Məhkəmə qərarları › İş №2-1(116)-1539/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1539/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1539/2025 11.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti "xxxx" bankın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla (fərdi yaşayış evi və torpaq sahəsi) bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 0,0323 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində 2011-ci ildə inşa etdiyi ümumi sahəsi 40 kv.metr yardımçı tikili (təsərrüfat tikilisi) və fərdi yaşayış evinin hər 3 mərtəbəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibətinin xarakteri inzibati məhkəmə icraatının tərəfləri ilə yanaşı, "xxxx" ASC-yə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirdiyindən o, iştirakçı kimi inzibati məhkəmə icraatına cəlb edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ləğv edilməsi tələb edilən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda əks olunan daşınmaz əmlak obyekti xx.xx.2019xx.xx.2023-cü illərdə 48 ay müddətinə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, sonradan bankın mülkiyyətinə keçmişdir. İş materiallarından görünür ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan əmlakın ərizədə qeyd etdiyi tikinti ili ilə həmin əmlakı əldə etdiyi il arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən 0,0323 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixində Zaqatala rayon 2 saylı DNK-da bağışlama 4-Ə-331 reyestr nömrəli bağışlanma müaviləsinə əsasən iddiaçıya bağışlanmış və xx.xx.2013-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, ərizədə 0,0323 ha həyətyanı torpaq sahəsində 2011-ci ildə inşa edilmiş yardımçı tikili və fərdi yaşayış evinin 3 mərtəbəsində aparılmış əlavə tikintilərin qeydiyyata alınması qeyd olunmuşdur. Bundan əlavə qeyd olunan əmlak xx.xx.2019-cu il tarixli, **********82719/1 nömrəli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş və xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Bank ASC-nin xeyrinə yüklülük qeydiyyatı aparılmışdır. Lakin, ərizədə ipoteka saxlayanın ("xxxx" Bank ASC-nin) qeyd olunan əmlak üzərində əlavə tikililərin dövlət reyestrində qeydiyyata alınması barədə razlığı barədə hər-hansı sənəd əlavə edilməmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə aşağıdakılara əsasən iddianı mümkün hesab etmir. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla (fərdi yaşayış evi və torpaq sahəsi) bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 0,0323 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində 2011-ci ildə inşa etdiyi ümumi sahəsi 40 kv.metr yardımçı tikili (təsərrüfat tikilisi) və fərdi yaşayış evinin hər 3 mərtəbəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsinə nail olmaqdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı verilmiş xx.xx.2013-cü il tarixli, **********96 reystr nömrəli çıxarış ona xx.xx.2013-cü il tarixində bağışlama müqaviləsi əsasında verilmişdir. Göründüyü kimi iddiaçının ləğvini tələb etdiyi reystrdəki qeyd mülki əqd əsasında aparılmışdır. Bununla bağlı məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyi qeyd etməyi zəruri hesab edir. Həmin Qərarın 17-ci bəndində qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”. İddiaçıya izah olunur ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd mülki-hüquqi əqd (bağışlama) əsasında aparıldığından dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bununla yanaşı hazırkı tələblə çıxış etmək üçün iddiaçının subyektiv hüququ da yoxdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Formalaşmış vahid məhkəmə təcrübəsi onu göstərir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı üçüncü şəxsin mülkiyyətində olan əmlaka dair öz mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi ilə çıxış etsə də, sözügedən əmlaka dair onun heç bir hüquqi bağlılığı qalmamışdır. Odur ki iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddia mümkün sayılmır. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mustafayev Etibar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar