Məhkəmə qərarları › İş №2-1(116)-1523/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1523/2023

09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1523/2023 09.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(075)-2815/2021 nömrəli qətnaməsi və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-2815/2022 nömrəli əlavə qətnaməsi ilə təsdiq edilmiş 01 sentyabr 2021-ci il tarixli, N-2021-000414 nömrəli barışıq sazişi ilə mülkiyyət hüquqları tanınmış daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021 -ci il tarixli, 2(075)-2815/2021 nömrəli qətnaməsi və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-2815/2022 nömrəli əlavə qətnaməsi ilə təsdiq edilmiş 01 sentyabr 2021-ci il tarixli, N-2021-000414 nömrəli barışıq sazişi ilə mülkiyyət hüquqları tanınmış daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1987-ci ildə X3 ilə rəsmi nikah bağlamaqla ailə qurmuş, daha sonra aralarında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. İddiaçı X1 ayrıldıqdan sonra birgə nikah dövründə əldə etdikləri əmlakların aralarında bölünməsi üçün mediasiya təşkilatına müraciət etmiş və aralarında xx.xx.2021-ci il tarixli N-2021- 000414 nömrəli barışıq sazişi bağlanmışdır. Daha sonra iddiaçı maraqlı şəxs X2 qarşı “barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə bağlanmış N-2021- 000414 saylı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)- 2815/2021 nömrəli qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı Sadiq qızı ilə maraqlı şəxs X3 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış N-2021-000414 saylı barışıq sazişi təsdiq edilmişdir. Həmçinin Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-2815/2022 nömrəli əlavə qətnaməsi ilə İddiaçı Sadiq qızı ilə X3 arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2021-ci il tarixli N-2021-000414 saylı barışıq sazişinin məzmunu təsdiq edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)- 2815/2022 nömrəli əlavə qətnaməsi icra olunması üçün Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Şöbə isə icra sənədini aid olan hissədə icra olunması üçün hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə göndərmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********74 nömrəli məktubu ilə Şəki rayon İcra və probasiya şöbəsinə bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)- 2815/2021 saylı icra vərəqəsində ərazi idarəsinin üzərinə öhdəlik qoyulmadığı üçün sənədin icrası mümkün olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş iclasında iştirak edən iddiaçı, onun vəkili, həmçinin cavabdehin nümayəndəsi ilə işin halları müzakirə olunmuş, iddianın mümkünlük şərtlərinə cavab vermədiyi iddia tərəfinin nəzərinə çatdırılmış və qanunvericiliyin tələbləri iddiaçı və vəkilinə izah olunmuşdur. Həmçinin məhkəmə tərəfindən iddiaçıya və vəkilinə xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, hazırkı mübahisə ilə bağlı məhkəmə aktının icrasının təmin edilməsi barədə ərizə ilə icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət edə bilərlər. Belə ki, inzibati məhkəmə icraatı qaydasında öhdəliyin icrası haqqında iddia qismində inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. Lakin inzibati mühakimə icraatı qaydasında mülki iş üzrə qəbul edilmiş qətnamənin icrasını tələb etmək yolverilməzdir. Yardım məktubunda göstərilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddia tərəfinə müddət təyin olunmasına baxmayaraq, münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, iddiaçının vəkili, cavabdehin nümayəndəsi və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb olunmuş X3 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, atıq mülki iş üzrə qətnamə qəbul edilmiş və icra vərəqəsi verilməklə icraya yönəldilmişdir. İddiaçı isə faktiki olaraq icra hərəkətlərinin başa çatdırılmamasından narazı olmaqla hazırkı iddia tələbi ilə cavabdehə qarşı inzibati tələblə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyi imkanını təsbit etmişdir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İPM-ə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, “İcra haqqında” AR Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarda Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu MPM-in bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. MPM-də olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Eyni zamanda, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. Lakin iddiaçı bu üsuldan istifadə etmədən icra sənədi verilmiş məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə birbaşa olaraq hazırkı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət etmişdir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, mülki iş üzrə verilmiş icra sənədinin icra olunması ilə bağlı hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında yenidən ayrıca tələb üzrə iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Yəni sözügedən qətnamə mülki iş üzrə icra icraatı çərçivəsində öz həllini tapmalıdır. Qeyd edilənlərin iddia ərizəsinə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı hazırkı mübahisə ilə bağlı məhkəmə aktının icrasının təmin edilməsi barədə ərizə ilə icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət edə bilər. Belə ki, inzibati məhkəmə icraatı qaydasında öhdəliyin icrası haqqında iddia qismində inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. Lakin inzibati mühakimə icraatı qaydasında mülki iş üzrə qəbul edilmiş qətnamənin icrasını tələb etmək yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmərə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021 -ci il tarixli, 2(075)-2815/2021 nömrəli qətnaməsi və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-2815/2022 nömrəli əlavə qətnaməsi ilə təsdiq edilmiş 01 sentyabr 2021-ci il tarixli, N-2021-000414 nömrəli barışıq sazişi ilə mülkiyyət hüquqları tanınmış daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar