Məhkəmə qərarları › İş №2-1(116)-1514/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1514/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1514/2022 26.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial sığorta stajı nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə iddiaçının ali təhsil müddəti olan 5 ili, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş 2 il 4 ay 3 günü sosial sığorta stajına daxil etməklə, sığorta stajının 28 il 5 ay 6 gün hesablanması və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “sosial sığorta stajı nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Г-İ 030172 nömrəli diplomda, ИТ-İ ******* №-li əmək kitabçasında və "xxxx" MMC-yə aid sənədlərdə qeyd edilmiş məlumatlara istinad edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını təqdim edilən əmək kitabçasında iddiaçının sığorta stajının 19 il 2 ay olması, xx.xx.2006-cı il tarixdən-xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, “Temp” X2nin xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədlərinin X1 filialına təhvil verilməməsi, "xxxx" ASC-nin məktubuna əsasən sözügedən müəssisədə xx.xx.1992-ci il tarixdə 3 ay, 2000-ci il tarixdə 8 ay, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək isə il ərzində öz hesabına məzuniyyətdə olması, bununla da iddiaçının sosial sığorta stajının 25 ildən az olması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı və onun vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Г-İ 030172 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1974 – xx.xx.1979-cu il tarixlərdə ali təhsil almışdır (4 il 9 ay). - ИТ-İ ******* №-li əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1979 - xx.xx.1981 (1 il 3 ay 23 gün), xx.xx.1981 – xx.xx.1991 (10 il 5 ay 8 gün), xx.xx.1991 – xx.xx.1992 (1 il 2 ay), xx.xx.1992 – xx.xx.2006 (14 il 24 gün), xx.xx.2005-xx.xx.2007 (2 il 4 ay 3 gün) - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. - "xxxx" MMC-nin 1005-M2-490 №-li dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, xx.xx.2005-ci ildə Cəmiyyət dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2006-cı il tarixli "xxxx" MMC-də Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsinin keçiridiyi səyyar vergi yoxlamasına dair aktın 2006-cı ilin 9 ayı üzrə göstəricilərində sosial müdafiə fonduna hesablama (22 faiz) qrafasında – 1227.60 rəqəmi qeyd edilmişdir. - Dövlət Vergi xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) xx.xx.2005ci il tarixdə 1005-M2-490 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Müraciətdə göstərilən tarixlərdə Cəmiyyət tərəfindən vergi ödənişləri aparılmışdır. Həmçinin, qeydiyyata alındığı tarixdən hal-hazıradək Cəmiyyətin sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış daxil olmamışdır. Reyestrdə “Temp” X2 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin ... fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, ...hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlili iddiaçının sığorta stajının 19 il 2 ay olması, xx.xx.2006-cı il tarixdən-xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, “Temp” X2nin xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədlərinin X1 filialına təhvil verilməməsi, "xxxx" ASC-nin məktubuna əsasən sözügedən müəssisədə xx.xx.1992-ci il tarixdə 3 ay, 2000-ci il tarixdə 8 ay, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək isə il ərzində öz hesabına məzuniyyətdə olması, bununla da iddiaçının sosial sığorta stajının 25 ildən az olması ilə bağlıdır. Lakin, məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, işdə olan ИТ-İ ******* №-li əmək kitabçasında iddiaçının xx.xx.1979-cu ildən xx.xx.2006 –cı ilədək əmək fəaliyyəti müddəti 26 il 11 ay 25 günə bərabərdir. Cavabdehin həmin müddətin iddiaçının öz hesabına məzuniyyətdə olduğu 6 il 7 ay 27 günü mübahisələndirir. Nəzərə alınmalıdır ki, iddiaçının həmin əmək kitabçasında "xxxx" MMC-də xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək işləməsi ilə bağlı qeydlər mövcuddur və işdə olan sənədlərlə sözügedən Cəmiyyətin xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınması, fəaliyyətdə olması və 2006-cı ilin 9 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi iş materiallarından aşkar görünür. Belə olan halda məcburi dövlət sosial sığorta haqlarının sonuncu ödənişinin müəyyən edildiyi 2006-cı ilin 3-cü rübü daxil olmaqla iddiaçının "xxxx" MMC-də işlədiyi əmək fəaliyyətini nəzərə almaqla (1 il 8 ay 23 gün) onun işlədiyi illəri hesabladıqda (cavabdehin etirazına uyğun öz hesabına məzuniyyətdə olduğu müddət nəzərə alınmadan) iddiaçının işlədiyi müddət 22 il 24 ay müəyyən edilir. Həmin müddətin üzərinə iddiaçının ali təhsil aldığı 4 il 9 ay müddəti topladıqda 26 il 9 ay 24 gün sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Məhkəmə xüsusi ilə qeyd edir ki, hətta iddiaçının "xxxx" MMC-də işlədiyi müddət və öz hesabına məzuniyyətdə olduğu müddət nəzərə alınmadan hesablanma aparıldıqda iddiaçının yenə də 25 il 1 ay sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Müəssisənin sənədlərinin arxivdə olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməsi və saxlanılması iddiaçının vəzifəsi olmadığından qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. İddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinat X3 üzərinə İddiaçı sosial sığorta stajını nəzərə alaraq xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar