Məhkəmə qərarları › İş №2-1(116)-153/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-153/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-153/2021 17.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "birdəfəlik ödəmənin verilməsindən imtina barədə cavabdehin qərarının ləğv olunması, imtina nəticəsində almadığı 2020-ci ilin aprel, may, iyul ayları üçün birdəfəlik ödəmənin ödənilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur və Şəki şəhərində yaşayır. O, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq" altsistemində (bundan sonra mətndə - MAS) işaxtaran kimi qeydiyyata alınmışdır. O, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ona aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini xahiş etmiş, lakin MAS-ın elektron qaydada qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarı ilə birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. İmtina belə əsaslandırılmışdır ki, İddiaçı işsiz statusu yoxdur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cavabdehnə qarşı "Pandemiya davam etdiyi müddət ərzində hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Cavabdeh imtina cavabını tam əsassız hesab edir. Bundan sonra, iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli başqa iddia ərizəsi təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini cavabdeh kimi göstərmiş və birdəfəlik ödəmənin verilməsindən imtina barədə həmin Nazirliyin qərarının ləğv olunmasını, həmçinin imtina nəticəsində almadığı birdəfəlik ödəmənin ödənilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia ərizəsinə xx.xx.2020-ci il tarixli əlavə verərək iddia ərizəsində imtina nəticəsində almadığı birdəfəlik ödəmənin ödənilməsini xahiş edərkən 2020-ci ilin aprel, may, iyul aylarında həyata keçirilmiş ödənişləri nəzərdə tutduğunu bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi iddiaya qarşı xx.xx.2021-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı MAS-da işsiz kimi qeydiyyatda olmadığına görə ona birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X3n çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci ildə X3 işaxtaran kimi qeydə alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı MAS-da işsiz kimi qeydiyyata alınmadığından ona sözügedən birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"nın 3-cü bəndinə görə, birdəfəlik ödəmənin həm verilməsi, həm də verilməsindən imtina haqqında MAS tərəfindən qərar qəbul olunur. Həmin qərar inzibati aktdır və bu inzibati aktın ləğv edilməsi barədə iddiaya cavab verməli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Analoji hüquqi mövqe ünvanlı dövlət sosial yardımın verilməsi məsələləri ilə bağlı VEMTAS-ın qərarına münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1854/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarında da ifadə edilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mübahisələndirmə haqqında iddialara aiddir. İddiaçı hazırkı iddianı mümkünlük şərtlərinə, o cümlədən iddia müddətinə riayət etməklə vermişdir və iddianın mümkünlüyünü istisna edən hal yoxdur. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 127 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi, "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası" təsdiq edilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilməsi, bu Qərarın 2020-ci il 1 aprel tarixindən tətbiq olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"nın 2.1-ci bəndinə əsasən, birdəfəlik ödəmə "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.2-ci bəndinə görə, birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. Qaydanın 3.1-ci bəndinə əsasən, şəxs birdəfəlik ödəmənin alınması üçün "e-sosial" portalında "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi" xidmətindən istifadə edərək müraciət edir. Qaydanın 3.2-ci bəndinə əsasən, işsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. Qaydanın 3.3-cü bəndinə əsasən, işsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. Qaydanın 3.4-cü bəndinə əsasən, MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. Qaydanın 3.5-ci bəndinə əsasən, yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.6 və 1.1.7-ci maddələrindən göründüyü kimi, işsiz şəxs və işaxtaran tamamilə başqa-başqa anlayışlardır. İşsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs, işaxtaran isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxsdir. Həmin Qanunun 5-ci maddəsinə görə, işsiz şəxsin və işaxtaranların qeydiyyatı ayrılıqda aparılır. Sadalanan normaların təhlilindən görünür ki, sözügedən birdəfəlik ödəmənin verilməsi üçün ilk şərt şəxsin "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış olmasıdır. Müəyyən edildi ki, İddiaçı xx.xx.2020-ci ildə MAS-da işaxtaran kimi qeydiyyata alınsa da, işsiz statusuna keçirilməmişdir. Belə olan halda isə, onun birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "birdəfəlik ödəmənin verilməsindən imtina barədə cavabdehin qərarının ləğv olunması, imtina nəticəsində almadığı 2020-ci ilin aprel, may və iyul ayları üçün birdəfəlik ödəmənin ödənilməsi" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar