Məhkəmə qərarları › İş №2-1(116)-156/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-156/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-156/2023 16.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ağsu rayon İcra Hakimiyyətinə qarşı “Ağsu rayonun Kəndoba kəndində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi üzərində quşçuluq təsərrüfatı yaradılması üçün tikdirdiyi tikiliyə baxış keçirilib “KOD” nömrəsi sənədi verilməsi və ona vurulmuş 10000 (on min) manat hecmində maddi və mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ağsu rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ağsu rayonun Kəndoba kəndində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi üzərində quşçuluq təsərrüfatı yaradılması üçün tikdirdiyi tikiliyə baxış keçirilib “KOD” nömrəsi sənədi verilməsi vəzifəsini və ona vurulmuş 10000 (on min) manat hecmində maddi və mənəvi ziyanın ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-156/2022 nömrəli qərardadı ilə Ağsu rayonu Kəndoba bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsini dəyişərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu rayonu kəndoba kəndi ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı növbəti dəfə tələbini dəyişərək Ağsu rayon İcra Hakimiyyətinin cavabdeh qismində qeyd edilməsini və “Ağsu rayonun Kəndoba kəndində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi üzərində quşçuluq təsərrüfatı yaradılması üçün tikdirdiyi tikiliyə baxış keçirilib “KOD” nömrəsi sənədi verilməsi vəzifəsini və ona vurulmuş 10000 (on min) manat hecmində maddi və mənəvi ziyanın ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən 26 dekabr 2022-ci il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarının 4.2-ci bəndinə əsasən tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir... İstinad olunan Qaydaların tələbləri baxımından tikinti obyektinə kodun verilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Yəni, hazırkı iddia tələbi üzrə cavabdeh - Ağsu rayon İcra Hakimiyyəti iddia tələbinə cavab verməli inzibati orqan deyil. Odur ki, “tikinti obyektin kodun verilməsi” ilə bağlı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olduğundan, sözügedən orqana hazırkı tələblə məhkəmədə iddia qaldırılmamışdan əvvəl müraciət edilmişdirsə və müraciət təmin edilməmişdirsə (yaxud cavabsız saxlanılmışdırsa) müvafiq imtina cavabı (və ya müraciətin edilməsini təsdiq edən sübutun) təqdim edilməlidir. İddia tələbinin “10000 manat həcmində maddi və mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə isə izah edilmişdir ki, Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İMP-in 34.1-ci maddənin 2-ci cümləsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər İddia ərizəsinə cavabdeh orqanın maddi və mənəvi ziyanın ödənilməsindən imtina etməsi və ya müraciəti cavabsız saxlaması barədə sənəd əlavə edilməmişdir. Odur ki, tələbin həmin hissəsində məhkəmədə iddia qaldırılmamışdan əvvəl Ağsu rayon İcra Hakimiyyətinə müraciət edilmişdirsə və müraciət təmin edilməmişdirsə (yaxud cavabsız saxlanılmışdırsa) müvafiq imtina cavabı (və ya müraciətin edilməsini təsdiq edən sübutun) təqdim edilməlidir. Yuxarıda qeyd olunan nöqsanların xx.xx.2022-ci il tarixə saat 09:40-a təyin edilmiş şifahi məhkəmə baxışı iclasınadək aradan qaldırılması və məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi təklif olunmuşdur. Bununla belə iddiaçı tərəfindən cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina cavabları məhkəməyə təqdim edilməmiş, yol verilmiş nöqsanlar aradan qaldırılmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmiş, iddiaçıya bir daha hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Ağsu rayon İcra Hakimiyyətinə qarşı “Ağsu rayonun Kəndoba kəndində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi üzərində quşçuluq təsərrüfatı yaradılması üçün tikdirdiyi tikiliyə baxış keçirilib “KOD” nömrəsi sənədi verilməsi və ona vurulmuş 10000 (on min) manat hecmində maddi və mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar