Məhkəmə qərarları › İş №2-1(116)-1517/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1517/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1517/2024 22.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında “Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “24 noyabr 2023-cü il tarixli 3- 22-2/2-Kol-8xx-xx-1316/2023 saylı imtinasının qanunsuz hesab edilməsi və 2021-2022-ci əkin ilində 5.16 hektar arpa əkinə görə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “24 noyabr 2023-cü il tarixli 3-22-2/2-Kol-8xx-xx- 1316/2023 saylı imtinasının qanunsuz hesab edilməsi və 2021-2022-ci əkin ilində 5.16 hektar arpa əkinə görə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyətinə ondan ibarətdir ki, Şəki rayon X3 18 noyabr 1998-ci il tarixli. 59 saylı qərarı ilə JN 0097 saylı Dövlət Aktına əsasən X2 X1, İddiaçı1, Nümayəndə1 və İddiaçı2 kənd təsərrüfatı məhsulları istehsalı məqsədi uçun 13.68 ha torpaq sahəsi verilmişdir. Lakin 2021-2022-ci əkin ilində onlara məxsus 5,16 hektar torpaq sahəsində arpa əkilsə də həmin ərpa əkininə görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiya verilməmişdir. Buna görə də iddiaçılar 2021-2022-cı əkin ilində iddiaçılara məxsus 5.16 hektar torpaq sahəsində arpa əkinə görə subsidiyanın verilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət etmiş, cavabdeh orqan tələbin təmin olunmasından imtina etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı1 və İddiaçı2 2022-ci il üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə EKTİS-ə daxil edilən 13,68 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1 -ci yarımbəndinə uyğun olaraq aparılan çarpaz yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün həmin torpaq sahəsində həyata keçirilən əkinlərə görə İddiaçı1 və İddiaçı2 subsidiya ödənilməsi mümkün olmamışdır. Qeyd edilənləri, o cümlədən İddiaçı1 və İddiaçı2 torpaq sahələrinə dair EKTİS-də qeydiyyatdan keçirilmiş sənədləri barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilmədiyini nəzərə alaraq, onlara subsidiya ödənilməsi mümkün olmamış və ödənilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan aşağıdaki sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Şəki Rayon Məhkəməsinin 2(075)-1043/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi.

3. JN-0097 saylı kod 40401027 Dövlət Aktından görünür ki, 13.68 ha torpaq sahəsi Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir, iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir və inzibatiprosessual qanunverciliyə əsasən iddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 1.2.1-ci və 1.2.2-ci bəndlərinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. “Subsidiya” informasiya sistemi (SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sistemidir. Həmin qaydaların 1.2.9-cu bəndinə əsasən əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən “Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. “İnzibati icraat” haqqında Qanunun : 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən müəyyən edilir ki,iddiaçı tərəfindən 2021-ci il üçün payızlıq yumşaq buğda əkilməsinə və əkin sahəsinə dair müvafiq məlumatlar elektron qaydada sistemə daxil edilmişdir.Cavadehin tələbin icrasından imtina əsası 2020-ci ilin 1 yanvar tarixindən etibarən məlumatların EKTİS üzərindən həyata keçirilməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki,”Qaydalar” ın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2-ci maddəsinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); JN-0097 saylı kod 40401027 Dövlət Aktından görünür ki, 13.68 ha torpaq sahəsi iddiaçıların birgə mülkiyyətinə verilmişdir.Cavabdeh tərəfindən həmin torpaq sahəsinin 8,52 ha hissəsinə münasibətdə subsidiya verilmişdir.Lakin, 5.16 ha torpaq sahəsində payızlıq arpa əkininə görə subsidiyanın verilməsi təmin edilməmişdir.Cavabdeh qeyd olunan xüsusata air hər hansı dəlil təqdim etməmişdir. Yuxarıda qeyd olunan məlumatdan görünür ki, iddiaçılar subsidiyanın ödənilməsi üçün öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. İnzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hallar məhsuldarlığın aşağı düşməsi ilə yanaşı fermerlərin narazılığına səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə iddiaçılar İddiaçı1 və İddiaçı2 5.16 hektar arpa əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına 2021-2022-ci əkin ili üzrə ayrılmış subsidiyanın ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar