Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1512/2022 21.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda əyani təhsil aldığı müddətin nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək “xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda əyani təhsil aldığı müddətin nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, nəzərə alınmalı müddəti 5 il olaraq qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6259/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6259/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu əyani təhsil aldığı müddətin Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin arayışı və ИВ 027487 №-li diplomla sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsinin nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, nəzərə alınmasını tələb etdiyi müddətin xx.xx.1978-ci ildən - xx.xx.1983-cü ilədək olan müddət olduğunu, əvvəlki iddia ərizəsində 5 il müddətin yuvarlaq yazıldığını bildirdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ИВ 027487 №-li diplomdan görünür ki, iddiaçı 1978-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş və xx.xx.1983-cü il tarixdə Dövlət imtahan komissiyasının qərarı ilə ona inşaatçı-mühəndis ixtisası verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.1983-cü il tarixli “184u/p” saylı əmrindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.1978-ci il 141u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaattexnologiya” fakultəsinin əyani şöbəsinə qəbul olmuşdur (qr.658a). xx.xx.1983-cü il, 184u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun İnşaat-texnologiya” fakultəsinin əyani şöbəsinin “Tikinti məmulatı və konstruksiyalarının istehsalı” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “inşaatçı-mühəndis texnoloq” ixtisası verilmişdir. Diplom: ИВ 027487, qeydiyyat №199. - “əmək pensiyasının təyin edilməsi haqqında” cavabdehin qərarından və iddiaçının pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ümumi iş stajı 36 il 07 ay 1 gün, güzəştli iş stajı 15 il 2 ay 20 gün olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və iddiaçının əyani təhsil aldığı müddət ümumi iş stajı hesablanarkən nəzərə alınmamışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət baxımından da əsaslıdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı əyani təhsil aldığı müddətin ümumi sosial sığorta stajında nəzərə alınmaqla, ona təyin edilmiş edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır. Cavabdeh orqanın təqdim etdiyi iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının ümumi iş stajı hesablanarkən onun ИТ ******* №-li əmək kitabçasında qeyd edilmiş iş stajı məlumatlarına və hərbi xidmətdə olduğu dövrə istinad edilmişdir. Sözügedən əmək kitabçasına əsasən iddiaçının sosial sığorta stajı xx.xx.1977xx.xx.1978, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1985, xx.xx.1985-xx.xx.1994, xx.xx.1994-xx.xx.2020-ci illəri əhatə edir və göründüyü kimi iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi əyani təhsil aldığı müddət ümumiyyətlə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinın 11 dekabr 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 17 №-li qərarının 4.2.2-ci bəndinə əsasən yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Müvafiq qaydaları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, cavabdeh orqan, iddiaçının əyani təhsil aldığı müddəti nəzərə almadan xx.xx.2006-cı ilədək ümumi sosial sığorta stajını hesablayarkən nəzərə aldığı sosial sığorta stajı müddətini hər il üçün 306 manatdan hesablamışdır. Halbuki, iddiaçının yuxarıda qeyd edilən əyani təhsil aldığı müddət nəzərə alınmaqla hesablama aparılmalı, 4 il 10 ay müddət müddət hər il üçün 306 manatdan hesablanmaqla sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı müəyyən edilməli idi. ((4 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 10 ay) =1479 manat). Göründüyü kimi hazırkı iş üzrə müəyyən edilmiş iddiaçının 4 il 10 ay sosial sığorta stajının nəzərə alınmaması onun fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixədək qeydə alınmalı olan pensiya kapitalının düzgün müəyyən edilməməsinə, bu isə pensiya kapitalı indeksləşdirilərkən məbləğin az hesablanmasına gətirib çıxartmışdır. Odur ki, iddiaçı, pensiyasının yuxarıda qeyd edilən müddətlər nəzərə alınmaqla yenidən hesablanmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda əyani təhsil aldığı müddəti nəzərə alaraq, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1512/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1512/2022
21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver