Məhkəmə qərarları › İş №2-1(116)-1515/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1515/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1515/2025 05.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 1110,61 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN seriyalı 1247 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın (1247 F planşet nömrəsi), ona məxsus ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, o cümlədən, ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1982-ci ildə inşa olunmuş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1515/2025 nömrəli qərardadı ilə X10 və X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1515/2025 nömrəli qərardadı ilə Balakən rayonu Tülü bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, “İddiaçı qanuni istifadəsində ünvan 1ində 0,06 ha həyətyanı torpaq sahəsi və həmin topaq sahəsinin üzərində 1982-ci ildə inşa olunmuş fərdi yaşayış evi vardır. İddiaçı həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyətinin sxeminin tərtib edilməsi ilə bağlı olaraq iş üzrə cavabdehə müraciət etmişdir. Lakin, müraciətə cavab olaraq cavabdeh inzibati orqan 06 sentyabr 2024-cü il tarixli, 3-21-3/47/2-3546/2024 nömrəli məktubunda ərizənin icrasından imtina edərək qeyd etmişdir ki, 0,06 ha həyətyanı torpaq sahəsi JN seriyalı 1247 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyündən torpaq sahəsini yerləşmə vəziyyətinin sxeminin tərtib edilməsi mümkün deyildir. Bundan sonra, İddiaçı, özü və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 1110,61 m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN seriyalı 1247 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın (1247 F planşet nömrəsi) ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, o cümlədən, ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1982-ci ildə inşa olunmuş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə iş üzrə cavabdehə müraciət etmiş, lakin, cavabdeh inzibati orqan 26 sentyabr 2024-cü il tarixli, 3-21-3-47/2-Q-0022-8/2024 nömrəli məktubu ilə ərizənin icrasından imtina edərək, İddiaçı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Nəticədə, iddiaçıQ arayev Vəli Bəşiroğlu, özü və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 1110,61 m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN seriyalı 1247 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın (1247 F planşet nömrəsi) ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi, o cümlədən, ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1982-ci ildə inşa olunmuş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin iş üzrə cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.”. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “İddiaçı JN seriyalı 1247 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”nın 1247F planşet nömrəsində qeyd edilən 0,1110 ha torpaq sahəsinin 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilərək ünvan 1i ünvanında 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1982-ci ildə inşa olunmuş fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətdə qeyd olunan 1ci məsələ “JN seriyalı 1247 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”nın 1247F planşet nömrəsində qeyd edilən 0,1110 ha torpaq sahəsinin 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından, həmçinin qeyd olunan digər məsələ, - yəni “ünvan 1i ünvanında 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1982-ci ildə inşa olunmuş fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi" ərizədə qeyd olunan 1-ci məsələ ilə bağlı olduğundan icra edilməsi mümkün olmamışdır. Buna görə də, onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-Q-0022-8/2024 (**********39) nömrəli məktub ünvanlanmışdır. Sərəncamın 1-ci bəndinin icrası ilə bağlı inzibati icraat materialların təsdiq edilmiş surətləri təqdim olunur. Həmçinin JN-1247 saylı Dövlət Aktının, o cümlədən qonşu torpaq sahələrinə dair JN-1273F, JN-883S və 1447 saylı Dövlət aktlarının arxiv nüsxəsinin təsdiq edilmiş surətləri təqdim olunur. Qonşu torpaq sahələri üzərində hüquqların təkrar dövlət qeydiyyatı müəyyən edilməmişdir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • Cavabdehin xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, iddiaçının tələbinin icrasından imtina olunmuşdur. • Balakən rayonu Tülü bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 22 nömrəli arayışının surəti. • Balakən rayon İcra Hakimiyyəti Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli 1739 nömrəli arayışının surəti. • Balakən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-7RA/2-Q-2xx-xx/2024 nömrəli arxiv arayışının surəti. • 271 inventar nömrəli Texniki pasportun surəti. • JN-1447 seriyalı 40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə X2 mülkiyyətinə 0,13 ha torpaq sahəsi verilmişdir. • JN-1247 seriyalı 40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0,78 ha torpaq sahəsi verilmişdir. • JN-1273 seriyalı 40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə X13 və X8 mülkiyyətinə 0,35 ha torpaq sahəsi verilmişdir. • JN-883 seriyalı 40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə X1 və X8 mülkiyyətinə 0,35 ha torpaq sahəsi verilmişdir. • Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nın xx.xx.2004-cü il tarixli 3-21-3-60/2-Q-00xx-xx/2024 nömrəli məktubunun surəti. • Balakən rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-7RA/2-17/2025 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin surəri. • Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ Kadastr və Yerquruluşu Lyihə- Təhqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Balakən rayon N.X7 Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli siyahısının surəti. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.

5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. X4 X9nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X4 X9ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X4 X9nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X4 X9nə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin; “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X4 X9nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları: 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Əsaslandırma hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. Hazırkı iddia ərizəsinin ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 1110,61 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN seriyalı 1247 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın (1247 F planşet nömrəsi), ona məxsus ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, o cümlədən, ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1982-ci ildə inşa olunmuş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin imtinasının əsasını müraciət üzrə səlahiyyətli olmaması və 1982-ci ildə inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının 1247F planşet nömrəsində qeyd edilən 0,1110 ha torpaq sahəsi ilə üst-üstə düşməsi təşkil edir. İşin müəyyən edilən hallarına görə Balakən rayonu Tülü kənd İcra Nümayəndəliyinin təsərrüfat- başına kitablarında İddiaçı adına ailə üzvləri ilə birlikdə 0,06 ha torpaq sahəsi və onun üzərində 1982-ci ildə inşa edilmiş ev qeyd edilmişdir. Sözügedən evə dair texniki inventarlaşdırma orqanı tərəfindən 1987-ci il tarixli texniki pasport tərtib edilmişdir. Həmçinin Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarına əsasən 0,78 ha torpaq sahəsi iddiaçının ailə üzvləri ilə birlikdə mülkiyyətinə ayırılmış, buna dair JN 1247 (kod 4********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, elektron məlumat bazasında 1982-ci ildə inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi Dövlət Aktının 1247F planşet nömrəsində qeyd edilən 0,1110 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə aşağıdakılara əsasən cavabdehin dəlillərini əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçıya Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarına əsasən ayırılmış 0,78 ha torpaq sahəsinin və 0,06 ha torpaq sahəsi və onun üzərində 1982-ci ildə inşa edilmiş evin hüquqmüəyyənedici sənədləri mübahisələndirilmir. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-47/2-1502/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “iddia olunan 0.06 ha torpaq sahəsi DWG məlumatlarına əsasən İddiaçı və ailə üzvlərinin adına JN 1247 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1247F cizgisində göstərilən 0.1069 ha kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinin hüdudları daxilində, TEKUİS məlumat bazasına əsasən isə iddia olunan 0.06 ha torpaq sahəsi isə Balakən rayonu Tülü bələdiyyəsinin mülkiyyətində yaşayış məntəqələri torpaqlarına aid 0.11 ha həyətyanı sahələr altında olan ərazinin hüdudları daxilində yerləşir. Həmin torpaq sahəsinin mülkiyyətçisi və faktiki istifadəçisi İddiaçıdur. Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-1247 saylı Dövlət Aktının 1247F planşetində qeyd edilmiş 1110.61 kv.metr torpaq sahəsinin yeni elektron uçot xəritəsində mülkiyyətçisi və təyinatı TEKUİS-də necə müəyyən edilməsi ilə bağlı bildiririk ki, Azəbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən respublikanın mütəxəssisləri tərəfindən işlənilən “X4 X5” nin (TEKUİS) məlumat bazasının əsaslandırılması 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yeni elektron uçot xəritələri tərtib edilərkən təyinatı necə müəyyən edilməsi ilə bağlı bildiririk ki, Azəbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən respublikanın mütəxəssisləri tərəfindən işlənilən “X4 X5” nin (TEKUİS) məlumat bazasının əsaslandırılması 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin texniki göstəriciləri fevral 1987-ci il tarixli, 271 inventar nömrəli texniki pasportda göstərilən tikilinin texniki göstəricilərinə uyğundur. Tikilinin inşasından 40 ildən artıq müddət keçməsi nəzərə alınaraq (1982-ci il) köhnə tikilidir, sahəsi 126 kv.m, hündürlüyü 4 metr, 1 mərtəbəli yaşayış evidir. Həmin bir mərtəbəli yaşayış evi DWG məlumatlarına əsasən İddiaçı və ailə üzvlərinin adına JN 1247 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1247F cizgisində göstərilən 0.1069 ha kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinin hüdudları daxilində və TEKUİS məlumat bazasına əsasən isə iddia olunan 0.06 ha torpaq sahəsi isə Balakən rayonu Tülü bələdiyyəsinin mülkiyyətində yaşayış məntəqələri torpaqlarına aid 0.11 ha həyətyanı sahələr altında olan ərazinin hüdudları daxilində yerləşir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti JN- 1247 saylı Dövlət Aktının 1247F planşeti ilə müqayisələndirilməklə ərazinin izahlı ortofoto xəritəsindən çıxarış təqdim edilir.”. Göründüyü kimi mübahisəli torpaq sahəsi “X4 X9”nin (TEKUİS) habelə, torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsinin (DVJ) məlumatlarında torpağın ölçüsündə, konfiqurasiyasında həmdə yerləşmə yerinə münasibətdə biri birinə zidd məlumatlar mövcuddur. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə cavabdeh inzibati orqan “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.5-ci bəndində müəyyən edilən hallar üzrə öz səlahiyyətləri çərçivəsində hərəkət etməli olduğu halda, iddiaçının müraciətindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmayan imtina vermişdir. İddiaçının mübahislə torpaq sahəsinə dair qüvvədə olan hüquqmüəyyəedici sənədlərinin mövcudluğu mübahisəsizdir. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Cavabdehin dəlilini əsassız hesab edən məhkəmə qeyd edir ki, qanuni ayırılmış torpaqların hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların elektron bazada mövcudluğu (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) şəxsin mülkiyyət hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Bununla yanaşı iş üzrə müəyyən edilir edilir ki, inzibati orqanın səhvi nəticəsində JN-1247 saylı Dövlət Aktının 1247F planşet nömrəsində qeyd edilən 0,1110 ha torpaq sahəsinin 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşməsi iddiaçının iradə ifadəsindən asılı olan hal deyil və bu halın formal olaraq mövcudluğu iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab oluna bilməz. Odur ki, JN seriyalı 1247 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın (1247 F planşet nömrəsi), ona məxsus ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv olunmalıdır. İddiaçının əldə etdiyi torpaq sahəsi və üzərində fərdi yaşayış evi mövcuddur, həmin ev mübahisələndirilən faktiki naturada ölçülmüş torpaq sahəsinin sərhədləri daxilindədir. Baxılan iş üzrə mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin yuxarıda qeyd edilən əsaslarla iddiaçı tərəfindən qanuni əsaslarla əldə edildiyindən iddiaçının tələbi haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarında qeyd etmişdir ki, “mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması da zəruri şərtdir. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda, həmçinin əmlakı özgəninkiləşdirən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir.”. Hazırkı mübahisəli torpağa münasibətdə daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənəd qismində Balakən rayonu Tülü kənd İcra Nümayəndəliyinin təsərrüfat- başına kitablarındakı qeyd, 1987-ci il tarixli texniki pasport və JN 1247 (kod 4********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” çıxış edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin hüquqi əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci və 8.0.8-ci maddələrindən irəli gəldiyi halda cavabdeh bunu nəzərə almadan, zəruri inzibati icraatı aparmadan imtina etmişdir. Təsadüfi deyil ki, “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.....Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 1110,61 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN seriyalı 1247 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın (1247 F planşet nömrəsi), ona məxsus ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv olunmalı, ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1982-ci ildə inşa olunmuş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı: İddia təmin edilir. ünvan 1ində yerləşən 1110,61 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN seriyalı 1247 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın (1247 F planşet nömrəsi), iddiaçıya məxsus ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilsin. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə ünvan 1ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1982-ci ildə inşa olunmuş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtazküçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar