Məhkəmə qərarları › İş №2-1(116)-154/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-154/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-154/2023 01.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş ikinci dərəcəli əlilliyə görə əmək pensiyasının 2021-ci ilin fevral ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona təyin edilmiş ikinci dərəcəli əlilliyə görə əmək pensiyasının 2021-ci ilin fevral ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1958-ci il tarixdə Göyçay rayonunda anadan olmuşdur. Uzun müddət Göyçay rayonunda müəyyən sahələrdə çalışmış, 2007-cı ilin əvvələrində səhhəti anidən pisləşməyə başlamışdır. Bu səbəbdən Göyçay Rayon Mərkəzi Xəstəxanasına, həmçinin digər xəstəxanalara müraciət etmişdir. Həkimlərin göstərişinə əsasən ambulator və stasionar müalicə olunmağa başlamışdır. Lakin müalicələrə rəğmən iddiaçının sağlamlığı bərpa olunmamışdır. xx.xx.2021-ci tarixdə Tibbi- Sosial Ekspert Komissiyasının rəyinə əsasən iddiaçıya “Stenokardiyanın digər formalar, ÜİX. Stabil gərginlik stenokardiyası İİİ f.s Sol mədəcik çatmamazlığı, Xr ürək çatmamazlığı İİİ f.s Aortokoronar şuntlu transplantatın olması, AKS.c.ə sonrakı vəziyyət” diaqnozu ilə İİ dərəcə əlillik təyin olunaraq müdətsiz pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının pensiyası hesablanaraq ona cəmi 1908,64 manat ödənilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının 2 saylı Mərkəzi Aran regional filialına ünvanlanmış müraciətinə baxılmışdır. İddiaçının əvvəlki əlillik müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Əlillik müddətinin bitməsi səbəbindən əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən müayinə olunmuş, eyni dərəcə və eyni səbəb saxlanılmaqla əlil hesab edilmişdir. Əlillik müddətinin bitməsindən 6 ay keçməməsinə baxmayaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunun 41-ci maddəsinin qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən əvvəl əlillik müəyyən edildiyinə görə pensiyasının ödənişi əlilliyin müəyyən olunduğu xx.xx.2021-ci il tarixdən X1 tərəfindən bərpa edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 40,59 manat artım fərqi və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1868,05 manat olmaqla cəmi 1908,64 manat (bir min doqquz yüz səkkiz manat 64 qəp) alınmamış vəsait “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla aylıq pensiyanın -zərinə əlavə edilməklə xx.xx.2022-ci il tarixədək ödəniləcəkdir. Hazırlıq icraatı çərçivəsində xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək ilkin olaraq 2 saylı Mərkəzi Aran regional filialına müraciət ünvanladığını bildirmiş, məhkəmə təcrübəsini nəzərə alaraq cavabdehin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı əvvəlki əlillik müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Əlillik müddətinin bitməsi səbəbindən əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. xx.xx.2021-ci il tarixdə o, yenidən müayinə olunmuş, eyni dərəcə və eyni səbəb saxlanılmaqla əlil hesab edilmişdir. Əlillik müddətinin bitməsindən 6 ay keçməsinə baxmayaraq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən əvvəl müəyyən edildiyinə görə pensiya ödənişi əlilliyin müəyyən olunduğu xx.xx.2021-ci il tarixdən X1 tərəfindən bərpa edilmişdir. İddiaçının müraciəti Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına daxil olmamışdır. Vətəndaşın müraciəti Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filial tərəfindən cavablandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 41.2ci maddəsinin 25 iyul 2021-ci il tartxinədək qüvvədə olmuş mətninə əsasən şəxs yenidən əlil, sağlamlıq imkanları məhdud hesab edilərsə, əmək pensiyasının verilməsi yenidən əlil, sağlamlıq imkanları məhdud hesab edildiyi gündən bərpa edilirdi. Həmin Qanunun 41-ci maddəsinin 25 iyul 2021-ci il tarixindən sonra qüvvədə olan mətninə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun oiaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3- 1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən dayandırılmış və eyni əsaslarla xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. Beləliklə, bu əsasda cavabdeh orqan ona əlilliyə görə pensiyasını əlilliyin bərpa edildiyi tarixdən yenidən ödəməkdə haqlı olmuşdur. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubuna əlavə olunmuş iddiaçının pensiya işinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixli, 161 nömrəli qərarla xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək ikinci dərəcə əlillik təyin olunmuş, hər dəfə bir il müddətinə təkrar əlillik təyin edilməklə 2016-cı ilədək əlil hesab olunmuş, 2016-cı ildə təkrar müayinə olunduqdan sonra iddiaçıya yenidən ikinci dərəcə əlillik təyin olunmuş və növbəti müayinə tarixi xx.xx.2021-ci il olaraq göstərilmişdir. Göyçay RMX publik hüquqi şəxsinin 0276003AAJZQ nömrəli göndərişindən görünür ki, iddiaçı həmin göndəriş əsasında xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasında müayinə olunmuş və ona əlillik dərəcəsi təyin olunmamışdır. Səbəb olaraq əlavə müalicəyə ehtiyacının olması göstərilmiş və qeyd edilmişdir ki, stasionar müalicələr qısa müddətlidir, son illər stasionar müalicəsi yoxdur, hal-hazırkı vəziyyətini qiymətləndirmək üçün kardioloji xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”ndən görünür ki, iddiaçının əlilliyi 0276003AAK40 nömrəli forma 88 əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona həmin tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyin olunmuşdur. İddiaçıya yenidən eyni əsasla müddətsiz əlilliyin əlillik müddətinin bitməsindən 6 ay keçməmiş təyin edilməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh öz imtinasında və etirazında bu faktı təsdiq etmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 149-cu maddəsinin Vİİİ hissəsinə əsasən normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. 17.1. Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları qanunlar formasında qəbul edilir. 82.1. Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir. 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 86.1. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. 86.2. Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş müddət başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın (onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz statusunun verilməsi haqqında qərar qəbul edə bilər. 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 1. yaşa görə əmək pensiyası; 2. əlilliyə görə əmək pensiyası; 3. ailə başçısını itirməyə görə əmək pensiyası. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyqun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz İİ dərəcəli əlillik müəyyən olunmuş, həmin tarixdən sosial müavinət təyin edilmişdir. İddiaçı barəsində ödənişlər yenidən təyinat aparıldığı tarixdən həyata keçirilməkdədir. Göstərilənlərə əsasən, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildiyindən o, ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməklə, ona ödənilməmiş dövr üçün əmək pensiyası ödənilməlidir. Belə ki, cavabdeh “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunun iddiaçıya təyinat aparılması tarixindən sonra, yəni xx.xx.2021-ci il tarixdə qüvvəyə minməsini əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Qanunda onun müddəalarının qüvvəyə mindiyi tarixdən sonra yaranan münasibətlərə tətbiq edilməli olması barədə birbaşa göstəriş olmamasına baxmayaraq, cavabdeh inzibati orqan normanın tətbiqi mexanizmini “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə zidd şərh etməsi iddiaçının maraqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Digər tərəfdən inzibati orqan olan cavabdeh artıq iddiaçıya münasibətdə müddətsiz əlilliyin təyin edildiyi tarixə sözügedən aktın qəbul edilməsindən məlumatlı olmuşdur. Odur ki, iş üzrə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyə görə əmək pensiyasının 2021-ci ilin fevral ayından hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar