Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1547/2022 27.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “60 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ИТ-İ ******* əmək kitabçasında, diplomunda, hərbi biletində qeyd edilən sosial sığorta stajı müddətlərinin, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətin nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını 1993-cü ilin aprel, 1995-ci ilin iyun aylarında və xx.xx.1998-xx.xx.1998-ci illərdə iddiaçıya əmək haqqı ödənişinin olmaması və 1996-cı ilə aid cədvəllərdə iddiaçının adının olmaması ilə əsaslandırmışdır. Odur ki, güzəştli iş dövrünün 12 il 2 ay 28 gün olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli, imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ИТ-İ ******* №-li, xx.xx.1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1981 – xx.xx.1998 (17 il 2 ay 6 gün), xx.xx.1998 – xx.xx.1999 (1 il 3 ay 7 gün), - ДТ-İ 758702 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1976-cı ildə C. Ə.Dadaşov adına Kirovabad baza inşaat texnikumuna daxil olmuş və 1981-ci ildə “Sənaye və mülki tikintiləri” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının xx.xx.1981-ci il tarixli qərarı ilə ona inşşatçı-texnik ixtisası verilmişdir . - SHXÇÜDX-nin Göyçay rayon şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - Göyçay “Aqrartikinti” filialının xx.xx.2022-ci il tarixli 02 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1997-ci il 11 saylı əmrlə 8 saylı Mexanikləşdirmə İdarəsindən iş icraçısı vəzifəsində 8 saylı YSMD-yə keçirilib və xx.xx.1998-ci ildə həmin vəzifədən azad olunub. 8 №-li YSMD xx.xx.1998-ci il tarixdən "xxxx" ASC-nin Göyçay “Aqrartikinti” filialına çevirilib. - Göyçay “Aqrartikinti” filialının xx.xx.2022-ci il tarixli 029 nömrəli arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı xx.xx.1981-ci il tarixdən 8 №-li “Tikinti işlərinin mexanikləşdirilməsi” sahəsində işə girib və aşağdakı ardıcıllıqla vəzifələrdə işləmişdir:
1. 3-cü dərəcəli daş ustası vəzifəsinə qəbul edilsin. Əmr N 281 bölmə 3. 24.Vİ.1981
2. xx.xx.1982 Müvəqqəti tikinti ustası vəzifəsinə keçirilsin Əmr N 26 xx.xx.1982
3. xx.xx.1982 Yardımçı iş ustası vəzifəsinə keçirilsin Əmr N 78 xx.xx.1982
4. xx.xx.1982 V-ci dərəcəli daş usta briqadiri vəzifəsinə keçirilsin. Əmr N 122 xx.xx.1982
5. xx.xx.1983 Normalaşdırıcı vəzifəsinə keçirilsin Əmr N 182 xx.xx.1983 6.xx.xx.1985 Tikinti ustası vəzifəsinə keçirilsin. Əmr N 63 xx.xx.1985
7. xx.xx.1977 " Azəraqrartikinti " DŞ-nin xx.xx.1997-ci il tarixli 42 saylı əmrinə əsasən 8 saylı Mİ-nin ixtisar edilməsi ilə əlaqədar olaraq Göyçay 8 saylı YSMD-nin tərkibinə keçirilsin.
8. "xxxx" Dövlət şirkətinin struktur vahidində olan 8 saylı YSMD "xxxx" ASC-nin Göyçay "Aqrartikinti" filialına çevrilsin. Əmr N 17, xx.xx.1998,
9. xx.xx.1998 Öz ərizəsinə əsasən 10 sentyabr 1998-ci il tarixdən tutduğu vəzifədən azad edilsin. Əmr №30, xx.xx.1998. - Göyçay “Aqrartikinti” filialının xx.xx.2022-ci il tarixli 08 nömrəli güzəştli arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi daş ustası, inşaat ustası, iş icraçısı və sair vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nın 29-cu bölməsinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) «b» bəndindən görünür ki, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları güzəştli pensiya hüququ verən vəzifələr sırasına daxil edilmişdir. Göründüyü kimi vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 12 il 06 ay iş stajına malik olmuşdur. İddiaçı işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» na daxil edilmişdir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasına çıxması mövcud qanunvericiliyə görə məqsədə uyğundur. - X3 Filialının xx.xx.2022-ci il tarixli 50 №-li arayışından görünür ki, iddiaçıya Göyçay 8 №-li “Tikinti işlərinin mexanikləşdirilməsi” sahəsində 1993-1998-ci illərdə (may ayınadək) əmək haqqının ödənilmişdir. - xx.xx.1997-ci il tarixli sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin uçota alınması haqqında 0573 nömrəli şəhadətnamədən, xx.xx.2006-cı il tarixədək iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üçün ödənilmiş mədaxil qəbzlərindən və Baş X2 Göyçay rayonu üzrə X2 xx.xx.1999-cu il tarixli 78/1 nömrəli arayışından görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətinin pərakəndə ticarət fəaliyyəti növü ilə məşğul olaraq Göyçay rayonu üzrə DVN-də uçota durmuş və xx.xx.2006-cı il tarixədək mütəmadi olaraq məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. - 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2001-ci il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş və X1 sistemi yarandıqdan sonra xx.xx.2004-cü il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının bitdiyi xx.xx.2016-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1959-cu ildə doğulub). Bununla belə iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciəti xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Odur ki, ödənilmənin əvvəli müraciətdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 ildən çoxdur. Belə ki, iddiaçı xx.xx.1976-cı il tarixdən Ə.Dadaşov adına Kirovabad baza inşaat texnikumunda təhsil almağa başlamış, xx.xx.1977-ci il tarixdən hərbi xidmətə getmiş, xx.xx.1979-cu ildən hərbi xidmətdən qayıdaraq təhsilini davam etdirmiş və xx.xx.1981-ci il tarixdə təhsilini başa vurmuşdur. Həmin müddətin cəmi 4 il 8 ay 25 günə bərabərdir. ИТ-İ ******* №-li, xx.xx.1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddətinin cəmi 18 il 5 ay 13 günə bərabərdir. İddiaçının xx.xx.1997-ci il tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğul olması və xx.xx.2006-cı il tarixədək məcburi dövlət sosial sığorta ödənişlərini mütəmadi olaraq ödəməsi iş materiallarından aşkar görünür. Pensiya təminatında sığortaolunanlara fərdi hesablar xx.xx.2006-cı il tarixdən açıldığından və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçot məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyindən, xx.xx.2006-cı il tarixədək ödənilən məcburi dövlət sosial sığorta haqları nəzərə alınmalı olan iş stajı kimi qəbul edilməlidir. Belə olan halda 2000-ci ilin yanvar ayından xx.xx.2006cı il tarixədək məcburi dövlət sosial sığorta ödənişləri edilmiş müddət, yuxarıda hesablanmış, 23 il 2 ay 8 gün sosial sığorta stajı ilə torplandıqda iddiaçının 25 ildən artıq ümumi stajının olması müəyyən edilir. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, xx.xx.1981xx.xx.1983-cü illərdə iddiaçı daş ustası, müvəqqəti tikinti ustası, yardımçı iş ustası, V-ci dərəcəli daş usta briqadiri və xx.xx.1985-xx.xx.1998-ci illərdə tikinti ustası vəzifəsində işləmişdir. Qeyd olunan müddət 12 il 6 aydan artıqdır. İşdə olan, güzəştli arayışla iddiaçının işlədiyi sahənin güzəştli pensiya hüququ verən vəzifələr sırasına aid olması birmənalı olaraq müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”ında 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290100b b) rəhbərlər və mütəxəssislər 2290100b—23419 tikinti və quraşdırma işlərinin ustaları 2290100b—24441 iş icraçıları koduna uyğundur. Cavabdeh orqanın “iddiaçının əmək haqqı almadığı dövrləri güzəştli iş stajına daxil etməməsi ilə bağlı” dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-278/2019 №-li qərarında əks olunmuş hüquqi mövqe). Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.