Məhkəmə qərarları › İş №2-1(116)-151/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-151/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-151/2021 24.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı 09.03.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci il tarixədək X13 İdarəsində, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998-ci il tarixədək Yevlax 16 X17, 15 iyul 1998-ci il tarixdən 29 noyabr 1999-cu il tarixədək 36 saylı X13 Sahəsində, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 saylı X7 İdarəsi Yevlax 2 saylı X5 işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 23.07.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1955-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuşdur. İddiaçı 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci il tarixədək X13 İdarəsində, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998-ci il tarixədək Yevlax 16 X17, 15 iyul 1998-ci il tarixdən 29 noyabr 1999-cu il tarixədək 36 saylı X13 Sahəsində, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 saylı X7 İdarəsi Yevlax 2 saylı X5 işləmişdir. Bütün bunlar iddiaçının əmək kitabçasında əks olunmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək, yuxarıda qeyd olunan iş illərinin onun sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 02.06.2020-ci il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının 28 sentyabr 1982ci ildən 13 avqust 1997-ci il tarixədək X13 dairəsi, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998-ci il tarixədək Yevlax 16 Saylı Yol sahəsi, 15 iyul 1998-ci ildən 29 noyabr 1999-cu il tarixədək 36 Saylı X13 sahəsi, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 Saylı X7 İdarəsi Yevlax 2 X19 Müəsisəsinin hazırda sənət materialları Dövlət Arxivində saxlanmadığına, həmin Müəssisələrin uzun müddətli fəaliyyəti olmadığına, müəssisələrin hazırda hüquqi ünvanları məlum olmadığından işlədiyi illərin əmək haqqı arayışını və digər sənədlərini iddiaçı əldə edə bilmədiyinə görə həmin illərin sosial sığorta stajına qəbul edilməsi mümkün olmamışdır. Məhkəmənin 30.03.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir. İddiaçı 30.03.2021-ci il tarixli ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış və “hüququnun yarandığı 09.03.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 17.11.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyətinin olub-olmaması, əmək fəaliyyəti olduğu halda işə qəbul, işdən azad edilmə əmrlərini, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəlləri haqqında digər məlumatların verilməsinə dair Azərbaycan Respublikası X8 filialına sorğu verilmiş və cavab olaraq bildirilmişdir ki, həmin müəssisələrin əmrlər kitabı və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün X11 təhvil verilmədiyindən İddiaçı həmin müəssisələrdəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" 25 dekabr 1991-ci il Qərarına əsasən Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. Lakin, iddiaçının təqdim etdiyi əmək kitabçasında 1984-1997-ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq, möhür latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmişdir. Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlirik ki, 1984-1997-ci illərdə fəaliyyət göstərən müəssisələrdə latin qrafikalı möhürlərin istifadəsi mümkünsüz idi. Göstərilənlərə əsasən, iddiaçının X13 İdarəsində, Yevlax 16 X17, 36 Saylı X13 sahəsində, Azərbaycan Dövlət Şirkəti 3 Saylı X7 İdarəsi Yevlax 2 Saylı X5 işlədiyini iddia etdiyi dövrlərə dair əmr kitabları və əmək haqqı sənədləri Azərbaycan Respublikası X8 filialına təhvil verilmədiyinə görə, 1982-2000-ci illərin onun sosial sığorta stajına daxil edilməsi qanunsuz və əsassızdır. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1955-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. İş materiallarında olan X8 filialının iddiaçıya ünvanladığı 11.03.2020-ci il tarixli, 79 nömrəli arxiv arayışında qeyd edilir ki, Azəravtoyol Dövlət Şirkətinin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün X11 təhvil verilmədiyindən iddiaçının həmin müəssisədəki iş stajının müəyyənləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan DSMF publik hüquqi şəxsin Yevlax rayon filialının məhkəməyə ünvanladığı 01.10.2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı əmək pensiyası təyin edilməmişdir. İddiaçının tələbində qeyd etdiyi illər üzrə sosial sığorta stajı qəbul edilərsə, onun 09.03.2020-ci il tarixdən əmək pensiyası almaq hüququ yaranır. İddiaçının hərbi xidmətlə birlikdə cəmi 26 il 8 ay 3 gün sosial sığorta stajı toplanır. İddiaçının mübahisəli iş stajı 18 il 3 ay 1 gündür. Əlavə olaraq bildirilir ki, İddiaçı X4 EPENSİON vasitəsi ilə 09.03.2020-ci il tarixdən yaşa görə sosial müavinət avtomatlaşdırılmış qaydada təyin edilmişdir. İş materiallarında olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 19.04.2021-ci il tarixli, **********03600 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən vergi orqanında adları qeyd olunan “Azəravtoyol Dövlət Şirkəti, 3 saylı X7 İdarəsi, Yevlax 2 saylı X15”, “X13 İdarəsi”, “Yevlax 16 saylı Yol Sahəsi”, “36 saylı X13 Sahəsi” müəssisələrinin vergi ödəyicisi kimi uçotda olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan DSMF publik hüquqi şəxsin 17 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 20.04.2021-ci il tarixli **********4 nömrəli məktubda qeyd edilir ki, İddiaçı işləmiş olduğu X18 İdarəsinin (yuxarıda qeyd olunan yol idarələrin adları və nömrələri müxtəlif olmasına baxmayaraq eyni müəssisə olmuşdur) sənədləri, əmr kitabları, əmək haqqı cədvəlləri saxlanılmadığından sorğuda qeyd olunan məlumatların təqdim edilməsi mümkün olmamamışdır. İş materiallarında olan X8 filialının 15.04.2021-ci il tarixli 146/10 nömrəli arxiv arayışında qeyd edilir ki, X18 İdarəsinin əmr kitablarıvə əmək haqqı sənədləri mühafizə olunmaq üçün X11 təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan “xxxx” İnstitutu MMC-nin məhkəməyə ünvanladığı 27.04.2021-ci il tarixli, 86 nömrəli məktubda qeyd edilir ki, X13 İdarəsi, Yevlax 16 saylı Yol Sahəsi, 36 saylı X13 sahəsi və Azərbaycan Dövlət Şirkəti 3 saylı X7 İdarəsi Yevlax 2 saylı X9 tərəfindən 1982-2000-ci illərə aid heç bir sənəd İnstitutun arxivinə verilməmişdir. Bu səbəbdən İddiaçı qeyd olunan idarələrdə əmək fəaliyyəti faktını təsdiq etmək mümkün olmamışdır. İş materiallarında olan Goranboy Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 26.04.2021-ci il tarixli, 23 nömrəli məktubda qeyd edilir ki, X13 İdarəsinin şəxsi heyət üzrə arxiv sənədləri mühafizə olunmaq üçün Goranboy rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də İddiaçı qeyd olunan illərdə X18 İdarəsində işləməsi barədə arxiv arayışının verilməsi imkan xaricindədir. İş materiallarında olan X8 filialının məhkəməyə ünvanladığı 30.04.2021-ci il tarixli, 20/10 nömrəli məktubda qeyd edilir ki, Yevlax 2 saylı X6, Yevlax 16 saylı Yol sahəsinin, Azəravtoyol Dövlət Şirkətinin, 5 saylı X7 İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri X11 təhvil verilmədiyindən İddiaçı həmin müəssisələrdəki iş stajını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan iddiaçının ******* nömrəli, 24.02.1978-ci il tarixdə tərtib edilən əmək kitabçasından görünür ki, iddiaçı 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci ilədək X13 İdarəsində, 14 avqust 1997-ci ildən 15 iyul 1998-ci ilədək Yevlax 16 X17, 15 iyul 1998-ci ildən 29 noyabr 1999-cu ilədək 36 Saylı X13 sahəsində, 06 mart 2020-ci ildən 29 dekabr 2000-ci ilədək Azərbaycan Dövlət Şirkəti 3 Saylı X7 İdarəsi Yevlax 2 Saylı X5 işləmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş və onun 64 yaş 6 ayı 09.03.2020-ci il tarixdə tamam olmuşdur. 7-ci maddənin qeydinə əsasən iddiaçının pensiya yaşı 6 ay artırılmış və sonuncunun pensiya yaşı onun 64,6 yaşı tamam olduğu 09.03.2020-ci il tarixdə tamam olmuşdur. Cavabdehin imtinasının və etirazının dəlili iddiaçının 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci il tarixədək X13 dairəsi, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998-ci il tarixədək Yevlax 16 Saylı Yol sahəsi, 15 iyul 1998-ci ildən 29 noyabr 1999-cu il tarixədək 36 Saylı X13 sahəsi, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 Saylı X7 İdarəsi Yevlax 2 X19 Müəsisəsinin hazırda sənət materialları Dövlət Arxivində saxlanmadığına, həmin Müəssisələrin uzun müddətli fəaliyyəti olmadığına, müəssisələrin hazırda hüquqi ünvanları məlum olmadığından işlədiyi illərin əmək haqqı arayışını və digər sənədlərini iddiaçı əldə edə bilmədiyinə görə həmin illərin sosial sığorta stajına qəbul edilməsi mümkün olmaması və əmək kitabçasında 1984-1997ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq, möhürün latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan məlumatların mötəbərliyinə cavabdeh şübhə edirsə, həmin məlumatların həqiqiliyini, yəni əmək kiabçasının mötəbərliyini təsdiq edəcək sənəd və ya məlumatların təqdin edilməsini iddiaçıdan tələb edə bilməz. Bu halda cavabdeh özü həmin məlumatların həqiqiliyini araşdırmaq üçün zəruri tədbirlər görməlidir. Həmin tədbirlərə arxivdə saxlanan məlumatların alınması üçün sorğular aid edilə bilər. Sorğuya cavabda iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrin fəaliyyət göstərmədiyi və ya mövcud olmadığı müəyyən edildiyi halda, cavabdeh iddiaçının sözügedən müəssisədə işləməsi haqqında əmək kitabçasında əksini tapmış məlumatları mübahisələndirə bilərdi. Lakin baxılan işdən cavabdehin bu cür araşdırma aparması müəyyən olunmur. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. İddiaçı özü ilə bərabər işləyəb X2 və X3 əmək kitabçalarının təsdiqlənmiş surətlərini də məhkəməyə təqdim etmiş, həmin əmək kitabçaları da onun əmək kitabçası kimi doldurulmuşdur. Yazıların kiril əlifbası ilə möhürün isə latın qrafikası ilə olması əmək kitabçasının saxlaşdırılmasına dəlalət etmir. Qeydlər aparılandan sonra digər vəzifəyə keçirilməsi ilə əlaqədar olaraq möhürün vurulması həmin dövrün saxta olması anlamına gəlmir. İddiaçının əmək kitabçasında vəzifədən vəzifəyə keçirilməsi və azad olunması barədə qeydlərdə verilən verilən əmrlərin əsasında duran normatov aktlara istinad olunmuş, işdən çıxarılması barədə əmr ətraflı əsaslandırılmışdır. Əmək kitabçasında qaralama mövcud deyil. Bir möhürə görə 1982-2000-ci illər zaman kəsiyinin bütövlükdə mübahisələndirilməsi ağlabatan olmamaqla ədalətsizdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə ilk növbədə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 1982- 2000-ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Bununla bağlı yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İnzibati orqan əmək kitabçasında məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Həmçinin qeyd edilməlidir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının əmək fəaliyyəti (1982-ci ildən 2000-ci ilədək) məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir və müvafiq olaraq onların pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1982-2000-ci illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının 26 il 8 ay 3 gün sosial sığorta stajının olması təsdiqini tapdığından iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı 09.03.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı hüququnun yarandığı 09.03.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.” Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar