Məhkəmə qərarları › İş №2-1(116)-15/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-15/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-15/2022 17.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı1, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonu Gödəkqobu kəndi ərazisində yerləşən, Gödəkqobu bələdiyyəsinin mülkiyyətinə aid olan, Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə özünə və ailə üzvlərinə verilmiş torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, X3, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş, 3.03 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasından imtinanın qanunsuz hesab edilərək, Zərdab rayonu Gödəkqobu kəndi ərazisində yerləşən, Gödəkqobu bələdiyyəsinin mülkiyyətinə aid olan, Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə özünə və ailə üzvlərinə verilmiş torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24.08.2021-ci il tarixli 2-1(116)-148/2021 nömrəli qərardadı ilə Zərdab rayonu Gödəkqobu bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra ilkin iddia tələbi ilə eyni məzmunlu, iddiaçının özünün və ailə üzvlərinin (X3, İddiaçı3 və İddiaçı4) adlarının qeyd olunduğu və onlar tərəfindən imza edilmiş iddia ərizəsi məhkəməyə təqdim edilmiş, Məhkəmənin 26.11.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə təqdim edilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Zərdab rayon AİK-nın 29.11.1997-ci il tarixli 10 saylı qərarı ilə iddiaçılara 0.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə JN-115 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. İddiaçı, cavabdehə müraciət edərək torpaq islahatı aparılan zaman ona və ailəsinə verildiyini iddia etdiyi, digər - 3.03 ha torpaq sahəsinə Dövlət Aktının verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı tələb hüququnu - torpaq sahəsinin ayrıldığı vaxtdan indiyədək həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməsi və heç bir mübahisəli halın olmaması ilə əsaslandırmış, bildirmişdir ki, tələb etdiyi torpaq sahəsinə Dövlət Aktı ala bilmədiyinə görə dövlət tərəfindən ayrılan subsidiyaları ala bilmir. Cavabdeh, iddia tələbinə etirazını iddiaçıların tələb etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olan hər hansı sənədin mövcud olmaması ilə əsaslandırmışdır. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İşdə olan, ““Gümüşlü” kolxozunun islahata getməsi ilə əlaqədar həmin ərazidə özəlləşəcək torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısı”nın təsdiq edilmiş surətindən görünür ki, siyahıda iddiaçıların adları 109-cu sırada qeyd edilmiş, təsərrüfatbaşına kitabına əsasən 0.10 ha, faktiki ölçülmüş isə 0.18 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. İşdə olan, JN-115F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Zərdab rayon AİK-nın 29.11.1997-ci il tarixli 10 saylı qərarı ilə 0.42 ha həyətyanı torpaq sahəsi iddiaçılara verilmişdir. İş materiallarında olan JN-115 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Zərdab rayon AİK-nın 29.11.1997-ci il tarixli 10 saylı qərarı ilə 0.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılara verilmişdir. Sənəd dövlət aktı qeydiyyat kitabında 20.11.1998-ci il tarixdə 115 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçı X2 naturada göstərdiyi və istifadəsində olan torpaq sahəsi Zərdab rayon Gödəkqobu bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı əkin torpağıdır. Elektron məlumat bazasında mövcud olan xəritə materiallarında JN-114, JN-115 və JN- 116 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının yalnız C hissəsi əks edilmişdir. İşdə olan, cavabdehin 16.07.2020 və 17.06.2016-cı il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Odur ki, digər iddiaçılar məhkəmə iclasında iştirak etmiş - iddiaçı X4 tərəfindən təmsil edilmiş sayılırlar. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh orqan iddiaçının müraciətini cavablandırarkən iddiaçının özünə və ailə üzvlərinə münasibətdə tələbdə qeyd olunan torpaq sahəsi ilə bağlı hüquq müəyyənedici sənədlərin verilməsindən imtina etdiyindən, Məhkəmə hesab edir ki, verilmiş imtina cavabı digər iddiaçılara da aid edilməlidir. İddia ərizəsinin məzmunundan və işin hallarından görünür ki, iddiaçıların hüquqi marağı 3,03 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdır. Belə ki, tələbdə qeyd olunmuş 3.32 ha torpaq sahəsinin 0.29 ha hissəsinə iddiaçı və ailə üzvlərinin adına JN-115 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Tələbin birinci hissəsi də məhz “3,03 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasından cavabdehin imtinasının qanunsuz hesab edilməsi” ilə bağlıdır. Odur ki, məhkəmə iddia tələbinin ifadə tərzi ilə bağlı olmadığından iddiaçıların hüquqi marağına uyğun olaraq 3,03 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun mövcud olub-olmamasına hüquqi qiymət vermişdir. Bundan başqa iddia ərizəsində tələb olunan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması göstərilsə də, tələbin iddiaçı və ailə üzvləri tərəfindən birgə irəli sürülməsi, bütün iddiaçıların həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hüquqi marağının olmasını göstərir. Məhkəmə iclasında iddiaçıya hüquqi marağına uyğun olaraq tələbini 3,03 ha torpaq sahəsinə uyğun dəqiqləşdirilməsi təklif edilmiş, iddiaçı 3.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun 0.29 ha torpaq sahəsi ilə birlikdə dövlət qeydiyyatına alınmasını tələb etdiyini bildirmişdir. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Belə ki, “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Həmin Əsasnamənin 6-cı maddəsinə əsasən hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı hazırlayır. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasınakeçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materialları ilə müəyyən olunur ki, iddiaçıların mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlarını təsdiq və ya aid edən hər hansı bir hüquqmüəyyəedici sənəd yəni, akt, şəhadətnamə, qeydiyyat vəsiqəsi və ya digər rəsmi sənəd mövcud deyildir. Belə olduğu təqdirdə iddiaçıların mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı qeyri-mümkündür. Bundan başqa işdə olan mütəxəssi rəyi ilə müəyyən edilir ki, iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyataına alınmasını tələb etdikləri faktiki istifadələrində olan torpaq sahəsi Zərdab rayon Gödəkqobu bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı əkin torpağıdır. Müvafiq torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin olmaması ilə bərabər, qanunvericilik (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun 7.2.m) müvafiq kateqoriyadan olan torpaq sahələrinin bələdiyyə mülkiyyətindən xüsusi mülkiyyətə verilməsini birbaşa qadağan etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Ona görə də cavabdeh inzibati orqan iddiaçının sözügedən müraciətinin təmin edilməsindən imtina etməklə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, X3, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş, 3.03 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasından imtinanın qanunsuz hesab edilərək, Zərdab rayonu Gödəkqobu kəndi ərazisində yerləşən, Gödəkqobu bələdiyyəsinin mülkiyyətinə aid olan, Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə özünə və ailə üzvlərinə verilmiş torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar