Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1546/2024 27.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı ünvan ünvana dair xx.xx.2010-cu il tarixdə R.S.Əliyevin adına və Şəki Regional ASAN xidmət mərkəzində notarail ofisin xx.xx.2023-cü il tarixli, 4Ə-772 saylı bağışlanma müqaviləsinə əsasən X1 mənzili X4 bağışlanmaqla, xx.xx.2023-cü il tarixdə X3 adına dövlət reyestrindən verilən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq , müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki şəhəri M.F.Axundov prospekti, 13/6 saylı ünvana dair xx.xx.2010-cu il tarixdə R.S.Əliyevin adına və Şəki Regional ASAN xidmət mərkəzində notarail ofisin xx.xx.2023-cü il tarixli, 4Ə-772 saylı bağışlanma müqaviləsinə əsasən X1 mənzili X4 bağışlanmaqla, xx.xx.2023-cü il tarixdə X3 adına dövlət reyestrindən verilən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardımın göstərilməsinə dair məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların müfəssəl siyahısı müəyyən edilmişdir. Hazırkı mübahisə həmin siyahıda yer almış inzibati mübahisələrin heç birinə aid edilə bilməz. İddiaçı yardım məktubunu xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq yardım məktubuna münasibət bildirməmişdir. İddia ərizəsinə əlavə olunan sənədlərdən iddiaçının hüquqi marağının cavabdeh tərəfindən X3 adına dövlət reyestrindən verilən çıxarışların ləğv edilməsindən ibarət olduğu müəyyən olunur. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli çıxarışlar, xx.xx.2023-cü il tarixli, 4Ə-772 saylı bağışlanma müqaviləsi əsasında verilmişdir. Mübahisləndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndi: İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, xx.xx.2023-cü il tarixli, 4Ə-772 saylı bağışlanma müqaviləsi əsasında Şəki şəhəri M.F.Axundov prospekti, 13/6 saylı ünvanda yerləşən mənzil üzərində X3 hüququ dövlət qeydiyyatına alınaraq, xx.xx.2023-cü il tarixli olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışlarla rəsmiləşdirilmişdir. İddiaçıya təkrar izah olunur ki, mülki-hüquqi əqd əsasında aparılmış qeydiyyatın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün deyildir. Buna görə də sözügedən çıxarışların ləğvinə nail olmaq üçün daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənəd - mülki-hüquqi əqd (bağışlama müqaviləsi) mülki məhkəmə icraatı qaydasında ümumi rayon məhkəməsində mübahisələndirilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı ünvan ünvana dair xx.xx.2010-cu il tarixdə R.S.Əliyevin adına və Şəki Regional ASAN xidmət mərkəzində notarail ofisin xx.xx.2023-cü il tarixli, 4Ə-772 saylı bağışlanma müqaviləsinə əsasən X1 mənzili X4 bağışlanmaqla, xx.xx.2023-cü il tarixdə X3 adına dövlət reyestrindən verilən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apelyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1546/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1546/2024
27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver