Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-155/2020 19.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayənədəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı "1971-1973, 1984-1985, 1988-1991-ci illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. O, 1971-1973-cü illərdə Zaqatala rayonu K.Marks adına kolxozda işləmiş, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuş və xidmətdən qayıtdıqdan sonra 1997-ci ilədək yenə də Zaqatala rayonu K.Marks adına kolxozda işləmişdir. İddiaçı xx.xx.2019-cu ildə pensiya yaşına çatmışdır. O, yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh DSMF-nin Zaqatala rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu özünün xx.xx.2019-cu il tarixli **********2 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, Zaqatala Rayon Dövlət Arxivində saxlanılan şəxsi hesablarda 1971, 1972, 1973, 1984, 1985, 1988, 1989, 1990, 1991-ci illərdə qaralama və düzəlişlər olduğundan həmin illər nəzərə alınmamış və iddiaçının yalnız 15 il iş stajının düzgünlüyü təsdiq edilmişdir. İddiaçının iş stajına dair təqdim etdiyi sənədlərdə xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajının düzgünlüyü təsdiq edilmədiyindən ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, 1971-ci ildə Zaqatala rayonu K.Marks adına kolxozda işə girmiş, 1997-ci ilə qədər həmin kolxozda işləmişdir. Lakin ona əmək kitabçasının verilməsi təmin edilməmişdir. Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilən arayışda 1971-1973, 1984-1985, 1988-1991-ci illərə dair qeydlərdə düzəliş olunması səbəbilə ona yaşa görə əmək pensiyası təyin olunmamışdır. Cavabdeh iddiaya yazılı münasibətində bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək 64 yaşı tamam olmuş kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Bununla bağlı iddiaçıya əmək pensiyası təyin olunması mümkün deyildir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 297 nömrəli arxiv arayışından görünür ki, iddiaçı Osmanov X3 rayonu K.Marks adına kolxozda 1971-ci ildə 111 adam/gün, 1972-ci ildə 245 adam/gün, 1973-cü ildə 344,67 adam/gün, 1975-ci ildə 47 adam/gün, 1976-cı ildə 461 adam/gün, 1977-ci ildə 482 adam/gün, 1978-ci ildə 409 adam/gün, 1979-cu ildə 268 adam/gün, 1980-cı ildə 198 adam/gün, 1981-ci ildə 252 adam/gün, 1982-ci ildə 346 adam/gün, 1983-cü ildə 269 adam/gün, 1984-cü ildə 281 adam/gün, 1985-ci ildə 242 adam/gün, 1986-cı ildə 259 adam/gün, 1987-ci ildə 349 adam/gün, 1988-ci ildə 261 adam/gün, 1989-cu ildə 340 adam/gün, 1990-cı ildə 360 adam/gün, 1991-ci ildə 184 adam/gün, 1992-ci ildə 395 adam/gün, 1993-cü ildə 323 adam/gün, 1994-cü ildə 396 adam/gün, 1995-ci ildə 211 adam/gün, 1996-cı ildə 258 adam/gün, 1997-ci ildə 78 adam/gün işləmişdir. - İşdə olan, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin xx.xx.2019-cu il tarixli etirazından görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək 64 yaşı tamam olmuş kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Bununla bağlı iddiaçıya əmək pensiyası təyin olunması mümkün deyildir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məlum oldu ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2019-cu ildə pensiya yaşına (64 yaş) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayış, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən maddi hüquq normasının tələbindən görünür ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayış nəzərə alınır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Cavabdehin imtinasının səbəbi bu olmuşdur ki, iddiaçının iş stajını təsdiq edən sənədlərin rayon arxivində qarşılıqlı yoxlanması zamanı 1971-1973, 1984, 1985, 1988-1991-ci illərin iş stajının qaralama və düzəlişlərlə yazıldığı müəyyən edilmişdir. Cavabdehin dəlilinin yoxlanılması üçün qeyd olunan staj kitablarının surətləri tələb edilərək alındı və məhkəmədə araşdırıldı. Lakin həmin sənədlərdə onların məzmununu şübhə altına almaq üçün əsas verən hər hansı düzəlişin, yaxud qaralamanın olması müəyyən edilmədi. Ona görə də məhkəmə qeyd olunan dəlili əsaslı hesab etmədi. Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı ilə müəyyən edilir ki, iddiaçı Osmanov X3 rayonunun Danaçı kəndindəki K.Marks adına kolxozda 1971-ci ildə 111 adam/gün, 1972-ci ildə 245 adam/gün, 1973-cü ildə 344,67 adam/gün, 1975-ci ildə 47 adam/gün, 1976-cı ildə 461 adam/gün, 1977-ci ildə 482 adam/gün, 1978-ci ildə 409 adam/gün, 1979-cu ildə 268 adam/gün, 1980-cı ildə 198 adam/gün, 1981-ci ildə 252 adam/gün, 1982-ci ildə 346 adam/gün, 1983-cü ildə 269 adam/gün, 1984-cü ildə 281 adam/gün, 1985-ci ildə 242 adam/gün, 1986-cı ildə 259 adam/gün, 1987-ci ildə 349 adam/gün, 1988-ci ildə 261 adam/gün, 1989-cu ildə 340 adam/gün, 1990-cı ildə 360 adam/gün, 1991-ci ildə 184 adam/gün, 1992-ci ildə 395 adam/gün, 1993-cü ildə 323 adam/gün, 1994-cü ildə 396 adam/gün, 1995-ci ildə 211 adam/gün, 1996-cı ildə 258 adam/gün, 1997-ci ildə 78 adam/gün işləmişdir. Kolxozda minimum əmək iştirakı norması 1971-1988-ci illərdə 250 adam/gün, 1989-cu ildə 240 adam/gün, 1990-1997-ci illərdə isə 210 adam/gün olmuşdur. Göründüyü kimi, iddiaçı 1973, 1976-1979, 1981-1984, 1986-1990, 1992-1996-cı illərdə (cəmi 19 il) müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmiş, 1971, 1972, 1980, 1985, 1991, 1997-ci illərdə isə yerinə yetirməmişdir. Onun minimum əmək iştirakı normasını yerinə yetirmədiyi illərdə faktiki işlədiyi müddətin cəmi 4 il 5 ay təşkil edir. Bu hesabla iddiaçının kolxozda iş stajının cəmi 23 il 5 ay müəyyən olundu. İddiaçının 1975-ci ildə olan iş stajı onun hərbi xidmətdə olduğu müddətlə üst-üstə düşdüyünə görə nəzərə alınmalı deyil. Bundan başqa, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək (2 il 1 ay 3 gün) keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Ona görə də iddiaçının hərbi xidmətdə olduğu müddət də onun sosial sığorta stajına daxil edilməlidir. Göründüyü kimi, iddiaçının Zaqatala rayonu K.Marks adına kolxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsas verəcək. Ona görə də iddia qismən təmin edilməli, iddiaçının 1973, 1976-1979, 1981-1984, 1986- 1990, 1992-1996-cı illərdə işlədiyi müddət tam (cəmi 19 il), 1971, 1972, 1980, 1985, 1991, 1997-ci illər isə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla (cəmi 4 il 5 ay) sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia 1975-ci il ilə bağlı hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Zaqatala rayonu K.Marks adına kolxozda 1973, 1976-1979, 1981-1984, 1986-1990, 1992-1996-cı illərdə işlədiyi müddətin tam (cəmi 19 il), 1971, 1972, 1980, 1985, 1991, 1997-ci illərin isə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla (cəmi 4 il 5 ay) onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Rayon Şöbəsinin üzərinə qoyulsun. İddia 1975-ci il ilə bağlı hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-155/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-155/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver