Məhkəmə qərarları › İş №2-1(116)-1547/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1547/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1547/2024 25.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1967-ci il tarixdə Qəbələ rayon Mirzəbəyli kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmış 40 nömrəli doğum akt qeydində “uşaq haqqında məlumat” qrafasında adının “Natik”dən “Natiq”-ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qəbələ rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “doğum haqqında akt qeydində adının “Natik” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Natiq” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "xx.xx.1967-ci il tarixdə Qəbələ rayon Mirzəbəyli kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmış 40 nömrəli doğum akt qeydində “uşaq haqqında məlumat” qrafasında adının “Natik”dən “Natiq”-ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxx 1967-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, İmamlı kəndində anadan olmuşdur. Valideynləri Mirzəbəyli kənd sovetliyinə doğumu barədə müraciət etmişlər və doğum qeydi aparılmışdır. Bir neçə ay bundan öncə sənədləşmə işinə görə notariat ofisinə müraciət etmiş və onun vaxtilə Qutqaşen (indiki Qəbələ) rayon Mirzəbəyli kənd sovetliyi tərəfindən xx.xx.1967-ci ildə tərtib edilmiş 09 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən uşaq haqqında məlumat qrafasında adının “Natiq” əvəzinə səhvən “Natik” kimi qeyd olunması müəyyən edilmişdir. Hamı isə onu İddiaçı kimi tanımışdır. Həmçinin, şəxsiyyət vəsiqəsində, nikah və uşaqların doğumu haqqında şəhadətnamələrində, torpaq sənədlərində, şəxsiyyət vəsiqələrində və s. digər sənədlərdə İddiaçı kimi yazılmışdır. Hal-hazırda daşınmaz əmlakın bağışlanması ilə əlaqədar Notariat ofisinə müraciət etsə də, adı Qəbələ rayon Qeydiyyat Şöbəsində saxlanılan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında və elektron mübadilə sisteminə “Natik” kimi qeyd olunduğundan bu mümkün olmamışdır. Qəbələ rayon Qeydiyyat Şöbəsinə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş adının düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 12 dekabr 2023-cü il tarixli, 3-16-5/8-15/H-252/2023 saylı imtina məktubu da verilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, mart 1967-ci il tarixli 40 nömrəli (A3 ******* nömrəli şəhadətnamə), xx.xx.1965-ci il tarixli 05 nömrəli (XVİİİ-ЖГ 484096 nömrəli şəhadətnamə), xx.xx.1989-cu il tarixli 40 nömrəli (XİV-ЖГ 279999 nömrəli şəhadətnamə), xx.xx.1997-ci il tarixli 12 nömrəli (AZ-T 058512 nömrəli şəhadətnamə), xx.xx.1990-cı il tarixli 60 nömrəli (XV-ЖГ 395855 nömrəli şəhadətnamə), xx.xx.1992-ci il tarixli 36 nömrəli (XVİ-ЖГ 479788 nömrəli şəhadətnamə) doğum haqqında aktı qeydləri, xx.xx.1988-ci il tarixli 15 nömrəli nikahın bağlanması haqqında akt qeydi (İV-ЖГ 423365 nömrəli şəhadətnamə), Qəbələ rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş fərdi uçot kartoçkası, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, Qəbələ rayon İcra Hakimiyyəti başçısının İmamlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, xx.xx.1967-ci ildə doğulmuşdur. Onun barəsində xx.xx.1967-ci il tarixdə Qəbələ rayon Mirzəbəyli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 40 nömrəli doğum akt qeydində “uşaq haqqında məlumat” qrafasında adı “Natik” olaraq qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi onun övladları barəsində tərtib edilmiş doğum akt qeydlərində (xx.xx.1965-ci il tarixli 05 nömrəli, xx.xx.1989-cu il tarixli 40 nömrəli, xx.xx.1997-ci il tarixli 12 nömrəli, xx.xx.1990-cı il tarixli 60 nömrəli, xx.xx.1992-ci il tarixli 36 nömrəli) “ata” qrafasında adı “Natiq” Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən AZE ******** №-li şəxsiyyət vəsiqəsində də onun adı “Natiq” olaraq qeyd edilmişdir. Azərbaycan dilinin böyük izahlı onomastik lüğətində də (İ kitab Antroponimlər, Bakı 2011), həmin adın düzgün yazılış forması “Natiq”-dir (kişi adı, sadə, ərəb mənşəli, «natiq» – yaxşı danışıq qabiliyyəti olan, nitq edən, danışan, söyləyən deməkdir). Odur ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. İddiaçı barəsində Qəbələ rayon Mirzəbəyli kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1967-ci il tarixdə tərtib edilmiş 40 nömrəli doğum akt qeydində “uşaq haqqında məlumat” qrafasında adının “Natik”dən “Natiq”-ə düzəliş edilməsi öhdəliyi cavabdeh Qəbələ rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar