Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1562/2024 30.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul olunmuş inzibati aktın ləğv olunması və əvvəllər ödənilmiş dövlət rüsumu nəzərə alınmaqla, yenidən dövlət rüsumu ödənilmədən həmin ərazinin döngə koordinatlarının yenidən müəyyən olunması və mənəvi zərər vurduğu üçün 5000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən qəbul olunmuş inzibati aktın ləğv olunması və əvvəllər ödənilmiş dövlət rüsumu nəzərə alınmaqla, yenidən dövlət rüsumu ödənilmədən həmin ərazinin döngə koordinatlarının yenidən müəyyən olunması və mənəvi zərər vurduğu üçün 5000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsi imzalanmamış və cavabdeh orqana qarşı aşağıdakı tələblər irəli sürülmüşdür: - cavabdeh tərəfindən qəbul olunmuş inzibati aktın ləğv olunması, - əvvəllər ödənilmiş dövlət rüsumu nəzərə alınmaqla, yenidən dövlət rüsumu ödənilmədən həmin ərazinin döngə koordinatlarının yenidən müəyyən olunması, - mənəvi zərərə görə 5000 manat məbləğində kompensasiya ödənilməsi. İddiaçının nəzərinizə çatdırılmışdır ki, iddia ərizəsi imzalanmadan məhkəməyə təqdim edilmişdir. İnzibati Prosessual Məcəllənin 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər qeyd edilmişdir. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Prosessual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin, yəni iddia tələbinə baxılmasında hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından vacib əhəmiyyət daşıyır. Odur ki, qeyd olunan nöqsan aradan qaldırılmalıdır. İddia tələbinin “cavabdeh tərəfindən qəbul olunmuş inzibati aktın ləğv olunması” hissəsi ilə bağlı izah edilmişdir ki, həmin hissədə tələb aydın deyil. Odur ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş, mübahisələndirilən inzibati aktla bağlı məlumatlar aydın qeyd edilməlidir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Əgər ləğv olunması tələb olunan inzibati akt olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə tərtib edilmiş “yerli baxışın nəticələrinə dair” yekun aktları nəzərdə tutulursa, tərtib edilmiş həmin aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt deyillər. Belə ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Mübahisələndirdiyiniz aktlar publik hüquq sahəsinə aid olan hər hansı məsələni nizama salmır və ünvanlandığı subyektlər barəsində hər hansı hüquqi nəticə yaratmır. Odur ki, sözügedən aktların inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün deyildir. İddia tələbinin “əvvəllər ödənilmiş dövlət rüsumu nəzərə alınmaqla, yenidən dövlət rüsumu ödənilmədən həmin ərazinin döngə koordinatlarının yenidən müəyyən olunması” hissəsinə münasibətdə isə izah edilmişdir ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsində “həmin ərazi” olaraq qeyd edilən torpaq sahəsinin hansı ərazi olması aydın qeyd edilməmişdir. Lakin, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hüquqi marağı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilmiş 0,3593 ha torpaq sahəsinin ona tanıdılmasından ibarətdir. İddia ərizəsində sözügedən torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə iddiaçının iştirakı ilə baxışın keçirildiyi təsdiq edilir. Eyni zamanda iddia ərizəsinin məzmununda göstərilir ki, iddiaçıya məxsus torpaq sahəsinə baxış keçirmədən həmin ərazinin döngə nöqtələrinin koordinatlarının müəyyən olunmasına dair yalan akt tərtib edilmiş, daha sonra xx.xx.2023-cü il tarixli akt tərtib olunduqdan sonra xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. Göründüyü kimi hər bir halda cavabdeh orqan tərəfindən torpaq sahəsinə baxışın keçirilməsi, A802636 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış koordinatlar daxilində yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının tanıdılması baş vermişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmiş xüsusatlar da, bunu bir daha təsdiq edir. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilmiş 0,3593 ha torpaq sahəsi cavabdeh orqan tərəfindən artıq sizə tanıdıldığından, yenidən dövlət rüsumu ödənilmədən həmin ərazinin döngə koordinatlarının müəyyən olunması ilə bağlı nail olmaq istədiyiniz hüquqi nəticə aydın deyil. İddiaçıya izah edilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı halda torpaq sahəsinin tanıdılmasından cavabdeh orqan imtina etməmiş və iddiaçının özünüzün də, iştirakı ilə A802636 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış koordinatlar daxilində tanıdılmanı həyata keçirmişdir. Buna görə də, məhkəmə tələbin həmin hissəsində iddiaçının hüquqi müdafiəyə ehtiyacının olmaması qənaətindədir. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmə əlavə olaraq izah edir ki, əgər iddiaçının hüquqi marağı A802636 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış koordinatların dəyişdirilməsi ilə bağlıdırsa, yəni cavabdeh orqan tərəfindən iddiaçıya tanıdılan torpaq sahəsi ilə iddiaçı hər hansı səbəbdən razılaşmırsa sözügedən torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə arzu etdiyi qaydada düzəlişlərin icra edilməsi ilə bağlı cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddia tələbinin “mənəvi zərərə görə 5000 manat məbləğində kompensasiya ödənilməsi” hissəsində izah edilir ki, bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də, iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizənizə əlavə edilmiş sənədlərə iddiaçının müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Bu isə tələbin qeyri-mümkün sayılması üçün əsasdır. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə 10 gün müddətində münasibət bildirilməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə yardım məktubunu e-poçt ünvanı vasitəsilə qəbul etməsinə baxmayaraq, ötən müddət ərzində nöqsan aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul olunmuş inzibati aktın ləğv olunması və əvvəllər ödənilmiş dövlət rüsumu nəzərə alınmaqla, yenidən dövlət rüsumu ödənilmədən həmin ərazinin döngə koordinatlarının yenidən müəyyən olunması və mənəvi zərər vurduğu üçün 5000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1562/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1562/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver