Məhkəmə qərarları › İş №2-1(116)-154/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-154/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-154/2020 20.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məshətçi (iclas katibi) X2 qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “01.09.1972-ci il tarixdən 25.08.1973-cü il tarixədək təhsil aldığı, 12.12.1984-cü il tarixdən 28.05.1985-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona 17.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyasına təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı 01 sentyabr 1972-ci il tarixdə texniki peşə məktəbinə daxil olmuşdur, 25 avqust 1973-cü il tarixdə həmin texnikumun traktorçu maşinist ixtisası üzrə tam kursu bitirmişdir. 29.05.1973-cü il tarixdən traktorçu kimi əmək fəaliyyətinə başlamışdır. 1999-cu il tarixədək əmək fəaliyyətini davam etdirmişdir. Ümumilikdə 27 ildən artıq əmək stajı və 65 yaşı var. Bu fakt ona məxsus əmək kitabçasında öz əksini tapır. Bu səbəbdən DSMF-in Şəki şəhər şöbəsinə müraciət edərək hüququ yarandığı tarixdən, 17.01.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin sonuncu 20.05.2019cu il tarixli məktubla ona bildirilirdi ki, 23 il 3 ay 24 gün əmək stajı olduğunu əsas gətirərək ona əmək pensiyasının təyin edilməsindən imtina etdilər. Hesab edir ki, imtina tam qanunsuzdur. İlk öncə onu qeyd edir ki, 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək Peniyaları haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsi ona şamil edilə bilməz. Bu səbəbdən ki, həmin Qanun qüvvəyə minənədək onun yaşa görə əmək peniyası alınaq hüququ yaranmışdır. İddiaçı 19.12.2019-cu il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “01.09.1972-ci il tarixdən 25.08.1973-cü il tarixədək təhsil aldığı, 12.12.1984-cü il tarixdən 28.05.1985-ci il tarixədək işlədiyi müddəti sosial sığorta stajına daxil edilməsi və ona 17.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyasına təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19.12.2019-cu il tarixli protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdehin imtinasın dəlilləri: 01.07.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinadən 63 yaş 6 ayı tamam olmuş kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (17.01.2019-cu il tarixə 17245,44 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ əldə edirlər. İddiaçının təqdim etdiyi sənədlərə - əmək kitabçasının surətinə, hərbi xidmətdə olmasına dair arayış və əmək haqqı arayışlarına əsasən cəmi 23 il 3 ay 24 gün sığorta stajı və bu staja uyğun olaraq pensiya kapitalı 16798,63 manat təşkil etmişdir. Yuxarıdakıları nəzərə alaraq vətəndaşın tələb olunan 25 il sığorta stajı və 17245,44 manat pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. İddiaçının izahatı: İddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsinin izahatı: İddiaçının mübahisələndirilməyən əmək stajı 23 il 3 ay 24 gündür. Əgər iddiaçının tələbində qeyd etdiyi müddət stajına daxil edilsə, onda onun tələb olunan 17245,44 manat pensiya kapitalı tamamlanar. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, 20.05.2019-cu il tarixli **********2 nömrəli imtina məktubu, 12.06.2019-cu il tarixli 5/977 nömrəli məktub, 2590 nömrəli attestatın təsdiqlənmiş surəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, 27.03.2019-ci il tarixli 06 nömrəli və 27.03.2019-cu il tarixli 06 nömrəli pensiya hesablanması üçün əmək haqqı baradə arayışlar, 24.04.2018-ci il tarixli 07 nömrəli və 04.03.2019-cu il tarixli 140 nömrəli arayışlar, 25.04.2018-ci il tarixli 655 nömrəli, 06.04.2019-cu il tarixli 51/1 nömrəli, 01.03.2019-cu il tarixli 45/10 nömrəli və 01.03.2019cu il tarixli 45/11 nömrəli arxiv arayışları, 25.04.2018-ci il tarixli 08 nömrəli əmək haqqında arayış aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkətləri qanuna ziddir. Cavabdehin bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. İş materiallarında olan cavabdehin nümayəndəsinin yazılı izahatından görünür ki, iddiaçının mübahisiləndirilməyən əmək stajı 23 il 3 ay 24 gündür. Əgər onun iddiasında göstərdiyi təhsil aldığı 01.09.1972-ci ildən 25.08.1973-cü ilədək və işlədiyi 12.12.1984-cü ildən 28.05.1985-ci ilədək olan dövr əmək stajına daxil edilirsə, onda onun tələb olanan 17245,44 manat pensiya kapitalı tamamlanır. O da onun yaşa görə əmək pensiyası təyin olunması üçün yetərlidir. İddiaçının 01.09.1972-ci il tarixdən 25.08.1973-cü il tarixədək təhsil alması, 12.12.1984-cü il tarixdən 28.05.1985-ci il tarixədək işləməsi 2590 nömrəli attestatın təsdiqlənmiş surəti və ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır. İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 17.01.2019-cu ildə yaranmışdır. Qeyd olunan tarixə onun hərbi xidmət, əmək kitabçasında qeyd olunan işlər və arxiv arayışina əsasən cəmi 24 il 09 ay 06 gün sığorta stajının (23 il 3 ay 24 gün +1 il 5 ay 12 gün =24 il 9 ay 6 gün) olması müəyyən edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 25 il stajı tamamlanmasa da belə onun qeyd olunan stajına əsasən 17245,44 manat pensiya kapitalının tamamlanması müəyyən olunmuş (cavabdehin nümayəndəsinin 20.02.2020-ci il tarixli yazılı açıqlamasına əsasən), onun pensiya hüququnun yarandığı vaxt tələb olunan pensiya kapitalının minimum məbləğinin 17245,44 manat olduğu, təhsil aldığı və işlədiyi müddətin də daxil ediləcəyi halda tələb olunan pensiya kapitalının formalaşması təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasın məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı,işlədiyi dövrlər ümumi iş stajına daxil olunmalı və pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı “01.09.1972-ci il tarixdən 25.08.1973-cü il tarixədək təhsil aldığı, 12.12.1984-cü il tarixdən 28.05.1985-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona 17.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyasına təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar