Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1541/2022 26.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “cavabdehin üzərinə Azərbaycan Beynəlxalq Universitetinin “Xarici Dillər (İngilis dili) fakultəsinin əyani şöbəsini bitirməsinə dair diplomun verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə Azərbaycan Beynəlxalq Universitetinin “Xarici Dillər (İngilis dili) fakultəsinin əyani şöbəsini bitirməsinə dair diplomun verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, 2004-cü ildə Qax rayonu, Qaratala kənd tam orta məktəbini başa vuraraq ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, 210 bal toplamaqla həmin imtahanda uğur qazanaraq Rusiya Federasiyası Maliyyə və Hüquq İnstitutuna qəbul olunmuşdur. Ailə vəziyyəti ilə əlaqədar olaraq həmin institutda təhsilini davam etdirməyi mümkün olmadığından ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Beynəlxalq Universitetinə köçürülməyini xahiş etmişdir. Həmin ərizəsi ilə bağlı müvafiq razılıq verilmiş və Azərbaycan Beynəlxalq Universitetinin “Xarici Dillər” fakültəsinin “xarici dil” ixtisası üzrə əyani şöbəsinin İİ kursunda təhsilini davam etdirməsi qərara alınmışdır. Tərəfindən həmin fakültənin İ kurs üzrə təqdim edilmiş akademik arayışla göstərilən ixtisasda təhsilini davam etdirməsi üçün 6 sayda (“Dildən praktikum” “Dilçiliyə giriş” “Müasir Azərbaycan (rus) dili” “Praktik fonetika” “Praktik qrammatika” “tibbi biliklərin əsasları”) fərq imtahanları verilmişdir. İmtahanların hər birini uğurla bitirdikdən sonra Azərbaycan Beynəlxalq Universitetinin “Xarici Dillər” fakültəsinin “xarici dil” ixtisası üzrə təhsilini davam etdirmişdir. X1 ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru X2 arasında 19 sentyabr 2005-ci ildə və 20 sentyabr 2005-ci ildə müvafiq müqavilələr bağlanmış və tərəfindən hər il üzrə nəzərdə tutulmuş hər il üçün 700 manat təhsil haqqı ödənilmişdir. Eyni zamanda təhsil aldığı müddətdə Azərbaycan Beynəlxalq Universitetində müvafiq kompyuter kurslarında iştirak etmiş və buna dair 10 iyun 2008-ci ildə 37200608 nömrəli sertifikat almışdır. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin “Xarici Dillər” fakültəsinin “xarici dil” ixtisasının əyani şöbəsi üzrə təhsilini başa vurmuş və test üsulu ilə keçirilən dövlət imtahanında iştirak edərək həmin imtahanı uğurla başa vurmuşdur. Onda olan bütün sənədlər Azərbaycan Beynəlxalq Universitetində təhsil almasını və təhsilini başa vurmasını təsdiq edir. Azərbaycan Beynəlxalq Universitetinin Təhsil Nazirliyində olan arxivində onun adının aşkar edilməmə səbəbi ona aydın deyildir. Ancaq aşkar olan bir hal mövcuddur ki, o, 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetində təhsilini başa vursa da, hal-hazıra qədər diplom ala bilməmişdir və bunda da onun heç bir təqsiri yoxdur. Göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçı Rusiya Federasiyası Maliyyə və Hüquq Universitetindən Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamədə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağadır. Ona görə də, Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmri olmuşdur. Həmin əmrin lll-cü bəndinə görə, qeyridövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V-ci bəndinə görə, Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli 46-03- 4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb, Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Tələbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu halda, universitet rəhbərliyi tərəfindən köçürülən tələbənin tələbələrə sırasına daxil olunması əmrləşdirilə bilərdi. Sənədlərdən göründüyü kimi, iddiaçının köçürülməsinə TN-yi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında heç bir problem olmazdı. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən qanunsuz olaraq rəsmiləşdirilmişdir. Təhsil Nazirliyi tərəfindən ali təhsil haqqında diplom blankı təhsil qanunvericiliyinə uyğun olaraq ali təhsil müəssisəsinə qəbul olan və müəssisəni uğurla başa vuran məzunlara verilir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2006-cı il tarixli əmrində qeyd edilmişdir ki, «Xarici dil (ingilis)» fakültəsinin əyani şöbə üzrə İİ (ikinci) kurs tələbəsi, fərq imtahanlarını vermək şərti ilə həmin fakültənin qiyabı şöbə üzrə İİ (dördüncü) kusuna köçürülsün. Əsas: ərizəsi, dekanlığın təqdimatı və mənim sərəncamım. - xx.xx.2005-ci il tarixli Azərbaycan Beynəlxalq Universiteti ilə X4 arasında bağlanmış müqavilədən görünür ki, tərəflər, X3 müsabiqədən keçərsə “Xarici dil” ixtisasının əyani şöbəsində tələbə sırasına qəbul edilməsi və digər məsələlərlə bağlı razılığa gəlmişlər. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, ABU-nun Nazirlikdə olan arxivində iddiaçının adına yazılmış diplom aşkarlanmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin iddia əsassızdır. İddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsində qeyd edilmişdi ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş (xx.xx.1996-cı ildə dövlət qeydiyyatına alınmış) «Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında» Əsasnamənin 1.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici ölkələrdən tələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi zamanı 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2002-ci il tarixli, 80 saylı əmrinə əsasən tələblərin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi yalnız Təhsil Nazirliyinin razılığı alınmaqla həyata keçirilir. İş materiallarından göründüyü kimi iddiaçı 2004-cü ildə Rusiya Federasiyası Maliyyə və Hüquq Universitetinin dizayn fakültəsinə qəbul olunduğunu və 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürüldüyünü, cavabdeh orqan isə baş vermiş köçürmənin Təhsil Nazirliyinin razılığı olmadan həyata keçirildiyini və köçürülmənin qanunsuz olduğunu bildirir. Mübahisə iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinin qanunsuz olması ilə bağlı yarandığından, bu sübutları təqdim etmək öhdəliyinin iddiaçının üzərinə düşür. Yəni, iddiaçı sübut etməlidir ki, onun 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinə Təhsil Nazirliyi razılıq vermişdir. Lakin, iş materiallarından göründüyü kimi Təhsil Nazirliyi tərəfindən belə razılıq verilməmiş, habelə iddiaçının adına diplom tərtib edilməmişdir. Beləliklə, iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə köçürülməsi müəyyən edilmədiyindən, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “cavabdehin üzərinə Azərbaycan Beynəlxalq Universitetinin “Xarici Dillər (İngilis dili) fakultəsinin əyani şöbəsini bitirməsinə dair diplomun verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.