Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-152/2022 11.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İnstitutunun 23.01.2021-ci il tarixli Aktına əsasən Oğuz rayonunun Kərimli kəndində iki hissədə yerləşməklə cəmi 0,51 hektardan ibarət iddiaçının istifadəsində (zəbtində) olan torpaq sahələrinin elektron kadastr məlumat bazasına daxil edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, faktiki istifadəsində olan torpaq sahələrinin mülkiyyətinə verilmiş əkin pay torpaq sahəsindən çıxılması və faktiki yerləşmə vəziyyətində istifadəsində olan torpaq sahələrinin sərhəd koordinatlarının naturada müəyyən edilərək, elektron kadastr məlumat bazasına daxil edilməsi və bunun əsasında ona yeni plan-ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, aparılan aqrar islahatlar zamanı Oğuz rayon Kərimli kənd X8 Komissiyasının 06.06.1998-ci il tarixli Qərarına uyğun olaraq iddiaçı və onun ailə üzvlərinə islahatın subyektləri kimi adambaşına düşən pay norması daxilində 0,54 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuş, qanuni istifadələrində olan həyatyanı torpaq sahələri qanuni istifadəyə verilən ölçüdə, zəbtlərində olan torpaq sahəsi isə faktiki ölçüdə deyil, hansısa səbəbdən qismən ölçüdə qeyd olunaraq müvafiq adlı siyahıya daxil edilmişdir. Lakin iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə yalnız əkin növ torpağı olmaqla, cəmi 3,24 ha (0,54x6nəfər=3,24 ha) torpaq sahəsi verilmiş və onlara JN-598 kod 40504018 “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı, eləcə də qanuni istifadəsində olan 0,16 ha həyatyanı sahəyə dair Dövlət Aktları təqdim edilmiş, həmçinin əkin növ torpağa dair Çıxarış təqdim olunduqdan sonra onlara bəlli olmuşdur ki, hüquqmüəyyənedici sənədlərlə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin hüdudları və yerləşmə yeri faktiki istifadələrində olan torpaq sahələrini əhatə etməməklə, fərqli yerlərdə yerləşir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh isə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin 08.05.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, müraciətlə bağlı mütəxəssislər tərəfindən 19.01.2021-ci il tarixində Oğuz rayonu Kərimli bələdiyyəsinin sədrinin iştirakı ilə iddiaçının, eləcə də ərazidə yaşayan digər şikayətçilərin istifadəsində olan torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə torpaq islahatı aparılan zaman iddiaçının və digər şikayətçilərin faktiki istifadəsində olan torpaq sahələri zəbt kimi nəzərə alınaraq pay torpaq sahəsindən çıxılmış, lakin həmin ərazilərə aid hüquqi sənədlər verilməmişdir. Arxivdə araşdırma zamanı müəyyən olunmuşdur ki, X8ı komissiyası tərəfindən tərtib olunmuş və rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq edilmiş “Pay almaq hüququ olan subyektlərin siyahısı”nda X4 və onun ailə üzvlərinin adları siyahıya daxil edilmiş, qanuni istifadəsində 0,16 ha həyətyanı torpaq sahəsinin və zəbt kimi 0,96 ha torpaq sahəsinin olduğu, X6 və onun ailə üzvlərinin adları siyahıya daxil edilmiş, qanuni istifadəsində 0,16 ha həyətyanı torpaq sahəsinin və zəbt kimi 0,46 ha torpaq sahəsinin olduğu və X2 və onun ailə üzvlərinin adları siyahıya daxil edilmiş, qanuni istifadəsində 0,16 ha həyətyanı torpaq sahəsinin və zəbt kimi 0,46 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Bu səbəbdən həyətyanı torpaq sahəsində mövcud olan zəbt pay torpaq sahəsindən çıxılaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hər bir ailəyə “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Elektron kadastr məlumat bazasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, torpaq islahatı ilə əlaqədar yerli və rayon aqrar islahat komissiyaları tərəfindən təsdiq edilmiş yerquruluşu layihəsində adıçəkilən vətəndaşların yalnız qanuni istifadələrində olan həyətyanı torpaq sahələri öz əksini tapmış və buna əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hər bir vətəndaşın adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr tərtib edilmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, fiziki və hüquqi şəxslər tərəfindən torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli barədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. İddiaçının vəkili 12.10.2021-ci il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilən məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə aparmış və “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İnstitutunun 23.01.2021-ci il tarixli Aktına əsasən Oğuz rayonunun Kərimli kəndində 2 hissədə yerləşməklə cəmi 0.51 hektardan ibarət iddiaçının istifadəsində (zəbtində) olan torpaq sahələrinin elektron kadastr məlumat bazasına daxil edilməsi” barədəq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İşdə olan cavabdeh tərəfindən tərtib edilmiş A seriyalı 463275 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, DTXK-nın Oğuz rayon şöbəsinin “Torpağa mülkiyyyət hüququna dair” JN-598 nömrəli 03.11.1999-cu il tarixli Dövlət aktına əsasən Oğuz rayon Kərimli kəndində yerləşən 3,1435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan ********** qeydiyyat nömrəli, 10.01.2020-ci il qeydiyyat tarixli, **********28 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayon Kərimli kəndində yerləşən 3,1435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Oğuz rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilən “Oğuz rayon Kərimli kənd İƏD üzrə torpaq payı almaq hüququ olan vətəndaşların püşk ardıcıllığı üzrə siyahısı”nın təsdiq edilmiş surətindən görünür ki, 797-ci sırada X3 adı yazılmış və 0,46 ha artıq istifadə etdiyi torpaq sahəsinin olması qeyd edilmişdir. İşdə olan cavabdeh orqanın 03.08.2021-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı 08.04.2020-ci il tarixində ailəsinin istifadəsində olan 0,66 ha həyətyanı və bağ torpaq sahəsinin faktiki vəziyyətdə döngə nöqtə və koordinatlarını vurulmaqla GPS aləti vasitəsilə ölçülməsinə və həmin sahəyə qısa müddət ərzində ayrıca plan-ölçü sənədinin hazırlanmasına köməklik göstərilməsi barədə müraciəti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə daxil olmuşdur. Lakin həmin dövrdə Respublika ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində hərəkət məhdudiyyətinin tətbiq olunması səbəbindən vətəndaşa məxsus torpaq sahələrinə baxış keçirilməsi mümkün olmamışdır. Tətbiq edilən xüsusi karantin rejimi aradan qaldırıldıqdan sonra təkrar müraciət ediləcəyi təqdirdə torpaq sahələrinə baxış keçirilməsi və ölçü işlərinin aparılmasının mümkünlüyü ilə bağlı 14.04.2020-ci il tarixli, **********14 nömrəli məktubla vətəndaşa məlumat verilmişdir. Lakin bundan sonra vətəndaş İddiaçı tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edilməmişdir. Beləliklə, iddiaçı məsələnin məhkəmədən kənar qaydada həll olunması üçün aidiyyəti qaydada inzibati orqana müraciət etmədən məhkəmədə iddia qaldırmışdır. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə” ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi, verilməsi və torpaq sahəsinin planında (cizgidə) düzəliş edilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilməmişdir. Cavabdeh qeyd edilənlərə əsasən etiraz məktubunda məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan cavabdehin 25.08.2021-ci il tarixli “inzibati iş üzrə sərəncamın icra edilməsi barədə” məktubunda isə qeyd edilmişdir ki, vətəndaş X1 müraciəti ilə əlaqədar aparılmış əlavə araşdırma zamanı məlum olmuşdur kı, sonradan Oğuz rayonunun Kərimli kəndinin sakinləri tərəfindən edilən 18.01.2021-ci il tarixli müraciət əsasında 23.01.2021-ci il tarixində vətəndaş X1 da istifadəsində olan torpaq sahələrində onun iştirakı ilə mütəxəssislər tərəfindən GPS aləti vasitəsilə çöl-ölçmə işləri aparılmış, torpaq sahələrinin yeri naturada tanıdılmış, bununla bağlı müvafiq akt və sxem tərtib edilmişdir. İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı iddia tələbi “hazırda faktiki istifadəsində olan torpaq sahələrinin naturada sərhəd koordinatlarının müəyyən edilərək tanıdılması” hissəsində məhkəmədən kənar qaydada icra olunmuşdur. İddia tələbinin digər hissəsi ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-cı il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə” ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi, verilməsi və torpaq sahəsinin planında (cizgidə) düzəliş edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilməmişdir. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.3-cü bəndinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsim təmin edir. Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi və verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Cavabdeh sözügedən məktubunda iş üzrə məhkəməyə təqdim edilmiş etiraza əlavə olaraq yuxarıda qeyd olunanları və iddia tələbinin “torpaq sahəsinə yeni plan-ölçü sənədinin verilməsi” hissəsi üzrə cavabdehin düzgün seçilmədiyini nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşdə olan 23.01.2021-ci il tarixli Aktın surətindən görünür ki, akt Oğuz rayonu Kərimli kəndində LTİ-nin mühəndislərinin, Kərimli kənd bələdiyyəsinin nümayəndəsinin, iddiaçının və X5 iştirakı ilə tərtib edilmişdir. Aktda qeyd edilir ki, mühəndislər qeyd edilən şəxslərin iştirakı ilə ərazidə olmuş və torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı iddiaçının Kərimli kəndi ərazisində iki hissədə yerləşməklə 0,51 ha zəbt torpaq sahəsinin olduğu məlum olmuşdur. Eyni zamanda aqrar islahat zamanı iddiaçı və onun ailə üzvlərinə 3,24 ha pay torpaq sahəsi verilmişdir. Yerli AİK-nin 06.07.1998-ci il tarixli 08 nömrəli iclas protokoluna əlavə olunmuş adlı siyahıda iddiaçının adına 0,46 ha normadan artıq istifadə olunan torpaq sahəsi göstərildiyindən yerli AİK tərəfindən 3,24 ha pay torpaq sahəsindən həmin 0,46 ha hissə çıxarılmış və iddiaçıya 2,78 ha pay torpaq sahəsi naturada göstərilmişdir. Lakin pay torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktına düzəliş olunmamış və zəbt torpaq sahəsinə də hüquqmüəyyənedici sənəd verilməmişdir. İşdə olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı və ailə üzvlərinin istifadəsində olan faktiki torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi tərtib edilmiş yerqurluşu planın-1 və yerqurluşu planı-2 göstərilmişdir. Yerqurluşu planı 1də göstərilən torpaq sahəsi 0,25 hektar olmaqla yaşayış məntəqəsi təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası çoxillik əkmələr olmaqla fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulan əraziyə düşür. Yerqurluşu planı 2-də göstərilən torpaq sahəsi 0,26 hektar olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası çoxillik əkmələr olmaqla kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan əraziyə düşür. Çıxarışda (yerqurluşu planı 3) göstərilən torpaq sahəsinin mülkiyyətçisi İddiaçı və ailə üzvləridir. Yerqurluşu planı 1-də və yerqurluşu planı 2-də göstərilən torpaq sahələrinin istifadəçiləri İddiaçı və ailə üzvləridir. Çıxarışda (yerqurluşu planı 3) göstərilən torpaq sahəsi, yerqurluşu planı 1-də və yerqurluşu planı 2-də göstərilən faktiki torpaq sahələri ilə üst-üstə düşmür. İş materiallarının 81-ci səhifədə öz əksini tapan “Oğuz rayon Kərimli kənd torpaqlarının elektron kadastr uçot informasiya bazasından çıxarış”da iddiaçının faktiki istifadəsində olan 0,25 ha torpaq sahəsinin yaşayış məntəqələri təyinatlı bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olması qeyd edilmişdir. İş materiallarının 83-cü səhifədə olan “Oğuz rayon Kərimli kənd torpaqlarının elektron kadastr uçot informasiya bazasından çıxarış”da iddiaçının faktiki istifadəsində olan 0,26 ha torpaq sahəsinin kənd təsərrfütaı təyinatlı bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olması qeyd edilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 2.0.7-ci yarımdəndinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradılması Xidmətin fəaliyyət istiqamətlərindən biridir. Əsasənamənin 3.0.19-cu yarımdəndində Xidmətin bələdiyyə ərazilərinin elektron daşıyıcıda və kağız üzərində xəritələrinin hazırlanması məqsədi ilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin dürüstləşdirilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, 3.0.8-ci yarımbəndində isə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək kimi vəzifələri öz əksini tapmışdır. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün Əsasnamənin 4.0.1-ci yarımbəndinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq hüququna malikdir. Göründüyü kimi dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sisteminin və məlumat bankını yaradılması cavabdehin vəzifələrinə aid olsa da, cavabdeh bu fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq və hüquqmüəyyənedici sənədlərə istinadən həyata keçirməli, elektron uçotu apararkən avtomatlaşdırılmış informasiya sisteminə yalnız hüquqmüəyyənedici sənədlərə istinadən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinə dair məlumatları daxil etməlidir. Məhkəmə araşdırması nəticəsində, cavabdeh tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş 03.08.2021-ci il tarixdə torpaq sahəsinə keçirilmiş baxışa dair mütəxəssis rəyinə və ona qoşma edilmiş sxemlərə əsasən müəyyən edilir ki, İddiaçı və ailə üzvlərinin istifadəsində olan faktiki torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi tərtib edilmiş yerqurluşu planın-1 və yerqurluşu planı-2 göstərilmişdir. Yerqurluşu planı 1-də göstərilən torpaq sahəsi 0,25 hektar olmaqla yaşayış məntəqəsi təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası çoxillik əkmələr olmaqla fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulan əraziyə düşür. Yerqurluşu planı 2-də göstərilən torpaq sahəsi 0,26 hektar olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası çoxillik əkmələr olmaqla kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan əraziyə düşür. Çıxarışda (yerqurluşu planı 3) göstərilən torpaq sahəsinin mülkiyyətçisi İddiaçı və ailə üzvləridir. Yerqurluşu planı 1-də və yerqurluşu planı 2-də göstərilən torpaq sahələrinin istifadəçiləri İddiaçı və ailə üzvləridir. Çıxarışda (yerqurluşu planı 3) göstərilən torpaq sahəsi, yerqurluşu planı 1-də və yerqurluşu planı 2-də göstərilən faktiki torpaq sahələri ilə üst-üstə düşmür. Mütəxəssis rəyinə əlavə olunmuş Yerquruluşu plan 1-də göstərilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0,25 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Həmçinin Yerquruluşu plan 2-də göstərilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı faktiki istifadə etdiyi torpaq sahələrinə dair heç bir hüquqmüəyyənedici sənədə malik deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İnstitutunun 23.01.2021-ci il tarixli Aktına əsasən Oğuz rayonunun Kərimli kəndində iki hissədə yerləşməklə cəmi 0,51 hektardan ibarət iddiaçının istifadəsində (zəbtində) olan torpaq sahələrinin elektron kadastr məlumat bazasına daxil edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-152/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-152/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver