Məhkəmə qərarları › İş №2-1(116)-1501/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1501/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1501/2024 17.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Şəki Rayon İcra Hakimiyyətinə qarşı “X7 adına verilmiş 25 dekabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsinin verilməsinə əsas olan Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 12 saylı Şəki Ərazi İdarəsi və Şəki Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X7 adına verilmiş 25 dekabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsinin verilməsinə əsas olan Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamının ləğv edilməsi və həmin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1331/2023 nömrəli qərardadı ilə X15 hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1331/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçının vəkili Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)- 1331/2023 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-373/2023 nömrəli qərardadı ilə qərardad dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilməmişdir. İddiaçının nümayəndəsi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(107)-373/2023 nömrəli qərardadından kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-2046/2023 nömrəli qərarı ilə qərardad tam ləğv edilərək apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(107)-81/2024 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1331/2023 nömrəli qərardadı tam ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1501/2024 nömrəli qərardadı ilə iş üzrə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X7 adına verilmiş 25 dekabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi” baradə iddia tələbi ayrıca icraata ayrılmışdır. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 000686 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnaməyə əsasən X1 şəhəri, Şərbablar küçəsi 8 ünvanında yerləşən ümumi sahəsi 792.6 kv.m olan 1 saylı hamamı 3322.2 (üç min üç yüz iyirmi iki manat iyirmi qəpik) manata satın almışdır. Həmin əmlak X2 adına rəsmiləşdirilmiş, qeyd olunan məbləğdə pul vəsaiti dövlət büdcəsinə köçürülmüşdür. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1640 saylı Daşınmaz Əmlakın Dövlət Kadastiri və Reyestri publiki hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış məktubunda göründüyü kimi, X2 vərəsəsi X9 ərizəsi əssında mərhum anasından qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə 22 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət olunaraq, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binanasına dair hüquqların daşınmaz əmlakın dövlət reystrində qeydə alınması xahiş edilmiş, lakin müraciəti təmin edilməmişdir. İmtina əsası olaraq qeydiyyata alınmalı qeyri-yaşayış binasının 10.1 kv.m hissəsinə dair mülkiyyətçinin adına Şəki Rayonlar arası X11 idarəsi və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 01 dekabr 2001 -ci il tarixli, 453 inventar nömrəli texniki pasport və 25 dekabr 2001-ci il tarixli, 203 sayılı qeydiyyat vəsiqəsi verilməsi göstərilmişdir. Belə olduğu təqdirdə tərəflərindən İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuş mübahisə üzrə məhkəmə araşdırması aparılarkən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan 10.1 kv metr sahədə yerləşən hissəyə münasibətdə X3 adına qeydiyyat vəsiqəsi verilmişdir. Belə olduğu təqdirdə, yəni sözügedən qeydiyyat vəsiqəsi mübahisələndirilmədiyindən hazırda məhkəmənin icratında olan 2-1(116)-2197/22 sayılı inzibati iş üzrə yekun qərara gəlinməsi mümkün deyildir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Vəkilin sorğusu əsasında 25 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədin Şəki şəhəri İcra həkimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1/146 sayılı Sərəncamı olması müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası X24 filialına verilmiş vəkil sorğusu əsasında İcra həkimiyyəti Başçısının sözügedən sərəncam və sərəncamın verilməsinə əsas olan sənəd əldə edilmişdir. Müəyyən olunmuşdur ki, iş üzrə üçüncü şəxs X4 ərizəsindən başqa hər hansı sənəd olmamış, sərəncam ancaq ərizə əsasında verilmişdir. Hansı kı, həmin vaxt üçün qeyri yaşayış binasının rəsmiləşdiriməsi üçün, torpaq sahəsini ayrılmasına dair akt, obyektin tikintisi üçün razılıq, memarın rəyi və s. kimi sənədlərin ərizə ilə birlikdə təqdim olunması tələb edilirdi. Mübahisə predmeti olan tikili Şəki şəhər X12 balansında olmuş, əvvələr bərbərxana kimi istifadə edilmişdir. Yəni hamamdan sonra adamlar həmin yerdə bərbərxana xidmətindən istifadə etmişlər. Tikili 40 ildən artıq əvvəl, 80-ci illərdə tikilmişdir. Göründüyü kimi Sərəncam tam olaraq əsasız verilmiş, üçünçü şəxsin ərizəsində göstərilənlər qeyd edilməklə rəsmiləşdirilməsi qərara alınmışdır. Qeyri yaşayış binasının nəinki ünvanı göstərilməmiş, həmin Sərəncamda hamam binasının arxasında yerləşməsi qeyd olunmuşdur. Qeydiyyat vəsiqəsi əsasında texniki pasport işlənilərkən, həmin binanın yerləşmə yeri göstərilərkən hamam binasına bitişik olması təkzib edilmiş, ayrıca bina kimi göstərilmişdir. Beləliklə, hec bir hüquqi əsası olmadan hazırda şəhadətnamə əsasında mülkiyyətlərinə verilməli olan binanın bir hissəsi olan həmin hissə qeyri-qanuni özgəninkiləşdirilmiş, nəticədə hüquqları ciddi şəkildə pozulmuşdur. Məhz buna görə o, özəlləşdirdiyi hamam və s.-dən ibarət olan əmlakını qeydiyyata aldıra bilməmişdir. Hansı ki, bütün bunlardan cavabdeh 12 saylı ərazi idarəsi xəbərdardır. Yaranmış vəziyyətdə üçüncü şəxs İkram Abdurrahmanovun həmin tikili ilə heç bir əlaqəsi olmamış, ərizədə özü tikdiyini göstərsə də, bunu təstiq edən hər hansı sübutlarının olmadığı halda, sərəncam tam olaraq əsassız verilmişdir və məhkəmə tərəfindən ləğv edilməlidir. Eyni zamanda mübahisələndirilən Qeydiyat vəsiqəsinin verilməsinə əsas olan Sərəncam ləğv edildiyindən Qeydiyyat vəsiqəsinin etibarsız olunmasını tələb etməkdə hesab edirlər ki, haqlıdırlar. Göstərilənlərə nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə münasibətində qeyd etmişdir ki, mübahisələndirilən sərəncama dair sənədlər X24 Filialına təhvil verilmişdir. Həmin dövrün qanunvericiliyinə əsasən sahəsi 30 kv.m, hündürlüyü 5 metrə qədər və bir mərtəbədən artıq olmayan qeyriyaşayış obyektlərinin tikintisi üçün memarlıq layihəsi tələb olunmurdu və tikintilərin rəsmiləşdirilməsinə icazəni yerli icra hakimiyyəti orqanları verirdi. Sözügedən inzibati akt maraqlı şəxsə hüquq verən və onun hüququnu təsdiq edən əlverişli inzibati akt hesab edilir. Odur ki, mübahisələndirilən sərəncamın qanuni əlverişli inzibati akt hesab edilməsini və həmin inzibati aktın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsində göstərilən əsasların olmaması nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, 3-cü şəxsin hamam binası üzərində hüquqları xx.xx.2001-ci ildə qeydiyyata alınmışdır. İddiaçının hamam binası üzərində hüquqları isə 2006-cı ildə qeydiyyata alınmışdır. Həmin ildə iddiaçıya texniki pasport verilmişdir. Mübahisə həmin texniki pasportdan sonra yaranmışdır. Ali Məhkəmənin göstərişini düzgün araşdırmaq məqsədilə hamam binasına 2006-cı ildən əvvəl, təxminən 60-70-ci illərdə işlənmiş texniki pasportun əldə edilməsi zərurəti vardır. Çünki üçüncü şəxsin adına olan 10 kv.m olan qeyri-yaşayış binası tikilməmişdən əvvəl hamam binasının texniki pasportu mövcud olmuşdur. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2006-cı il tarixdə 000686 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamə, Əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən qeyri-yaşayış binasının 000072 nömrəli texniki pasportu, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Şəki rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2046/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli Sərəncam iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda isə, hazırkı iddia müddətlə bağlı mümkünlük şərtlərini ödəyir. İddia mahiyyət etibarilə də əsaslıdır. İddia ərizəsindən məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı X6 ərizəsi əsasında verilmiş Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamının ləğv edilməsindən ibarətdir. İddiaçı, mübahisələndirdiyi sərəncamın xx.xx.2006-cı il tarixli, 000686 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamədə göstərilən tikilinin bir hissəsinə verilməsi bildirir və qeyd edir ki, həmin tikili üzərində əmlak hüquqları özünə məxsus olduğundan mübahisələndirdiyi sərəncam onun əmlak hüquqlarını pozmuşdur. Mübahisələndirilən Sərəncamın tənzimlədiyi məsələ Bağbanlar küçəsində, hamam binasının arxasında X13 tərəfindən tikildiyi və uzun müddət istifadə edildiyi qeyd olunan “maqnitofonların təmir sexi”nin İkram Abdurahmanovun adına rəsmiləşdirilməsindən ibarətdir. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2046/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisə predmeti olan sərəncamla üçüncü şəxsin mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin 10.1 kv.m hissəsinin faktiki olaraq iddiaçıya miras qalmış 1 saylı hamam binasının tərkibində yerləşib-yerləşməməsi iddianın mümkünlük şərtlərinin araşdırılması baxımından müəyyən edilməlidir. İş materiallarından görünür ki, X1 şəhəri, Şərbablar küçəsi 8 ünvanında yerləşən ümumi sahəsi 792.6 m2 olan 1 saylı hamamı qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış və xx.xx.2006-cı il tarixdə 000686 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamə tərtib edilmişdir. Əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən qeyri-yaşayış binasının 000072 nömrəli texniki pasportu tərtib edilmiş, tikildiyi il – 1935, 1961 və 1970-ci illər, tikinti altı sahə - 984,4 kv.m, ümumi sahə 792,6 kv.m (394,2 kv.m əsas, 398,4 kv.m köməkçi sahə) göstərilmişdir. İş materiallarında olan, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyri-yaşayış binası 000072 nömrəli texniki pasportda göstərildiyi kimi 3 əsas tikilidən ibarətdir. Bu tikililər həmin pasportda A-hamam binası, Bcamaşırxana, C-nasosxana binalarından ibarətdir. A tikilisi istismara yarasız vəziyyətdədir, belə ki, qapı və pəncərələri demək olar ki, sökülmüş və yararsız vəziyyətdədir. Döşəməsi dağılmış, tavanı qəzalı vəziyyətdə, dam örtüyü tamamilə yararsız vəziyyətdədir. Ölçü işlərinin nəticəsinə görə binanın hal-hazırkı daxili ümumi sahəsi 608,9 kv.m-dir. B-tikilisi 000072 nömrəli texniki pasportda göstərilmiş sahəsi 10,1 kv.m olan 3 №-li və sahəsi 6 kv.m olan 4 №-li otaq istisna olmaqla qalan hissə yarasız vəziyyətdədir. Binanın hal-hazırda daxili ümumi sahəsi 164,9 kv.m-dir. C-tikilinin dam örtüyü demək olar ki, tamamilə dağılmış, döşəməsi dağılmış, qapı və pəncərəsi yoxdur. Qəzalı vəziyyətdədir. Divar daxili ümumi sahəsi 15,4 kv.m-dir. Nəticə etibarilə xx.xx.2006-cı ildə tərtib olunmuş 000072 nömrəli texniki pasportda ümumi sahəsi 792,6 kv.m kimi göstərilmiş 3 əsas tikilinin hal-hazırda ümumi sahəsi aparılan ölçü işlərinin nəticəsinə görə 10 kv.m sahə kimi göstərilmiş otaq da, daxil olmaqla 789,2 kv.m-dir. 10 kv.m sahə 000072 nömrəli texniki pasportda göstərilmiş B literi ilə işarələnmiş tikilinin 3 №-li 10,1 kv.m sahəsi olan otağıdır. Bu otaq obyektin qərb tərəfində yerləşir. Girişi Bağbanlar küçəsi tərəfdəndir. Beləliklə, istinad olunan Şəhadətnamədə göstərilən ümumi sahəsi 792.6 m2 olan 1 saylı hamam binasının əvvəllər Dövlət əmlakı olması və mübahisələndirilən sərəncamla üçüncü şəxsin adına rəsmiləşdirilməsi nəzərdə tutulan tikilinin - 000072 nömrəli texniki pasportda göstərilən tikilinin tərkib hissəsi olması müəyyən edilir. Mübahisələndirilən sərəncamda göstərilən qeyri-yaşayış binasının (maqnitofonların təmir sexi) X13 tərəfindən tikildiyi qeyd olunur. Lakin texniki pasportda göstərildiyi kimi, bu tikililər 1935, 1961 və 1970-ci illərdə inşa edilmişdir. Belə olan halda, sərəncamda göstərilən tikinti faktının (ən azı üzərindən 28 il keçdikdən sonra) hansı əsaslarla müəyyən edildiyi aydın deyil. X14 ərizəsi əsasında verilməklə ümumiyyətlə əsaslandırılmamışdır. X13 tikintiyə dair hər hansı hüquqi sənədlərlə müraciət etmədiyi halda tikilinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, həmin dövrün qanunvericiliyinə əsasən sahəsi 30 kv.m, hündürlüyü 5 metrə qədər və bir mərtəbədən artıq olmayan qeyri-yaşayış obyektlərinin tikintisi üçün memarlıq layihəsi tələb olunmurdu və tikintilərin rəsmiləşdirilməsinə icazəni yerli icra hakimiyyəti orqanları verirdi. Sözügedən inzibati akt maraqlı şəxsə hüquq verən və onun hüququnu təsdiq edən qanuni əlverişli inzibati aktdır və həmin inzibati aktın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsində göstərilən əsaslar yoxdur. Məhkəmə, mübahisələndirilən Sərəncamın məzmununa hüquqi qiymət verərəkən qeyd edir ki, icra hakimiyyəti öz səlahiyyətləri çərçivəsində tikinti üçün torpaq sahəsinin ayrılmasını, tikintiyə icazə verilməsini və tikintisi başa çatmış qeyri-yaşayış binasının istismara qəbul edilməsi məsələlərini həll edə bilərdi. Məhz bu qaydada həyata keçirilən icraat çərçivəsində toplanmış sənədlər müvafiq tikili üzərində əmlak hüquqlarının dövlət qeydiyyatına əsas qismində çıxış edəcək və müvafiq rəsmiləşdirməni səlahiyyətli qeydiyyat orqanı aparacaqdı. Hazırkı halda isə mübahisələndirilən Sərəncamda qeyd edilən “rəsmiləşdirilsin” ifadəsinin hansı mənanı ehtiva etməsi aydın deyil. Belə ki, həmin ifadə mütxəlif mənalarda - tikilinin mülkiyyət hüququnun X10 verilməsi, onun həmin tikili üzərində istifadəyə dair hüquqlarının tanınması, tikilinin qanuni statusunun təsdiq edilməsi, yəni mülkiyyət və ya istifadə hüququ ilə dövlət reyestrində qeydiyyatının təmin edilməsi və s. məzmunlarda təfsir edilə bilər. Bu isə hüquqi qeyri-müəyyənlik yaratmaqla sözügedən Sərəncamın hansı məsələni həll etməsini aydınlaşdırmağa imkan vermir. Mübahisəli Sərəncamın verilməsində ehtimal olunan məqsəd - tikilinin X10 aid olduğunu təsdiqləmək və ya bu hüququn leqallaşdırılması, obyektin ərazidə uzunmüddətli istifadə əsasında həmin şəxsə məxsusluğunu hüquqi cəhətdən təsbit edilməsi və tikili üzərində əmlak hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün hüquqi əsas yaratmaq olmuşdur. Bu isə yalnız mövcud tikilinin qanuni inşası və ya istifadə hüququna dair sənədlər mövcud olduğu halda mümkün ola bilərdi. Lakin, hazırkı iş üzrə tikiliyə dair hər hansı sənəd təqdim edilməmişdir. Cavabdeh orqan ərizəni qəbul edib rəsmiləşdirmə ilə bağlı sərəncam verərkən həmin tikilinin ərizəçi tərəfindən qanuni əsaslarla inşa edilib-edilmədiyini, ona aid olub-olmadığını yoxlamamış, tikilinin hüquqi statusuna dair heç bir araşdırma aparmamışdır. Mübahisələndirilən sərəncamın İİHQ-nun 68-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, işin yuxarıda sadalanan halları ilə mübahisələndirilən Sərəncamın üçüncü şəxsə münasibətdə İİHQ-nun 67-ci maddəsi anlamında qanunsuz əlverişli inzibati akt olması sübut olunur. Digər tərəfdən istinad olunan “Qanun” İnzibati Prossesual Məcəllə ilə eyni gündə (xx.xx.2011) qüvvəyə mindiyindən həmin Qanunun normaları mübahisələndirilən sərəncama münasibətdə tətbiq edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunda və İnzibati Prosesual Məcəllədə keçid müddəaları nəzərdə tutulmamışdır. Odur ki, sözügedən normativ hüquqi aktlar retroaktiv tətbiq edilmir və yalnız onların qüvvəyə mindiyi tarixdən sonra həyata keçirilmiş inzibati icraatlarda tətbiq oluna bilər. Mübahisələndirilən Sərəncamın qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamə təsdiq edilmişdir. Sözügedən əsasnamədə qanunsuz tikililərin rəsmiləşdirilməsi ilə bağlı rayon icra hakimiyyətinə səlahiyyət verilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi sərəncam qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “Hamam binası üzərində üçüncü şəxsin hüquqlarının 2001-ci ildə, iddiaçının hüquqlarının isə 2006-cı ildə qeydiyyata alınması və ilkin texniki pasportun əldə edilməsi zərurəti ilə bağlı” üçüncü şəxsin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2006-cı il tarixli, 000072 №-li texniki pasportdan başqa hər hansı sənəd müvafiq qeydiyyat orqanı tərəfindən təqdim edilməmişdir. Digər tərəfdən üçüncü şəxs həmin tikilinin özü tərəfindən tikilməsini və özünə məxsusluğunu bildirirsə, həmin tikiliyə aid sənədləri təqdim etmək öhdəliyini həm də, özü daşıyır. Üçüncü şəxs əldə edilməsini tələb etdiyi sənədin mövcudluğuna dair hər hansı ilkin sübut təqdim edə bilməmişdir. İş materialları ilə mübahisəli tikilinin Dövlət əmlakının tərkib hissəsi olması sübuta yetirilir. Üçüncü şəxs isə şifahi mülahizələrdən başqa sözügedən tikiliyə aidliyinə dair hər hansı sübut təqdim edə bilmir. Mübahisəli tikili üzərində üçüncü şəxsin hüquqlarının 2001-ci ildə qeydiyyata alınması ona hər hansı üstünlük yaratmır. Yuxarıda qeyd edildiyi kimi, qeydiyyatın aparılmasının hüquqi əsası olan Sərəncamın özünün hansı ilkin sənədlər əsasında verilməsi və nəyə görə tikilinin üçüncü şəxsə məxsus olması qənaətinə gəlinməsi qeyri-müəyyəndir. X5 münasibətdə isə əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hər hansı qeyri-müəyyənlik yoxdur. Belə ki, Sədaqət Fərəcullayevanın ümumi sahəsi 792.6 kv.m olan 1 saylı hamamı 3322.2 (üç min üç yüz iyirmi iki manat iyirmi qəpik) manata satın alması iş materialları ilə sübuta yetirilir. Odur ki, məhkəmə üçüncü şəxsin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. qərara aldı: İddia təmin edilir. Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar