Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1554/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı “mərhum atasına məxsus olmuş torpaq sahəsinin ona geri qaytarılması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı mərhum atasına məxsus olmuş torpaq sahəsinin ona geri qaytarılması barədə ərizə ilə Məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinizə çatdırılmışdır ki, ərizəsi İPM-in 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Belə ki, Məcəllənin 27-ci maddəsində əsasən iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Lakin ərizədə qeyd olunan tələblərə riayət olunmamışdır. Ərizənizin məzmunundan məhkəməyə müraciət etməkdə məqsədinin mərhum atasına məxsus torpaq sahəsinin ona və ailə üzvlərinə geri verilməsi ilə bağlı olduğu aydın olsa da, tələb ərizədə dəqiq göstərilmədiyindən məhkəmə tərəfindən hansı inzibati orqana qarşı iddia qaldırdığını və ya hansı inzibati aktı, yaxud inzibati orqanın imtinasını mübahisələndirdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin diqqətinə çatdırılmışdır ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olmasına baxmayaraq, bununla bağlı cavabdehə müraciət edilməsi, cavabdehin iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi və ya müraciəti cavabsız saxlaması iş materialları ilə müəyyən olunmur. Məhkəmə zəruri olaraq qeyd etmişdir ki, müraciət iddia qaldırılan tarixə qədər edilməli, imtina cavabı iddia ərizəsinin təqdim edildiyi xx.xx.2022-ci il tarixdən əvvələ aid olmalıdır. Əlavə olaraq bildirilmişdir ki, İPM-in 46.2-ci maddəsinə əsasən məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin iddiaçının öz tələbini əsaslandırdığı faktlar, digər sübutetmə vasitələri, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar, iddiaçının istəyinə uyğun olaraq həmin inzibati aktın layihəsi, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, iddiaçının vəsatətləri, əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla mübahisələndirilən inzibati akt, şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı və ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilə bilər. Həmçinin bildirilmişdir ki, İPM-in 46.3-cü maddəsinə görə iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Odur ki, yuxarıda qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün ərizəçiyə vaxt verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, o, hazırkı müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəçinin məhkəməyə ünvanladığı müraciətindən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”): 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 16.3, 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia ərizəsinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı “mərhum atasına məxsus olmuş torpaq sahəsinin ona geri qaytarılması” tələbinə dair ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1554/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1554/2022
05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver