Məhkəmə qərarları › İş №2-1(116)-152/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-152/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-152/2021 09.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “2150 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2150 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X4 miras qalmış evlərin texniki pasportlarında 531.3 kv. m, 625.8 kv.m və 993 kv.m olmaqla cəmi 2150 kv.m həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Mərhum əri vəfat etdikdən sonra miras qalmış evə mülkiyyət sənədi almaq istəyən zaman məlum olmuşdur ki, həmin evin həyətyanı torpaq sahəsinin cəmi 900 kv.m hissəsinə şəhadətnamə hazırlanmışdır. Qalan 1250 kv.m torpaq sahəsinə isə sənəd hazırlanmamışdır. Hal-hazırda həmin 2150 kv.m həyətyanı torpaq sahəsi kimi ailə üzvləri ilə birlikdə istifadələrindədir və heç bir mübahisə yoxdur. Həmin evə şəhadətnamə və Texniki Pasportlarda qeyd edilən 2150 kv.m torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınaraq adına vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarış hazırlanması üçün cavabdehə müraciət etmiş, cavabdeh cavab məktubundan bundan imtina etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli imtinasından görünür ki, 0,125 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etmədən 0,2150 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim ediləcəyi təqdirdə ərizənin icrasına qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, İddiaçı Oğuz şəhərində yerləşən 2150 kv. metr həyətyanı torpaq sahəsinin 1250 kv. metr hissəsinə dair hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müaricətinin icrası mümkün olmamışdır. Torpaq sahəsinin faktiki istifadəçisi iddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları olmaqla həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Faktiki istifadədə olan torpaq sahəsi 1850 kv.m təşkil edir. Torpaq sahəsinin 900 kv.m hissəsinə dair JN-985A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Torpaq sahəsində iki ədəd fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan İ-ЖГ seriyalı 405203 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X17 xx.xx.1976-cı ildə nikaha daxil olmuş, nikah bağlanandan sonra ərin soyadı İsmayılov, arvadın soyadı İsmayılova olmuşdur. İş materiallarında olan İİ-ЖГ seriyalı 452106 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1994-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan xx.xx.1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixində ölmüş X5 vərəsələri arvadı İddiaçı və uşaqları Xuraman, Şəlalə, Nəsimi və Ramin İsmayılovlardır. İş materiallarında olan inventar nömrəsi 1140 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Oğuz şəhəri, Qurbanov küçəsi döngə 1, ev 3 X5 adına qeydiyyata alınmışdır. Cəmi torpaq sahəi 993 kv.m qeyd olunmuşdur. İş materiallarında olan inventar nömrəsi 371 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Oğuz şəhəri, S.Vurğun küçəsi döngə 1, ev 2 X8 adına qeydiyyata alınmışdır. Cəmi torpaq sahəi 625,85 kv.m qeyd olunmuşdur. İş materiallarında olan inventar nömrəsi 1227 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Oğuz şəhəri, Ş.Qurbanov küçəsi döngə 1, ev 3 X5 adına qeydiyyata alınmışdır. Cəmi torpaq sahəi 531,3 kv.m qeyd olunmuşdur. İş materiallarında olan JN-985A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə İddiaçı, X9, X12, X14 və X6 mülkiyyətinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli müqavilədən görünür ki, X10 özünə məxsus olan Oğuz şəhəri Ş.Qurbanov küçəsi dalan 3, ev 2-də 600 kv.m torpaq sahəsində yerləşən saman kərpicdən tikilmiş, üstü saxsı ilə örtülmüş, 18.4 kv.m yaşayış sahəsi olan, bir mərtəbəli, bir otaqdan ibarət yaşayış evini X1. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. İşdən görünür ki, iddiaçı hazırkı tələblə bağlı cavabdeh orqana müraciət etsə də, onun ailə üzvləri, yəni övladları inzibati orqana müraciət etməmişdir. Bundan başqa inventar nömrəsi 371 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Oğuz şəhəri, S.Vurğun küçəsi döngə 1, ev 2 X8 adına qeydiyyata alınmışdır. X8 torpaq sahəsi sənəd üzrə ayrıca torpaq sahəsidir və həmin sənəd üzrə o özü inzibati orqana müraciət etməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportlar üzrə torpaq sahələri müxtəlif ünvanlarda olmaqla, həmin sahələrdən bəzilərinin JN-985A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunur. Həmin şəhadətnamədə də iddiaçının övladlarından biri olan İsmayılova Xuramanın ata adı Mahmud qeyd olunmuşdur ki, bu hissədə də sənədin şəxsə məxsus olması faktı müəyyən olunmalı və ya düzəliş edilməsi tələbi ilə inzibati orqana müraciət olunmalıdır. Yuxarıda qeyd olunan səbəblərdən məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “2150 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar