Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-154/2024 15.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “mülkiyyətində olan 1,70 ha torpaq sahəsinə tərtib edilmiş xx.xx.2020-ci il tarixli A487629 nömrəli plan-ölçü sənədinin koordinatlarını sözügedən torpaq sahəsinin TEKUİS-də yerləşmə vəziyyətinə uyğunlaşdırmaqla yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “mülkiyyətində olan 1,70 ha torpaq sahəsinə tərtib edilmiş xx.xx.2020-ci il tarixli A487629 nömrəli plan-ölçü sənədinin koordinatlarını sözügedən torpaq sahəsinin TEKUİS-də yerləşmə vəziyyətinə uyğunlaşdırmaqla yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Potu kəndi ərazisindən X4 və ailə üzvlərinə 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış bu barədə torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı verilmişdir. Sözügedən torpaq sahəsini X5 və ailə üzvləri 31 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında ona satmışlar. Bağlanmış alqı-satqı müqaviləsi əsasında 1,70 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq bu bərədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. Sözügedən torpaq sahəsini mülkiyyətinə keçirdikdən sonra təyinatına uyğun istifadə edərək, hər il bəhər götürmüşdür. Xüsusi mülkiyyətində olan 1,70 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədində göstərilən koordinatlarla faktiki istifadə vəziyyətini əks etdirən koordinatlar arasında uyğunsuzluq mövcud olmuş, həmin uyğunsuzluq elektron uçot işləri aparılan zaman düzəldilmiş və dəqiqləşdirilmiş məlumatlar torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmişdir. Bundan sonra tərəfindən cavabdeh inzibatı orqana müraciət edilərək, torpaqların elektron kadastr uçotu informasiya sistemində qeyd edilmiş məlumatlara (koordinatlara) uyğun olaraq yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan müraciətini araşdırmış və xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair plan və ölçü sənədi verməkdən imtina etmişdir. Buna səbəb kimi isə həmin ərazidə olan başqa mülkiyyətçilərlə yol mübahisəsinin olması göstərilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Göyçay rayonu Potu kəndində yerləşən 1,70 ha hektar torpaq sahəsinin plan və ölçü sənədində buraxılan texniki səhvin aradan qaldırılması ilə bağlı ********** qeydiyyat nömrəli üzərində ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Göyçay rayonu Potu kəndində yerləşən 1,70 ha hektar torpaq sahəsi olan inventarlaşma işləri aparılmış və istifadədə olan torpaq sahəsinin əsas döngə nögtələrinin koordinatları yerində müəyyən edilmişdir. Aparılan araşdırma zamanı mülkiyyətçilər arasında yol mübahisəsi olması müəyyən edilmişdir. Yeni elektron uçot baza məlumatlarına əsasən İddiaçı İstifadəsində olan torpaq sahəsi üzərində də mübahisə olduğu müəyyən edilmişdir. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-599 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Göyçay RAİK-nın xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə X6 və 4 nəfər ailə üzvünə Göyçay şəhəri Potu kəndindən 1,70 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2006-cı il tarixli 4Ə-1044 nömrəli müqavilədən görünür ki, Göyçay rayonu Potu kəndində yaşayan X1 Torpaq Komissiyasının xx.xx.1999-cu il JN599 №li aktına və xx.xx.2006-cı il tarixli Göyçay şöbəsinin arayışına əsasən Göyçay rayonu Potu kəndində ona məxsus 1,7 ha torpaq sahəsini İddiaçı satmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 1,70 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - A 487629 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Göyçay DNK, alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsinə (4Ə-1044, xx.xx.2006-cı il tarixli) əsasən Göyçay rayonu Potu kəndində yerləşən 1,70 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4232/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən aşağıdakılar qeyd edilmişdir:
1. İddiaçı **********32 reyestr nömrəli çıxarışla (********** qeydiyyat nömrəli) mülkiyyətinə verilmiş 1,70 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyi 2,32 ha torpaq sahəsi arasında ölçü, konfiqurasiya, yerləşmə fərqləri mövcuddur.
2. Elektron bazada təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS) əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində göstərilən **********32 reyestr nömrəli çıxarışla (JN-599) İddiaçı mülkiyyətinə verilmiş 1,70 ha torpaq sahəsi iddiaçının naturada göstərdiyi, bir hissəsindən özünün, bir hissəsindən X3 istifadə etdiyini bildirdiyi 2,32 ha torpaq sahəsi ilə üst-üstə düşür. TEKUİS baza məlumatlarında sözügedən 1,70 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaqlara aiddir.
3. İddiaçı İsmayıl oğlunun naturada göstərdiyi 2,32 ha torpaq sahəsinin bir hissəsi X3 faktiki istifadəsindədir. Bununla bağlı mübahisə mövcuddur. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; ... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; ... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1 Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2 Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3 Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. 6.6 Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı mülkiyyətində olan 1,70 ha torpaq sahəsinə tərtib edilmiş xx.xx.2020-ci il tarixli A487629 nömrəli plan-ölçü sənədinin koordinatlarını sözügedən torpaq sahəsinin TEKUİS-də yerləşmə vəziyyətinə uyğunlaşdırmaqla yeni plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. Cavabdeh orqan iddiaçının müraciətindən imtina dəlilini mülkiyyətçilər arasında yol mübahisəsinin olması, yeni elektron uçot baza məlumatlarına əsasən iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində mübahisənin mövcudluğu ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh orqanın imtina dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh orqan artıq **********32 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin elektron uçot məlumatlarında yerləşmə vəziyyətini JN-599 nömrəli Dövlət Aktına müvafiq olaraq müəyyən etmişdir. Təqdim edilmiş yerquruluşu planından görünür ki, sözügedən çıxarışda qeyd edilmiş torpaq sahəsinin TEKUİS-də yerləşmə vəziyyəti iddiaçının faktiki istifadə vəziyyətinə uyğundur (iddiaçı naturada istifadəsi 0.62 ha artıqdır). İddiaçıya məxsus torpaq sahəsinə dair tərtib edilmiş A487629 nömrəli plan-ölçü sənədinin koordinatlarının sözügedən torpaq sahəsinin TEKUİS-də yerləşmə vəziyyətinə uyğun olmaması təqdim edilmiş yerquruluşu planından aydın görünür. Sözügedən torpaq sahəsinin hər hansı digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi də, müəyyən edilmir. Cavabdeh orqan faktiki olaraq iddiaçının tələbinə uyğun dürüstləşdirilmiş koordinatları yeni elektron uçot məlumatlarına daxil etdiyindən, həmin məlumatlar əsasında **********32 reyestr nömrəli çıxarışın tərkib hissəsi olan yeni plan-ölçü sənədini tərtib etmək vəzifəsini daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı özünə məxsus torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədinin koordinatlarının həmin torpaq sahəsinin TEKUİS-də yerləşmə vəziyyətinə uyğunlaşdırılmaqla yeni plan-ölçü sənədinin verilməsini tələb etməkdə haqlı sayılmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə İddiaçı mülkiyyətində olan 1,70 ha torpaq sahəsinə tərtib edilmiş xx.xx.2020-ci il tarixli A487629 nömrəli plan-ölçü sənədinin koordinatlarını sözügedən torpaq sahəsinin TEKUİS-də yerləşmə vəziyyətinə uyğunlaşdırmaqla yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.