təsərrüfat birliyinin cənub hissəsində mağaza tikilməsi üçün alqı-satqı yolu ilə alınmış 15 kv.m torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə, qanuni torpaq sahəsinin ona qaytarılması və mağazasının qanunsuz sökülməsi nəticəsində dəymiş 15000 manat zərərin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 başçısının xx.xx.2000-ci il tarixli, 58 saylı sərəncamı ilə Yevlax şəhərinin Füzuli küçəsində kommunal təsərrüfat birliyinin cənub hissəsində mağaza tikintisi üçün iddiaçıya 15 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinin dəyərini, yəni 87000 manat vəsaiti Beynəlxalq bankın hesabına ödəmiş və tərəflər arasında xx.xx.2000-ci il tarixdə akt tərtib edilmişdir. İddiaçı həmin yerdə mağaza tikmiş və uzun müddət istifadə etmişdir. Sonradan tikdirdiyi mağaza üçüncü şəxs tərəfindən dağıdılmışdır. Bu səbəblə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşmə aparmış və “Yevlax bələdiyyəsinin “xxxx” MMC-yə şəhərin ünvan 1 saylı ünvandakı ərazidə ticarət obyektinin tikintisi üçün 270.00 kv.m torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 2007-ci il tarixli, 28 nömrəli qərarının Cavabdeh2 başçısının xx xxxx 2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən həmin yerdə mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə cavabdehlər xx.xx.2019-cu il tarixdə məhkəmənin dəftərxanasına daxil olan eyni məzmunlu etirazlarında qeyd etmişlər ki, iddiaçı ərizəsində göstərmişdir ki, “Satın aldığım mənə məxsus torpaq üzərində mağaza binası tikmişdim. Mağazanı işləmə vəziyyətinə gətirmişdim. Mağazanın tikintisinə 87000 manat, indiki pulla 15000 manat pul sərf etmişdim. Qanunsuz olaraq mağaza binası Cavabdeh2 tərəfindən sökülüb”. O, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək ona qaytarılmasını və ona dəymiş 15000 manat zərərin ödənilməsini xahiş edir. Hesab edirik ki, iddiaçının tələbi tamamilə əsassızdır və təmin oluna bilməz. Mülahizəmizi bununla əsaslandırırıq ki, İddiaçı hüquqi şəxs deyil. Onun hüquqi şəxs və sahibkar olması barədə vöen və digər sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. İddia ərizəsində adını Uraman göstərmiş, torpaq ayırma sənədlərində isə adı Roman yazılmışdır. Eyni zamanda onun adına Yevlax Bələdiyyəsində və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində torpaq sahəsi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən “Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir”. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı iddia müddətini də keçirmişdir. Əgər doğrudan da ona qarşı hər hansı qanunsuz hərəkət edilmişdirsə nə üçün o, vaxtında məhkəməyə və digər orqanlara müraciət etməyib. Sənədlərdən və iddiaçının yazmasından aydın olur ki, mübahisəli torpaq sahəsində tikilmiş mağaza binasının sökülməsindən 10 (on) ilə yaxın müddət keçib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən “Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Azərbaycan Respublikasının MM-nin 375.2ci maddəsinə əsasən iddia müddətinin keçməsi məhkəməyə iddianı təqdim etmək mümkünlüyünün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. Göründüyü kimi İddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2000-ci il tarixli aktdan görünür ki, X3 Şəhər İH başçısına müraciət edərək, ona mağaza tikintisi üçün 15 kv.m torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İH başçısının xx.xx.2000-ci il tarixli 58 nömrəli sərəncamı ilə X6 mağaza tikintisi üçün 15 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2000-ci il tarixli alqı-satqı aktından görünür ki, X10 ona ayrılan torpaq sahəsinin dəyərini, yəni 87000 manat məbləği “Beynəlxalq” bankın hesabına ödəmişdir. İş materiallarında olan Yevlax bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 28 saylı qərarı ilə Yevlax bələdiyyəsinin torpaqların aid olan ərazidən sahibkarlıq məqsədilə 270 kv.m torpaq sahəsi “xxxx” Tekstil MMC-nin mülkiyyətinə verilmişdir. Həmçinin Yevlax ŞİH Memarlıq və Tikinti şöbəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli rəyi alınmış və Şöbə həmin ərazidə sahibkarlıq obyektinin tikintisinin məqsədəmüvafiq olduğunu qeyd etmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2007-ci il tarixli alqı-satqı aktı tərtib edilmiş və torpaq sahəsinin dəyəri “xxxx” Tekstil MMC tərəfindən bələdiyyənin bank hesabına ödənilmişdir. İş materiallarında olan torpaq sahəsinin kadastrı planından görünür ki, Yevlax bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 28 nömrəli qərarı ilə 270 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə “xxxx” MMC-nin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 81 saylı qərarında görünür ki, X5 bələdiyyəyə müraciət edərək, ona fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmiş, bələdiyyənin qeyd edilən qərarı ilə Yevlax ŞİH Memarlıq və Tikinti şöbəsi və DTXK-nın müvafiq rəyləri alındıqdan sonra V.Gülüstaniyə 450 kv.m həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə satılmışdır. İş materiallarında olan Yevlax bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 56 saylı qərarından görünür ki, bələdiyyə torpaqlarına aid şəhərin K.Sabitov küçəsində yerləşən ərazidən 60.0 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə əlaqədar X1 mülkiyyətinə verilmiş və bununla əlaqədar müvafiq rəylər alınmış, alqı-satqı müqaviləsi bağlanmış və Z.Gülüstaninin adına A seriyalı 245605 nömrəli plan və ölçü sənədi, MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış tərtib edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli,**********06 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçıya Cavabdeh2 başçısının xx.xx.2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m sahəsinin koordinatlarını əks etdirən (torpaq sahəsinin planı və ölçüsü və ya şəhadətnamə) sənədləri olmadığından mütəxəssis qarşısında qoyulan sualın cavablandırılması mümkün olmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarı haqqında məhkəmədə mübahisə qaldırılan zaman məlumatlı olmuşdur. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, “İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmuşdur. İddian mümkün olsa da, əsassızdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (maddə 4). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir (maddə 10). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsində deyilir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 67-ci maddəsində deyilir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (1-ci hissə) Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. (3-cü hissə) Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. (4-cü hissə) İddiaçının ləğvini tələb etdiyi bələdiyyə qərarı yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bələdiyyənin qərar əsasında 3-cü şəxsə verdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. iddiaçıya Cavabdeh2 başçısının xx.xx.2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən mağaza tikintisi üçün iddiaçıya ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m sahəsinin koordinatlarını əks etdirən (torpaq sahəsinin planı və ölçüsü və ya şəhadətnamə) sənədləri olmadığından 3-cü şəxsə ayrılan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Yevlax bələdiyyəsinə qarşı (üçüncü şəxs: “xxxx” MMC) “Yevlax bələdiyyəsinin “xxxx” Tekstil MMC-yə şəhərin ünvan 1 saylı ünvandakı ərazidə ticarət obyektinin tikintisi üçün 270 kv.m torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 2007-ci il tarixli, 28 nömrəli qərarının Cavabdeh2 başçısının xx xxxx 2000-ci il tarixli, 58 saylı sərəncamına əsasən həmin yerdə mağaza tikintisi üçün ona ayrılaraq alqı-satqı yolu ilə satılmış 15 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar