Məhkəmə qərarları › İş №2-1(116)-1502/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1502/2023

24.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1502/2023 24.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ““müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, orta məktəbi bitirdikdən sonra keçmiş Yevlax rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış və 1988-ci ilin noyabr ayından 1990-ci ilin oktyabr ayı da daxil olmaqla keçmiş Sovetlər İttifaqı dövründə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıtmışdır. Bundan sonra 1992-ci ildə müharibənin qızğın dövründə Səfərbərliklə əlaqədar keçmiş Yevlax Rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, uğurunda Birinci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşmək üçün hərbi xidmətə çağırılmışdır. Hərbi Komissarlıqdan xidmət etmək üçün həmin dövrdə fəaliyyət göstərən N saylı Yevlax özünümüdafiə batalyonuna göndərilmiş, həmin hərbi hissədə 1992-ci ilin mart ayından 1993-cü ilin yanvar ayının 31-də daxil olmaqla hərbi xidmətdə olmuşdur. Həmin hərbi hissədə xidmət etdiyi müddətdə iddiaçı bütün təminatlarla təmin olunmuş, o cümlədən xidmətilə əlaqədar maaş da almışdır. N saylı hərbi hissə Yevlax özünümüdafiə batalyonunu əvvəlcə Müdafiə Nazirliyinin tabeliyində olmaqla fəaliyyət göstərmiş, sonra isə Müdafiə Nazirliyinin qərarına əsasən 703 saylı briqadanın tabeliyində olmaqla fəaliyyət göstərmişdir. Batolyona verilən döyüş tapşırıqlarını batalyonun şəxsi heyət üzvüləri tərəfindən layiqincə yerinə yetirilmişdir. Aparılan döyüşlər ərəfəsində batalyonun şəxsi heyət üzvülərindən şəhid olanlar olmuşdur. Batalyon 1992-ci il fevral ayından may ayına kimi Şuşa şəhərinin və onun kəndlərinin müdafiəsində, 1992-ci ilin iyun ayından Tərtər rayonunun Əksipara, Qapanlı kəndlərinin müdafiəsində, 1992-ci ilin iyul ayından 1993-cü ilin yanvar ayıda daxil olmaqla Ağdərə rayonunun və kəndlərinin erməni işğalçılarından azad edilməsi uğurunda aparılan döyüşlərdə və müdafiəsində fəal iştirak etmişdir. Batalyonun apardığı bütün döyüşlərdə iddiaçı da fəal iştirak etmişdir. İddiaçının bu döyüşlərdə iştirakını başda komandir batalyon olmaqla sağ qalan bütün şəxsi heyət üzvüləri təsdiq edə bilərlər. İddiaçı həmin hərbi hissədə xidməti barədə hərbi biletində qeydləri də vardır. Bütün bunlara baxmayaraq, iddiaçı indiyə qədər neçə illərdir çalışsada, müraciətlər etsə də müharibədə iştirakıla əlaqədar əlinə əsaslandırıcı sənəd olan veteranlıq vəsiqəsini ala bilməmişdir. Səbəblərdən biri də əlində olan sənədlərdən əlavə xidmətilə əlaqədar arxiv arayışının olmaması olmuşdur. Bununla əlaqədar, xidmətilə əlaqədar iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ona xidmətilə əlaqədar arxiv arayışının verilməsi üçün və həmin arxiv arayışını Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyi “veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya təqdim etmək üçün müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyi Mərkəzi arxiv idarəsindən ona ünvanlanan xx.xx.2018-ci il tarixli 9/2-1180 nömrəli arayışında qeyd olunmuşdur ki, onun xidməti tam təsdiqlənməmişdir. İddiaçı həmin Arxiv arayışının əslini və əlində olan sənədləri veteranlıq vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyi və Aparatı nəzdində “veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya göndərmişdir. xx.xx.2022-ci il tarixli 4/3- 5361№-li məktubun cavabında qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın keçirdiyi iclasında göndərilən sənədlərə baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, Mərkəzi Arxivin xx.xx.2018-ci il tarixli 9/2-1180 nömrəli arayışına əsasən İddiaçı xidməti tam təsdiqlənmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğuun deyildir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-697 nömrəli iddiaçıya ünvanlanan məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyi Mərkəzi Arxivinə daxil olmadığı üçün iddiaçının xidməti barədə araşdırma aparılmamışdır. N nömrəli hərbi hissə komandirinin aprel 1992-fevral 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2023cü il tarixli məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. İddia ərizəsində iddiaçı özü də hərbi xidmətdən 1993-cü ildə qayıtdığını bildirir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar