Məhkəmə qərarları › İş №2-1(116)-150/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-150/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-150/2023 25.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialina qarşı “xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 7 övladının doğulmasını və onları 8 yaşınadək böyüdüb tərbiyə etməsini nəzərə alaraq xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş lakin, müraciəti təmin edilməmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçıya məxsus AT-İX ******* saylı əmək kitabçasında qeyd olunmuş 03.01,1984cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan Şamaxı rayonu "Nəsimi” adına sovxozda olan əmək fəaliyyəti dövrü əmək kitabçasında başqa müəssisənin möhürü ilə təsdiq edilmişdir. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" xx.xx.1991-ci il tarixli qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, xx.xx.2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında 1984-1997-ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq, möhür latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmişdir. 1993-2000-ci illərdə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkünsüz idi. Həmçinin işə tam, obyektiv və hərtərəfli baxılmasını təmin etmək məqsədilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixli **********4 nömrəli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubda İddiaçı çoxuşaqlı ana kimi xx.xx.2020-ci il tarixdə pensiya yaşına çatdığı, təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1997- ci il tarixədək əmək fəaliyyəti dövrü olmaqla onun mübahisələndirilməyən sığorta stajının 13 il 11 ay 19 gün olduğu qeyd edilmişdir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək 13 il 11 ay 19 gün sığorta stajına uyğun olaraq 10.316,56 manat pensiya kapitalının pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından az olduğu qeyd edilmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı bildirilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. - AT-İX ******* nömrəli əmək kitabçasından və X11 Filialının xx.xx.2022-ci il tarixli arxiv arayışlarından görünür ki, iddiaçı xx.xx.1984-xx.xx.1997-ci illərdə Nəsimi adına üzümçülük sovxozunda işləmiş və ona əmək haqqı ödənilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İƏD-su üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 499 nömrəli arayışından və doğum haqqında şəhadətnamələrdən görünür ki, iddiaçı Ağsu şəhər 20 yanvar küçəsi 10 saylı evdə yaşamaqla özü doğub 8 yaşadək böyüdüb tərbiyə etmiş aşağıdakı tərkibdə ailə üzvləri vardır: X3 (xx.xx.1985), X5 (xx.xx.1987), X7 (xx.xx.1989), X4 (xx.xx.1991), X6 (xx.xx.1996), X2 (xx.xx.1998). - cavabdeh tərəfindən təqdim edilmiş pensiya alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə 7 uşaqlı ana kimi xx.xx.2020-ci il tarixdən müddətsiz əmək pensiyası təyin edilmişdir. İlkin müraciət tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan mətni: 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək) yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 8.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan mətni: Beş və daha çox uşaq doğub onları səkkiz yaşına tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuşdur) 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Cavabdeh orqan tərəfindən iddiaçıya 7 uşaqlı ana kimi xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilsə də, iddiaçının hüquqi marağı xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi olduğundan məhkəmə hesab edir ki, hazırkı inzibati mübahisəyə mahiyyəti üzrə baxaraq qərar qəbul edilməlidir. Belə ki, işdə mövcud olan sənədlərlə iddiaçının iddiaçının 7 uşağı doğub 8 yaşınadək tərbiyə etməsi sübut olunur. İddiaçının sonunucu uşağı - X2 xx.xx.1998-ci ildə doğulduğundan onun 8 yaşı xx.xx.2006-cı ildə tamam olmuşdur. Məhəmməd Ağayevin 8 yaşının bitdiyi vaxt qüvvədə olan ƏPHQ-nun tələbinə görə (8.1) 7 uşağını 8 yaşınadək tərbiyə etmiş qadınların 5 il stajı olduqda 47 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranırdı. İddiaçının 47 yaşı xx.xx.2012-ci ildə tamamlanıb. Həmin vaxt qüvvədə olan ƏPHQnun 8.1-ci maddəsinin redaksiyasına görə 5 dən artıq uşağını 8 yaşınadək tərbiyə etmiş qadınların 10 il iş stajı olduqda 7-ci maddədə müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmalı idi. 2012-ci il üzrə qadınlar üçün yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi 58 yaş 6 ay idi və həmin müddət 7 il azaldıqda iddiaçının tələb olunan yaşı 51 yaş 6 ay olmalı idi. İddiaçının 51 yaş 6 ayı xx.xx.2017-ci ildə tamamlanıb. 2017-ci il iyulun 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 1.14-cü bəndində qeyd edilmişdir ki, 8.1-ci və 8.2ci maddələrdən “və azı 10 il sığorta stajı olan” sözləri çıxarılsın və həmin maddələrdə “olaraq müəyyən olunmuş” sözləri “şərtlər daxilində” sözləri ilə əvəz edilsin. Yəni, həmin dəyişikliklər qüvvəyə minənədək həmin Qanunun 8.1-ci maddəsinə əsasən tələb olunan iş stajı 10 il olmuşdur. İddiaçının isə sözügedən dəyişiklik qüvvəyə minənədək xx.xx.2017-ci ildə 51 yaş 6 ayı tamamlanmış və 10 ildən artıq ümumi iş stajı olmuşdur. Nəzərə alınmalıdır ki, ümumiyyətlə pensiya kapitalı ilə bağlı tələb də iddiaçıya şamil edilə bilməz. İddiaçının əmək fəaliyyəti müddətinin mübahisələndirilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçının mübahisələndirilməyən iş stajını 13 il 11 ay 19 gün qəbul etdiyindən (əmək kitabçası və arxiv arayışı ilə sübut olunur) və tələb olunan minimum müddət yuxarıda qeyd edildiyi kimi 10 il olduğundan, məhkəmə iddia tələbinə etirazda qeyd edilən əmək kitabçasının digər möhürlə təsdiqlənməsi və latın qrafikalı möhürün istifadəsinin mümkünsüzlüyü ilə bağlı cavabdehin etirazının dəlillərinə münasibət bildirilməsinə lüzum görmür. Həmçinin cavabdeh orqanın xx.xx.2020-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasını təyin etməsi də həmin dəlillərin əsassız olmasını birbaşa sübut edir. İş materialları ilə iddiaçının cavabdeh orqana hazırkı tələblə ilkin müraciətinin tarixi xx.xx.2021-ci il müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı həmin tarixdən əvvəlki 3 ilin hesablanaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialinın üzərinə İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar