Məhkəmə qərarları › İş №2-1(116)-1537/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1537/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1537/2024 17.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hərbi qulluqçular üçün “hərbi xidmət zamanı qazanılmış xəstəliklərə görə hərbi xidmətdən buraxıldıqda qulluq stajına görə əlavələr hesablanarkən nəzərdə tutulmuş 5% əlavə”nin təyin edilməsi və əmək pensiyasına əlavə edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hərbi qulluqçular üçün “hərbi xidmət zamanı qazanılmış xəstəliklərə görə hərbi xidmətdən buraxıldıqda qulluq stajına görə əlavələr hesablanarkən nəzərdə tutulmuş 5% əlavə”nin təyin edilməsi və əmək pensiyasına əlavə edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.2020-ci il tarixdə Vətən müharbəsində vəzifə borcunun icrası zamanı aldığı “partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travmasının” nəticəsi olaraq başında yaranan ağrılar davamlı şəkildə narahat etdiyi üçün, həmçinin həmin dövrdə mövcud sağlamlıq durumu onun xidmətini davam etdirməyinə əngəl yaratdığına görə tam müalicəni gözləmədən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” (öz arzusu ilə) bəndinə əsasən ordu sıralarından tərxis olunduğunu bildirir. Tərxislə əlaqədar Müdafiə Nazirliyinin Hərbi Həkim komisiyası tərəfindən xəstəliyi “kafi “qiymətləndirildiyinə görə həmin dövrdə sağlam şəhadətləndirilmişdir. Ehtiyatda olarkən isə mülki xəstəxanalarda mövcud xəstəliyilə bağlı (partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması) dəfələrlə stasionar müalicə almışdır. Sonradan, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Həkim komisiyasının qərarı ilə həmin xəstəliyi üzrə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” diaqnozu ilə təkrar şəhadətləndirilmişdir. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına edilmiş müraciətinə müvafiq orqan tərəfindən 3-17-1/2- İ-304767/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, o ilk olaraq hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndinə əsasən tərxis olunmuş olsa da, sonradan, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Həkim komisiyasının qərarı ilə həmin xəstəliyi üzrə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” diaqnozu ilə təkrar şəhadətləndirilmişdir. Göründüyü kimi, o hərbi xidmətdən məhz hərbi xidmət zamanı qazanılmış xəstəliklərə görə tərxis olunmuşdur. Ona görə də hesab edir ki, ona hərbi xidmət zamanı qazanılmış xəstəliklərə görə nəzərdə tutulmuş əmək pensiyasına əlavənin təyin edilməsi mütləq və zəruridir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə baxış keçirilərkən onun “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “b” bəndi ilə (öz arzusu ilə) hərbi xidmətdən azad edildiyi məlum olmuş və bu səbəbdən də ona hərbi xidmətdən buraxıldıqda qulluq stajına görə əlavələr hesablanarkən nəzərdə tutulmuş 5% əlavənin təyin edilməsi və əmək pensiyasına əlavə edilərək ödənilməsi mümkün olmamışdır, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir. Bildirilir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli MN- 16051 nömrəli məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 31 il 10 ay 23 gün xidmət müddətinə görə, təminat xərcliyinin (1737,00 manat) 85,50 faizi-1485,14 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə (öz arzusu ilə təxris olunmaqla) əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən də, İddiaçı əmək pensiyasının hesablanması zamanı xəstəliyə görə 5 faiz əlavənin nəzərə alınması mümkün olmamışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əlavə olaraq bildirilir ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərar ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları" nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 1 iş günü müddətində Qaydaların 1-cı hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, xx.xx.2022-ci il tarixli 10632№li “xəstəlik haqqında” Şəhadətnamə, 190 nömrəli hərbi hisə komandirinin xx.xx.2021-ci il tarixli, 321№-li əmrindən çıxarış, Azərbaycan Respublkası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Polikinikasının xx.xx.2021-ci il tarixli, 17485 №-li arayışı, EZ № 0005131-li Hərbi Biletin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən cavabdeh orqana göndərilmiş məlumat vərəqi, cavabdehin Əmək pensiyasının təyin edilməsi haqqında Qərarı. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən (iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən qüvvədə olan redaksiyası), hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçı, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “b” bəndi ilə (öz arzusu ilə) ehtiyata buraxılmışdır. İddiaçının sonradan, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Həkim komisiyasının qərarı ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməsi isə onun ehtiyata buraxılma anındakı hüquqi statusunu dəyişmir. Əlavə ödəmənin verilməsi üçün əsas məhz ehtiyata buraxılma anında xəstəliyə görə yarasızlıq statusuna malik olmaqdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçı, xəstəliyinə görə hərbi xidmətdən ehtiyata buraxılmadığından cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hərbi qulluqçular üçün “hərbi xidmət zamanı qazanılmış xəstəliklərə görə hərbi xidmətdən buraxıldıqda qulluq stajına görə əlavələr hesablanarkən nəzərdə tutulmuş 5% əlavə”nin təyin edilməsi və əmək pensiyasına əlavə edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar