Məhkəmə qərarları › İş №2-1(116)-1541/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1541/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1541/2020 24.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı "ona xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə İsmayıllı rayonunun Xankənd kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Bundan sonra, o, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək keçmiş Əli Bayramlı avtomobil məktəbində təhsil almışdır. Əmək kitabçasında olan qeydlərə əsasən, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək İsmayıllı Avtobazasında sürücü, xx.xx.1979-cu ildən xx.xx.2001-ci ilədək "Azərittifaq"ın Göyçay Avtobazasında sürücü işləmişdir. İsmayıllı Rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışa əsasən, iddiaçı 1977-ci ildə İsmayıllı rayonu Tağlabiyan kəndi "Niyal" ("26-lar") kolxozunda 139 əmək/gün və 82 adam/gün işləmişdir. İddiaçı xx.xx.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və azı 25 il sığorta stajı əmək kitabçası ilə təsdiq olunmadığı üçün ona pensiya təyin edilməsi mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olduğu müddətin, 1976-1978-ci illərdə İsmayıllı rayon Tağlabiyan kəndi keçmiş "Niyal" və "26 Bakı komissarı" kolxozunda, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək İsmayıllı Avtobazasında, xx.xx.1979-cu ildən xx.xx.2001-ci ilədək isə "Azərittifaq"ın Göyçay Avtobazasında sürücü işlədiyi müddətlərin tam şəkildə sosial sığorta stajına daxil edilməsi ilə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, sonra isə iddianın dəyişdirilməsi barədə ərizə verərək, ona xx.xx.2020-ci il ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, onun sosial sığorta stajı 25 ildən artıqdır. Cavabdeh iddiaya qarşı yazılı etirazında iddianın təmin olunmamasını xahiş etmiş və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının hərbi xidmətdə olduğu və İsmayıllı Avtobazasında işlədiyi müddətlər sosial sığorta stajına daxil edilmişdir. İddiaçının adına "26 Bakı komissarı" kolxozunda 1976-1978-ci illərdə adam/gün və əmək haqqı qeyd olunmamışdır. Bundan başqa, iddiaçı "Azərittifaq"ın Göyçay Avtobazasında işlədiyi müddətdə 1994-cü ilin yanvar, mart, aprel, avqust aylarında, 1995-ci ildə, 1996-cı ilin aprel, iyun aylarında, 1996-cı ilin iyun ayı - 2001-ci ilin sentyabr ayları üzrə əmək haqqı almamış və deməli, sosial sığorta haqqı da ödəməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə isə, sosial sığorta haqqının ödənilməsi vacibdir. Bundan başqa, cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçı pensiya yaşına xx.xx.2020-ci ildə çatmış, İsmayıllı rayonu Tağlabiyan kəndi "Niyal" (köhnə "26 Bakı komissarı") kolxozunda 1977-ci ildə kişilər üçün minimum norma 180 adam/gün və ya 200 əmək/gün olmuşdur. İddiaçının qəbul olunan sığorta stajı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il) hərbi xidmət dövrü, 1977-ci ildə "26 Bakı komissarı" kolxozunda (8 ay 10 gün), xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək İsmayıllı Avtobazasında (1 il 3 ay 25 gün), xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilədək Göyçay Avtobazasında (14 il 5 ay 5 gün) və 1994-1996-cı illərdə Göyçay Avtobazasında əmək haqqı aldığı müddət (6 ay) olmaqla, ümumilikdə 18 il 11 ay 10 gün təşkil edir. İddiaçının nəzərə alınmayan sığorta stajı xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək əmrlə işdə olduğu, lakin müəssisə tərəfindən iddiaçıya əmək haqqı ödənilməyən dövr üzrə 7 il 2 ay 16 gün təşkil edir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 228 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, 216561 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1976cı ildən xx.xx.1977-ci ilədək keçmiş Əli Bayramlı avtomobil məktəbində təhsil almışdır. - İşdə olan, İsmayıllı Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 170 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1977-ci ildə İsmayıllı rayonu Tağlabiyan kəndi "Niyal" ("26-lar") kolxozunda 139 əmək/gün, 82 adam/gün işləmiş, 714 manat əmək haqqı almışdır. 1976 və 1978-ci illərdə iddiaçının adına adam/gün və əmək haqqı qeyd olunmamışdır. - İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək İsmayıllı Avtobazasında sürücü, xx.xx.1979-cu ildən xx.xx.2001-ci ilədək "Azərittifaq"ın Göyçay Avtobazasında sürücü işləmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, həm də sığorta stajı 25 ildən azdır. Cavabdeh iddiaçının hərbi xidmətdə olduğu, eləcə də 1977-ci ildə "26 Bakı komissarı" kolxozunda işlədiyi 8 ay 10 gün, İsmayıllı Avtobazasında işlədiyi 1 il 3 ay 25 gün, Göyçay Avtobazasında işlədiyi müddətin 14 il 5 ay 5 gün və 6 ay, cəmi 14 il 11 ay 6 gün hissəsini, ümumilikdə 18 il 11 ay 10 gün müddəti onun sığorta stajına daxil etsə də, iddiaçının kolxozda 1976 və 1978-ci illərə aid stajını, eləcə də Göyçay Avtobazasında işlədiyi müddətin əmək haqqı almadığı 7 il 2 ay 16 gün müddəti sığorta stajına daxil etməkdən imtina etmişdir. İddiaçı öz iddia ərizəsində pensiya hüququnun pensiya kapitalına deyil, sosial sığorta stajına əsasən yarandığını bildirdiyinə görə, məhkəmə ilk növbədə onun sosial sığorta stajının müddətini hesablamağı zəruri bildi. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin ikinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin maddənin səkkizinci hissəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göstərilən Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Sadalanan normalardan göründüyü kimi, iddiaçının "Azərittifaq"ın Göyçay Avtobazasında işlədiyi müddətdə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə, şəxsin xx.xx.2002-ci ilədək işləməsi barədə əmək kitabçasında olan qeyd həmin müddətin sosial sığorta stajına daxil edilməsi üçün kifayətdir. Həmin normalara görə, xx.xx.2002-ci ildən sonrakı iş müddətinin sosial sığorta stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunsa da, həmin günədək olan staja münasibətdə belə bir tələb yoxdur. Belə olan halda, şəxsin xx.xx.2002-ci ilədək işlədiyi iş yerində əmək haqqı alıb-almamasının, eləcə də onun işlədiyi müəssisə tərəfindən sosial sığorta haqqı ödənilib-ödənilməməsinin həmin müddətin işçinin sığorta stajına daxil edilməsinə heç bir təsiri yoxdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçının Göyçay Avtobazasında işlədiyi müddətin əmək haqqı almadığı hissəsini sığorta stajına daxil etməməkdə haqlı olmamışdır və iddiaçının əmək kitabçasında göstərilən bütün müddət onun sığorta stajına daxil edilməlidir. Bu müddətin cəmi 23 il 16 gün təşkil edir. İddiaçının kolxozda işləməsi arxiv arayışı ilə təsdiq olunur. İddiaçı öz iddia ərizəsində kolxozda 1974-1976-cı illərdə işlədiyini bildirsə də, arxiv arayışı ilə müəyyən edildi ki, arxivdə olan sənədlərdə onun adına 1976-cı və 1978-ci illərdə adam/gün və əmək haqqı qeyd olunmamış, o, yalnız 1977-ci ildə 82 adam/gün və 139 əmək/gün işləmişdir. Eyni zamanda, bu da müəyyən edildi ki, 1977-ci ildə həmin kolxozda kişilər üçün müəyyən edilmiş əmək iştirakı minimumu 180 adam/gün və ya 200 əmək/gün olmuşdur. İddiaçının kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı 8 ay 10 gün təşkil edir. Bundan başqa, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il) keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmənin qənaətinə görə, həmin müddət də iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Bundan başqa, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək (6 ay) keçmiş Əli Bayramlı avtomobil məktəbində təhsil almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş "Dövlət pensiya təminatı" haqqında SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli qərarı 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları"nın 109-cu bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Ona görə də iddiaçının təhsil aldığı həmin müddət də onun sığorta stajına daxil edilməlidir. Beləliklə, iddiaçının əmək kitabçasında (23 il 16 gün), arxiv arayışında (8 ay 10 gün), hərbi xidmət haqqında arayışda (2 il), təhsil haqqında şəhadətnamədə (6 ay) göstərilən müddətləri topladıqda məlum oldu ki, iddiaçının 26 il 2 ay 26 gün sosial sığorta stajı vardır. Belə olan halda, cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyin etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməli, iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar