Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-150/2024 29.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçı və ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1578/2023 saylı qərardadı ilə Şəki rayonu Orta Zəyzid bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı, məhkəmə iclasında tələbini dəqiqləşdirərək “Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən JN-494 C, kod 40407018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Qeyd edilən maddi normanın tələbini rəhbər tutaraq, Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin həmin torpaq sahəsinin xx.xx.2013-cü il tarixli 4Ə-1/77 reyestr nömrəli müqavilə əsasında özgəninkiləşdirildiyi bildirilərək müraciətin təmin edilməsindən imtina olunmuşdur. xx.xx.2013-cü il tarixli 4Ə-1/77 reyestr nömrəli müqavilə əsasında özgəninkiləşdirilən torpaq sahəsi tamamilə başqa ərazidə yerləşən və Dövlət Aktı ilə onun mülkiyyətinə verilən çöl pay torpağı olmuşdur. Həmin çöl pay torpaq sahəsinin JN 494 C, kod 40407018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Əgər JN-494C, kod 40407018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0,12 ha həyətyanı torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü ilə Dövlət Aktı ilə iddiaçının mülkiyyətinə verilən və xx.xx.2013-cü il tarixli 4Ə-1/77 reyestr nömrəli müqavilə əsasında özgəninkiləşdirilən çöl pay torpağının planı və sərhədlərinin ölçüsündə hər hansı bir texniki səhv ucbatından üst-üstə düşmə olmuşdursa, bu texniki səhvi aradan qaldırmaq cavabdeh idarənin vəzifəsi idi. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.12-cİ bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifəsidir. Yuxarıda qeyd edilənlərə əsasən Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə mənim və ailə üzvlərimin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və iddiaçının və ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2023-cü ildə bir daha cavabdeh orqana rəsmi ərizə ilə müraciət etmiş, cavabdh orqanın 01 mart 2023-cü il tarixli 321-3-39/2- H-0002-8/2023 saylı məktubu ilə onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “araşdırma zamanı elektron baza məlumatlarında 0,12 ha və 0,30 ha torpaq sahələrinə verilmiş şəhadətnamələrin üst-üstə düşdüyü, faktiki 0,12 ha torpaq sahəsinin sənəd üzrə sahədən kənarda yerləşdiyi müəyyən olunduğundan ərizənin icrası mümkün olmamışdır." Cavabdehin bu mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı 06 yanvar 2023-cü il tarixdə ərizə ilə DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət edərək, Şəki rayon Aqrar islahatı komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş 0,12 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin, aparılmış araşdırma zamanı Şəki rayonu Baş Zəyzid kənd sakini İddiaçı və ailə üzvlərinin adına ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi və Şəki rayonlararası Yerquruluşu idarəsi tərəfindən 26 may 2006-cı il tarixdə tərtib edilmiş JN-494C KOD 40407018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair 2 (iki) şəhadətnamənin olduğu, şəhadətnamələrin birində 0,12 ha, digərində isə 0.30 ha torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verildiyi qeyd olunsa da, həm 0,12 ha, həm də 0,30 ha torpaq sahəsinin yerləşmə yerinin eyni ərazidə olduğu, 494C nömrəli 0.12 ha torpaq sahəsinin 2737BB nömrəli 0.18 ha bələdiyyə torpağı ilə birləşdirilərək 494C mülk nömrəsi ilə 0,30 ha ölçüdə Şəki rayonu Baş Zəyzid kənd sakini İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verildiyi və sonuncuların da həmin torpaq sahəsini xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiq olunmuş 4Ə-İ/77 reyestr nömrəli müqavilə əsasında satdığı müəyyən edildiyindən vətəndaşa xx.xx.2023-cü il tarixli 321-3-39/2-H-0002-8/2023 Ns-li imtina məktubu verilmişdir. 01 mart 2023-cü il tarixli 4Ə-İ/77 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş Şəki rayonu Baş Zəyzid kənd sakini İddiaçı və ailə üzvlərinin adına ləğv olunmuş DTXK-nin Şəki rayon şöbəsi və Şəki rayonlararası Yerquruluşu idarəsi tərəfindən 26 may 2006-cı il tarixdə tərtib edilmiş JN-494C nömrəli 40407018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxladığından, nə 0,12 hektar, nə də 0,30 hektar torpaq sahəsinə dair eyni nömrəli şəhadətnamələrdən hər hansı birinin ləğv edilməsi və ya düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi idarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Bundan başqa, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 4.1-ci maddəsində 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının öz hüquqi qüvvəsini saxladığı nəzərdə tutulduğundan 26 may 2006-cı il tarixli JN-494C nömrəli 40407018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə əvvəllər yaranmış hüquq öz hüquqi qüvvəsini saxlayır. Yuxanda qeyd olunanlara əsasən, Şəki rayonu Baş Zəyzid kənd sakini İddiaçı iddia etdiyi 0,12 ha həyətyanı torpaq sahəsi faktiki İddiaçı istifadəsində olmuş olsa belə mülkiyyət hüququna dair heç bir sənədi olmayan həmin torpaq sahəsinin daşınmaz qeydiyyata alınaraq çıxarışın verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X17 filialının xx.xx.2022-ci il tarixli 869 nömrəli arxiv çıxarışından görünür ki, Şəki rayonu Baş Zəyzid kənd “Şəfəq” kolxozunun xx.xx.1987-ci il 01 №-li idarə heyəti iclas protokolundan çıxarışa əsasən İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. - JN-494C kod 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Şəki RAİK-nın xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndindən İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə 0,30 ha torpaq sahəsi ayrılmışdır. - JN-494C kod 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Şəki RAİK-nın xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndindən İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə 0,12 ha torpaq sahəsi ayrılmışdır. - Şəki şəhəri 1 saylı dövlət kontorunda təsdiq edilmiş, xx.xx.2013-cü il tarixli reystrdə 4Ə-İ/77 nömrə ilə qeydə alınmış müqavilədən görünür ki, İddiaçı, X6, X8, X7 və X4 şəhər Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli 5147 nömrəli arayışı və dövlət aktına əsasən ona məxsus Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 0,30 ha torpaq sahəsini X1. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1763/2023 nömrəli məktubuna əlavə olunmuş, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 49 nömrəli protokolu ilə təsdiq edilmiş Şəki rayonunun Baş Zəyzid kəndi üzrə torpaq sahəsinə dair subyektlər siyahısından görünür ki, İddiaçı və ailə üzvlərinin (X11, X6, X7, X8) adlarının qarşısında “həyətyanı torpaq sahəsi”- 0,12 ha, “faktiki torpaq sahəsi”- 0,3048 ha, “ümumi torpaq sahəsi”- 0,3048 ha, “bələdiyyənin ehtiyat fondu”- 0,1848 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasının qarşısında- 0,1200 ha qeyd olunmuşdur. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X2 Şəki rayon Aqrar islahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi faktiki olaraq 2181 kv.m olub döngə nöqtələri, koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi Kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid, uqodiyası kolluq olmaqla, Orta Zəyzid bələdiyyəsinin mülkiyyətində olan və X2 istifadəsində olan ərazidir. Torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst- üstə düşmür. - xx.xx.2023-cü il tarixdə keçirilmiş tədqiqat obyektinə və elektron baza məlumatlarına yerli baxışın nəticələrinə dair protokoldan görünür ki, iddiaçı tərəfindən faktiki istifadə edilən və JN-494C nömrəli şəhadətnaməyə istinad olunmaqla iddia olunan torpaq sahəsi naturada 2181 kv.m olmaqla heç bir yaşayış sahəsi olmayan, bütövlükdə çöllük ərazidə yerləşən torpaq sahəsinin tərkib hissəsidir və kənarları kollarla çəpərlənmişdir. Torpaq sahəsi boş ərazidir. Həmin torpaq sahəsinin heç bir tərəfində yaşayış sahəsinin olması müəyyən edilmir. İddiaçı, iddia etdiyi torpaq sahəsinin məhz həmin torpaq sahəsi olmasını uzun illər həmin torpaq sahəsində yonca əkməsi ilə əsaslandırır. Torpaq islahatı aparıldıqdan sonra sözügedən ərazinin iddiaçı tərəfindən istifadəsini sübut edən hər hansı sübut (fərdi yaşayış evi, kəndli təsərrüfatı və s.) mövcud deyil. Elektron baza məlumatlarına baxış keçirilərkən müəyyən edildi ki, JN-494C KOD 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” 2 (iki) şəhadətnamə mövcud olsa da, həm 0,12 ha, həm də 0,30 ha torpaq sahəsinin yerləşmə yeri eyni ərazidir. 494C nömrəli 0,12 ha torpaq sahəsi 2737BB nömrəli 0,18 ha bələdiyyə torpağı ilə birləşdirilərək 494C mülk nömrəsi ilə 0,30 ha ölçüdə Şəki rayonu Baş Zəyzid kənd sakini İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Elektron baza məlumatları qonşu torpaq sahələri ilə müqayisəli yoxlanıldı. Müəyyən edilir ki, X3 və ailə üzvlərinə verilmiş 0,24 ha torpaq sahəsinə dair JN-464E nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin cizgisində qonşu torpaq sahəsi olaraq JN-494C nömrəli Şəhadətnamə 0,30 ha ölçüyə uyğun qeyd edilmişdir. Həm 0,12 ha torpaq sahəsinə dair JN-494C nömrəli Şəhadətnamənin, həm də JN-464E nömrəli Şəhadətnamənin elektron baza məlumatlarında 2739BB olaraq qeyd edilmiş qonşu torpaq sahəsinin olması müəyyən edilir. İddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi Zəyzid çayının kənarında yerləşən, bütövlükdə kənd təsərrüfatı təyinatlı, “kollu örüş” olaraq qeyd edilən torpaq sahəsinin daxilində, su fondu torpaqları ilə sərhəddə yerləşir. Ərazinin ortofotosuna baxılarkən ətrafında heç bir yaşayış sahəsinin olmaması aşkar görünür. Bununla belə iddia olunan ərazi “yaşayış məntəqələri torpaqları”, “tikinti altında olan torpaqlar” kimi yeni elektron uçot məlumatlarına daxil edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadələrində olan 0,12 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin Şəki rayon Aqrar islahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarı ilə ayrılmış, JN-494C KOD 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi olduğunu bildirir. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı və ailə üzvlərinin adına eyni nömrəli (JN-494C) iki Şəhadətnamə tərtib edilsə də, faktiki olaraq 0,12 ha torpaq sahəsi sonradan 0,18 ha torpaq sahəsi ilə tamamlanaraq 0,30 ha torpaq sahəsinə münasibətdə JN-494C KOD 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Yəni, 0,12 ha və 0,30 ha torpaq sahələrini özündə əks etdirən JN-494C nömrəli Şəhadətnamələr müxtəlif ərazilərdə yerləşən torpaq sahələrini yox, eyni ərazidə yerləşən torpaq sahələrini ehtiva edir. Belə ki, iddiaçıya Şəki rayonu Baş Zəyzid kənd “Şəfəq” kolxozunun xx.xx.1987-ci il 01 №-li idarə heyəti iclas protokolundan çıxarışa əsasən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 49 nömrəli protokolu ilə təsdiq edilmiş Şəki rayonunun Baş Zəyzid kəndi üzrə torpaq sahəsinə dair subyektlər siyahısında da, iddiaçıya ailə üzvləri ilə birlikdə verilməsi nəzərdə tutulan həyətyanı torpaq sahəsinin ölçüsü 0,12 ha, faktiki (ümumi) torpaq sahəsinin ölçüsü isə 0,3048 ha, qeyd edilmişdir. Yəni, 0,12 ha və 0,30 ha torpaq sahələri iddiaçının ayrıayrılıqda istifadəsində olmamışdır. İddiaçıya məxsus 0,12 ha torpaq sahəsindən əlavə, faktiki istifadəsində olan 0,1848 ha torpaq sahəsi “bələdiyyənin ehtiyat fondu” olaraq qeyd edilmişdir ki, işdə olan, iddiaçının istinad etdiyi 0,12 ha torpaq sahəsinə dair JN-494C nömrəli Şəhadətnamədə də, qonşu torpaq sahəsi olaraq 2737BB nömrəli bələdiyyəyə məxsus ərazi göstərilmişdir. Eyni nömrə ilə tərtib edilmiş JN-494C nömrəli Şəhadətnamədə bələdiyyənin ehtiyat fondu olaraq qeyd edilmiş 0,1848 ha torpaq sahəsi 0,12 ha torpaq sahəsinə birləşdirilməklə ümumi torpaq sahəsinin ölçüsü 0,30 ha qeyd edilmişdir. Şəhadətnamənin qaiməsində göstərilən 3047.5 kv.m ölçü də, məhz həmin torpaq sahələrinin cəmini ifadə edir (0,1848+0,12=0,3048). Qonşu torpaq sahəsinə aid X3 və ailə üzvlərinə verilmiş 0.24 ha torpaq sahəsinə dair JN-464E nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin cizgisində qonşu ərazi olaraq JN-494C nömrəli Şəhadətnamə 0,30 ha ölçüyə uyğun qeyd edilmişdir. Həm 0,12 ha torpaq sahəsinə dair JN-494C nömrəli Şəhadətnamənin, həm də JN-464E nömrəli Şəhadətnamənin elektron bazadakı cizgisində növbəti torpaq sahəsi 2739BB qeyd edilmişdir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinə və elektron baza məlumatların yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi Zəyzid çayının kənarında yerləşməklə, bütövlükdə kənd təsərrüfatı təyinatlı, “kollu örüş” olaraq qeyd edilən torpaq sahəsinin daxilində, su fondu torpaqları ilə sərhəddə yerləşir. Ətrafında heç bir yaşayış sahəsi yoxdur, torpaq sahəsinin kənarları kollarla çəpərlənmişdir. İddiaçı, iddia etdiyi torpaq sahəsinin məhz həmin torpaq sahəsi olmasını uzun illər həmin torpaq sahəsində yonca əkməsi ilə əsaslandırır. Torpaq islahatı aparıldıqdan sonra sözügedən ərazinin iddiaçı tərəfindən istifadəsini sübut edən hər hansı sübut (fərdi yaşayış evi, kəndli təsərrüfatı və s.) mövcud deyil. Hətta iddiaçının istinad etdiyi 0.12 ha torpaq sahəsinə dair JN-494C nömrəli Şəhadətnamənin fərqli torpaq sahəsinə aid olması ehtimal olunsa belə, sözügedən torpaq sahəsinin məhz iddia olunan torpaq sahəsi olmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil. Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və su fondu torpaqları ilə əhatə olunmuş, ətrafında heç bir yaşayış sahəsi olmayan torpaq sahəsinin yeni elektron uçot məlumatlarına “yaşayış məntəqələri torpaqları”, “tikinti altında olan torpaqlar” kimi daxil edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, ərazidə hər hansı tikinti yoxdur. Oxşar işlər üzrə baxılmış məhkəmə mübahisələrindən bəllidir ki, yeni elektron uçot məlumatlarına məlumatlar daxil edilərkən bir çox hallarda hüquqmüəyyənedici və texniki sənədlərə istinad olunmadan, faktiki istifadəçilərin subyektiv fikirlərinə, ərazinin çəpərlənməsinə (hasarlanmasına) istinad etməklə torpaq sahəsinin kadastr məlumatları düzgün olmayaraq bazaya daxil edilmişdir. Hazırkı işdə də, bütövlükdə kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı torpaq sahəsinin daxilində, su fondu torpaqları ilə sərhəddə yerləşən və iddiaçının şifahi mülahizələrindən başqa hər hansı sübutla təsdiqlənməyən sözügedən torpaq sahəsinin yeni elektron uçot məlumatlarına “yaşayış məntəqələri torpaqları” olaraq daxil edilməsi vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Yəni, iddiaçı sözügedən ərazidə istənilən torpaq sahəsinin kənarlarını bağlayaraq özünə məxsusluğunu iddia edə bilər. Lakin, həmin torpaq sahəsinin həqiqətən iddiaçıya ayrılması işin yuxarıda qeyd edilmiş halları ilə təkzib olunur. Bundan başqa nəzərə alınmalıdır ki, işin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi iddia olunan torpaq sahəsində iddaçıya məxsus fərdi yaşayış evi, kəndli təsərrüfatı və s. mövcud olmadığından, həmçinin sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və su fondu torpaqları ilə əhatə olunmuş ərazi olduğundan “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin tələbləri baxımından da, ümumiyyətlə həyətyanı məqsədilə ayrılması mümkün ola bilməzdi. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-494C nömrəli Şəhadətnamə iddia olunan torpaq sahəsinə aid olmadığından və sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.