Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1546/2020 21.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası) “xx.xx.2014-cü il tarixdə doğulmuş, “Doğum haqqında şəhadətnamə”də adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına dəyişdirilməsi ilə ona həmin adla, soyad, ata və ana adlarının isə dəyişdirilmədən saxlanması ilə “Doğum haqqında şəhadətnamə”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2014-cü il tarixdə doğulmuş, “Doğum haqqında şəhadətnamə”də adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına dəyişdirilməsi ilə ona həmin adla, soyad, ata və ana adlarının isə dəyişdirilmədən saxlanması ilə “Doğum haqqında şəhadətnamə”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2006-cı il tarixdə X1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X1 ilə olan birgə nikahlarından xx xxx 2009-cu ildə Alsu, xx xxxx 2012-ci ildə Gülay və xx.xx.2014-cü il tarixdə Ramazan adlı övladları doğulmuşdur. İddiaçı oğlu Ramazana “Doğum haqqında şəhadətnamə” alan zaman ilk əvvəl adı şəhadətnamədə «Ramzan» olaraq qeyd olunmuşdur. Lakin sonradan iddiaçıya məlum olmayan səbəblərdən “Doğum haqqında şəhadətnamə” ona verilməmiş və oğlunun adı dəyişdirilərək «Ramazan» adı qeyd olunan şəhadətnamə iddiaçıya təqdim edilmişdir. Bu zaman Cavabdehnə iddiaçı etirazını bildirmişdir. Şöbədə iddiaçıya bunun texniki səhv olduğunu bildirərək həmin şəhadətnamənin qəbul olunmasına iddiaçını razı salmış, sonradan adda dəyişiklik edilməsinə köməklik edəcəklərini bildirmişlər. Lakin həmin köməklik iddiaçıya edilməmiş və uşağın adı «Ramazan» olaraq qalmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə mülki qaydada baxılmalıdır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Həmçinin Cavabdeh tərəfindən də iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, əgər iddiaçı himayəsində saxlanmış övladının adının dəyişdirilməsini arzu edirsə, bu halda da işə mülki qaydada səlahiyyətli olan rayon (şəhər) məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-54.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirməsi müəyyən edilmişdir. Yuxarıda sadalanan normalardan göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı, yəni yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmçinin əlavə olaraq məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı icazə vermədiyi təqdirdə belə qeyd olunan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2) ki, İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. İddia ərizəsinə əlavə olunan İsmayıllı Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubu inzibati akt deyil, ünvanlandığı şəxs üçün hər hansı nəticə yaratmır və sonuncunun məktubu məcburilik xüsusiyyətlərinə malik deyil. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmiş, hazırki qərardadla ona yardım edilməsi və hüquqlarının izah edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası) “xx.xx.2014-cü il tarixdə doğulmuş, “Doğum haqqında şəhadətnamə”də adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına dəyişdirilməsi ilə ona həmin adla, soyad, ata və ana adlarının isə dəyişdirilmədən saxlanması ilə “Doğum haqqında şəhadətnamə”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. İddiaçıya hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1546/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1546/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver