Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1566/2022 04.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə vetaranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müharibə vetaranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı ikinci Qarabağ müharibəsi zamanı Mingəçevir şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsinin TTTY şöbəsinin sürücüsü vəzifəsində 2020-ci ildə 44 günlük Vətən Müharibəsi dövründə kömək məqsədilə yaralı əsgərlər və şəhidlərin daşınmasında, birbaşa döyüş əməliyyatlarında fəal iştirak etmişdir. İddiaçının həmin döyüş əməliyyatlarında iştirak etmə faktını onunla birgə döyüş əməliyyatlarında iştirak edən səyyar həkim briqadası da təsdiq edə bilər. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 4/3-6016 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “Müharibə veteranları” hissəsinin onuncu və on birinci absazlarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növlən üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Bu Əsasnamənin birinci hissəsinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (0 cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin birinci hissəsinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli 11/3057 nömrəli etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə saat 13:00-da teleqram ünvanlayaraq iddianın geri götürülmüş sayılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının teleqramını ərizə qismində iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçı müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə vetaranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1566/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1566/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver