Məhkəmə qərarları › İş №2-1(116)-1566/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1566/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1566/2025 25.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı (orta təhsilli, işləməyən) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Mingəçevir şəhəri, H.Əliyev pr., 76/1, ev 7) cavabdeh – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Parlament prospekti 3) qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» iddia tələbi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1999-cu il təvəllüdlüdür, 2017 – 2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki müvafiq hərbi hissələrdə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ilin sentyabr ayında yenidən xidmətə çağırılmış və 29 sentyabr 2020-ci il tarixdən 9 yanvar 2021-ci il tarixədək N saylı hərbi hissədə baş atıcı vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2N dekabr 2020-ci il tarixli Sərəncamı ilə o (iddiaçı), “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh 8 oktyabr 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırılmışdır. İddiaçı «Veteranlar haqqında» Qanunun 3, 7-ci maddələrinə, İPM-in 2.2.2, 33.1-ci maddələrinə istinadən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasını mübahisələndirir və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini əsas gətirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakultativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müvafiq normanın (Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiqlənmiş Əsasnamə) dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; - Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. N nömrəli hərbi hissədən təqdim olunmuş N dekabr 2024-cü il tarixli 3531 nömrəli sənədə əsasən iddiaçı xidmət keçdiyi 5-ci taborun 15-ci bölüyünün 2-ci taqımının 1-ci manqasının baş atıcısı vəzifəsinə xidmətə qəbul edilmiş və 9 yanvar 2021-ci il tarixdə hərbi qeydiyyata alınmaq üçün Yevlax Rayon Şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. Laçın rayonu 1 dekabr 2020-ci il tarixdən etibarən döyüş əməliyyatları olmadan Azərbaycan Respublikasının nəzarəti altına keçmiş və ilk olaraq N nömrəli hərbi hissə Laçın rayonuna daxil olmuşdur. Bu səbəbdən döyüş əməliyyatlarında iştirak etməməsinə baxmayaraq, həvəsləndirmə qaydasında İddiaçı “Laçın rayonunun azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya” tərəfindən iddiaçının müraciəti barədə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddiaçının “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İmtina barədə məktub 8 oktyabr 2024-cü il tarixə, iddia ərizəsinin poçt xidmətinə verilməsi 12 noyabr 2024-cü il tarixə, məhkəməyə daxil olması isə 16 noyabr 2024-cü il tarixə təsadüf etsə də, cavabdeh tərəfin həmin imtinanın iddiaçıya 8 – 12 oktyabr 2024-cü il tarixləri arasındakı günlərdə hər hansı (rəsmi və ya elektron) qaydada təqdim olunmasına dair sübut və ya dəlili olmadığından, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası qanuna zidd sayılmalı və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş AR CM-in 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1ci bəndinin 9-cu yarımbəndinə görə müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikası Prezidentinin 2N dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişlər: . . . İddiaçı – əsgər. Göründüyü kimi, qanunvericilik normaları müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində iştirak etmiş hərbi qulluqçuları müharibə veteranı sayır və onlara müharibə veteranı adı və vəsiqəsinin verilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə, İddiaçı 2020-ci ildə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsinə görə hərbi qulluqçu kimi “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bununla da müəyyən edilir ki, İddiaçı 2020-ci ildə işğal altında olan bölgələrin azad olunması üzrə aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanlanmış sorğuya (tələbnaməyə) həmin qurumdan alınmış cavabdan xx xxxx 1999-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş İddiaçı məhkumluğuna, eləcə də barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya onun amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Bu isə, belə nəticə yaradır ki, İddiaçı «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində göstərilən şəxslərin dairəsinə aid edilmir. Məhkəmə diqqətə çəkir ki, Laçın rayonunun işğaldan azad olunması ilə bağlı medalla təltif olunmuş şəxs kimi hazırkı İddiaçı Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin 9-cu yarımbəndinin təsir dairəsinə aid edilmiş hərbi qulluqçu olmasa da, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsi onun müharibə veteranı statusu almasına əsas verir. Odur ki, məhkəmə tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək cavabdehin imtinası ilə razılaşmır və iddianı əsaslı sayır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq, İPM-in 69, 73.1, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar