Məhkəmə qərarları › İş №2-1(116)-1550/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1550/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1550/2020 21.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı cavabdeh Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə qarşı "icra məmuru tərəfindən ona hesablanmış 949.30 manat icra ödənişinin ləğv edilməsi” tələbinə dair şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə qarşı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, "icra məmuru tərəfindən ona hesablanmış 949.30 manat icra ödənişinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən şikayət ərizəsində tələb belə əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-70/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh İddiaçı 13446.50 manat məbləğində pul və 15 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı X1 verilməlidir. İcra vərəqəsi üzrə İddiaçı tələbin könüllü olaraq icra edilməsi üçün xx.xx.2019-cu il tarixli bildiriş göndərilmiş və o, həmin bildirişi xx.xx.2019-cu il tarixdə almışdır. İddiaçı iş üzrə borclu olduğu 13461.50 manat pulu xx.xx.2020-ci il tarixdə Aynur Məmmədovaya ödəmişdir. Borc ödənilib bitdikdən sonra Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı borcun 7 faizi, yəni 949.30 manat pulun Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilməsi tələb olunmuşdur. Ödənişi etməyəcəyi təqdirdə barəsində məcburi icra tədbirlərinin tətbiq ediləcəyi ilə bağlı rəsmi xəbərdarlıq edilmişdir. İddiaçı 949.30 manat icra ödənişini ödəyə bilməmişdir. Ona tələbin könüllü olaraq 10 gün ərzində təmin edilməsi barədə bildiriş göndərilsə də borcu ödəyə bilməmişdir. Çünki 13461.50 manat borcu ödəmək üçün həmin vaxtı maddi imkanı olmamışdır. Bildirişdən sonra məlum olduğu kimi ölkədə pandemiya ilə bağlı karantin elan olunmuş və maddi imkansızlıq olmuşdur. Karantin bitdikdən sonra borcu ödəmək üçün iddiaçı özünə məxsus olan evi ipoteka yolu ilə satmış və əldə olunan vəsaitnən borcunu bağlamışdır. Şikayət ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, İddiaçı icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və ödənilməli məbləğin 7 faizi məbləğində icra ödənişi, yəni 949.30 manat məbləğ Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-70/2019 nömrəli icra sənədi ilə əlaqədar tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati qaydada inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar inzibati məhkəmə araşdırmasının predmeti deyil. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16 və 35, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə qarşı "icra məmuru tərəfindən ona hesablanmış 949.30 manat icra ödənişinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar