Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1518/2020 13.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Cavabdehnə qarşı “İsmayıllı rayon o zamankı Müdri kənd soveti tərəfindən xx xxx 1962-ci il tarixdə 31 nömrə ilə qeydə alınmış doğum akt qeydində və “Doğum haqqında şəhadətnamə”də ata adının “Ağaşaban”dan “Şaban”a düzəliş edilməsi və yeni “Doğum haqqında şəhadətnamə”nin verilməsinin cavabdehə tapşırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon o zamankı Müdri kənd soveti tərəfindən xx xxx 1962-ci il tarixdə 31 nömrə ilə qeydə alınmış doğum akt qeydində və “Doğum haqqında şəhadətnamə”də ata adının “Ağaşaban”dan “Şaban”a düzəliş edilməsi və yeni “Doğum haqqında şəhadətnamə”nin verilməsinin cavabdehə tapşırılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1962-ci ildə İsmayıllı rayon Müdri kəndində anadan olmuşdur. Doğum faktı İsmayıllı rayon o zamankı Müdri kənd sovetində xx xxx 1962-ci il tarixdə 31 nömrə ilə qeydə alınaraq onun adına AЗ seriyalı 173412 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. Lakin doğum akt qeydində və “Doğum haqqında şəhadətnamə”də iddiaçının atasının adı düzgün olmayaraq “Şaban” əvəzinə “Ağaşaban” yazılmışdır. İddiaçının atasının adı onun “Ölüm haqqında şəhadətnamə”sində və digər qardaşlarının “Doğum haqqında şəhadətnamə”lərində “Şaban” olaraq yazılmış, yalnız iddiaçının adına verilmiş xx xxx 1962-ci il tarixli 31 nömrəli doğum akt qeydində və AЗ seriyalı 173412 saylı “Doğum haqqında şəhadətnamə”də iddiaçının atasının adı “Şaban” əvəzinə “Ağaşaban” qeyd edilmişdir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan akt qeydlərində ata adının “Ağaşaban”dan “Şaban”a düzəliş edilməsi üçün heç bir əsasın olmadığını bildirərək müraciətdən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qərarın 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə mülki qaydada baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx xxxxxxx 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»ndan birmənalı olaraq, göründüyü kimi, ilk öncə doğum barədə dövlət qeydiyyatı aparılır və bunun nəticəsi olaraq da doğum haqqında şəhadətnamə verilir. Başqa sözlə, doğum haqqında şəhadətnəmə doğum haqqında akt qeydi əsasında verilir. İddiaçıya doğum haqqında şəhadətnamə verilməsinə əsas – doğum haqqında qeydlər kitabında 1962-ci ilin may ayının 12-ci günündə 31 saylı qeydin edilməsi təşkil edir. Deməli, həmin qeyd mövcud olduğu halda, şəhadətnamədə düzəliş edilməsi mümkünsüzdür. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “İsmayıllı rayon o zamankı Müdri kənd soveti tərəfindən xx xxx 1962-ci il tarixdə 31 nömrə ilə qeydə alınmış doğum akt qeydində və “Doğum haqqında şəhadətnamə”də ata adının “Ağaşaban”dan “Şaban”a düzəliş edilməsi və yeni “Doğum haqqında şəhadətnamə”nin verilməsinin cavabdehə tapşırılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1518/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1518/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver