Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1545/2022 20.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “ona dəymiş 20.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona dəymiş 20.000 manat mənəvi zərərin ödənilməsi və dövlət nümunəli diplomun tanınmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 2004-cü ildə daxili test imtahanı vermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunaraq 5 il əyani təhsil aldıqdan sonra 2009-cu ildə universiteti bitirmişdir. İddiaçıya 25 iyun 2009-cu ildə Bakı İslam Universiteti tərəfindən “İmam, islamşünas, şəriət müəllimi” ixtisası üzrə tam kursu bitirməsi barədə №-li 1382 “dövlət nümunəli diplom” verilmişdir. İddiaçı diplomun tanınması üçün cavabdehə müraciət etmiş, lakin ona verilən “dövlət nümunəli diplom” 1382 №-li ciddi təhsil sənədi kimi qəbul olunmamış və tanınmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)7522/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra-“İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia tələbinin birinci hissəsində 20.000 manat maddi zərərin ödənilməsinə dair tələbi öhdəliyin icrası haqqında iddianın xüsusi növünə aiddir və öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. İddia ərizəsinə cavabdehə iddia tələbində göstərilən məsələ ilə bağlı müraciət etməyini təsdiq edən sənəd və cavabdehin bu məsələ ilə bağlı imtinası əlavə edilmədiyindən, qaldırdığı iddia üzrə cavabdehin münasibəti məlum deyildir. Həmçinin iddia tələbinin ikinci hissəsi “dövlət nümunəli diplomun tanınması”na dair tələb məburetmə haqqında iddia növünə aiddir. “İPM”-in 33.1 və 33.2-ci maddəsinə əsasən: 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmçinin İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göstərilənlərə əsasən, iddiaçıya cavabdehə müraciət etməyini təsdiq edən sənədin və ya cavabdehin imtinasının əslini məhkəməyə təqdim etmək və qeyd olunanlara yazılı münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubuna cavabdehin imtina məktubunu əlavə etmiş və bildirmişdir ki, iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti xx.xx.2022-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə D-8435/11-24 nömrəli məktubunda qeyd etmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir". Mövcud qanunvericiliyə zidd olaraq daxili müsabiqə əsasında lisenziyasız fəaliyyət göstərən Bakı İslam Universitetinə qəbul olunmuş şəxslərə Nazirlik tərəfindən dövlət nümunəli diplom blankı verilməmişdir. Bakı İslam Universiteti tərəfindən adına yazılmış diplomun Nazirlik tərəfindən dövlət nümunəli təhsil sənədi kimi qəbul edilməməsi hər hansı maddi məsuliyyət yaratmır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı “iddia ərizəsinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək iddia tələbinin ona verilmiş diplomun dövlət nümunəli olmamasına görə dəymiş zərərin ödənilməsi ilə bağlı olduğunu qeyd etmiş və “ona dəymiş 20.000 manat mənəvi zərərin ödənilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək diplomun tanınması tələbinə dair iddiasına Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxıldığına görə hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçı müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “ona dəymiş 20.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1545/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1545/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver