Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-155/2021 01.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müdafiə Nazirliyinin sərəncamında qeyri-qanuni olaraq 4 il müddətdə saxlanıldığı üçün məhkəmə qərarı ilə ona 4 ilin məvacibinin ödənilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin sərəncamında qeyri-qanuni olaraq 4 il müddətdə saxlanıldığı üçün məhkəmə qərarı ilə ona 4 ilin məvacibinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin sentyabr ayında gizir kimi alınmış və 2 ay ərzində ona sərəncam pulu ödənilmişdir. Sonradan iddiaçı hərbi qulluqla təmin edilməmişdir. İddiaçı 4 il sərəncamda saxlanılmışdır. İddiaçı 1995-ci ilin may ayında qeyri-qanuni olaraq tərxis edilmişdir. İddiaçının şəxsi işi 1996-cı ilin may ayında rayon hərbi komissarlığına göndərilmişdir. İddiaçı bildirir ki, onun şəxsi işi X1 şöbəsində itirilib və ona bildiriblər ki, şəxsi işi yoxdur. İddiaçı cavabdeh orqana hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, iddiaçı N nömrəli hərbi hissənin ləğv edilməsi ilə əlaqədar sərəncama çıxarılmış, həmçinin sərəncamda olduğu müddətdə pul təminatı ödənilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 11-692 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, 1992-ci il tarixdən 1996-ci il tarixədək 4 il müddətdə Müdafiə Nazirliyinin sərəncamında saxlanıldığı üçün məhkəmə qərarı ilə ona 4 ilin məvacibinin ödənilməsi tələblərini irəli sürmüşdür. Hesab edilir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, İddiaçı N nömrəli hərbi hissənin ləğvi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli əmrinə əsasən sərəncama çıxarılmış, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli əmri ilə təyinat almaq üçün Müdafiə Nazirliyinin Kadrlar İdarəsinə gəlmədiyinə görə zabit ehtiyat taboru komandirinin sərəncamına keçirilmişdir. Daha sonra “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunun 18-ci maddəsinin “e” bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 08.7.1995-ci il tarixli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin “d” bəndinə görə müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), bir qayda olaraq, qısa müddətdə, vəzifədən azad olunduqları gündən 4 aydan gec olmayaraq vəzifəyə təyin edilillər. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 2020 nömrəli əmrilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında əsasnamənin 68-ci maddəsinə əsasən tutduqları vəzifədən azad olunaraq sərəncama keçirilən zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, sərəncamda olduqları birinci iki ayı üçün hərbi rütbə və axırıncı vəzifə maaşları, sonrakı iki ayı üçün yalnız hərbi rütbə maaşı ödənilir. Sərəncamda olmanın birinci iki ayının bitməsi ilə gizir və miçmanların vəzifə maaşları ordu Ordu Korpusunun, qoşun növü komandanlarının və daha yuxarı komandanlığın qərarı ilə ödənilə bilər. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmrilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamədə dörd aydan artıq müddətdə sərəncamda olan hərbi qulluqçulara pul təminatının ödənilməsi qaydaları və müxanizmi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.3-cü maddəsinə əsasən Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin iddia tələbi verilərkən inzibati icraatda iddianın mümkünlük şərtlərindən olan prosessual müddətlər şərti ödənilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Belə ki, iddianın inzibati orqan yəni, hazırkı vəziyyətdə Müdafiə Nazirliyinə müraciəti və inzibati orqanın iddiası barədə qərar xx xxx 2014-cü il tarixdə olduğundan iddiaçının 6 il sonra məhkəməyə müraciəti iddia tələbinin mümkünlük şərtlərinə cavab vermədiyindən iddia tələbi mümkün hesab edilə bilməz. Məhkəmə iclasında iddiaçı tərxis olunması barədə qərardan 1996-cı ildən məlumatlı olduğunu bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən, qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların (hərəkətlərin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddiası öhdəliyin icrasına dair iddia olsa da, onun 1996-cı ildən təxris olunmasından xəbəri olmuş, sərəncamda olduğu müddət üçün ona məvacibin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət etməmişdir. 2011-ci ilə qədər iddiaçının qeyd olunan tələblə məhkəməyə müraciət etmək üçün 14 ildən artıq vaxtı olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin İİ yarımbölməsinin müddəalarında öhdəliyin icrasına dair iddia növü anlayışı olmasa da, müvafiq icra hakimiyyəti orqanının, onların vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldırmaq imkanı özlüyündə hazırki tələbə uyğun iddia ilə məhkəməyə müraciət etmə hüququnu da ehtiva etmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müdafiə Nazirliyinin sərəncamında qeyri-qanuni olaraq 4 il müddətdə saxlanıldığı üçün məhkəmə qərarı ilə ona 4 ilin məvacibinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-155/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-155/2021
01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver