Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1569/2024 05.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Şərif kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.8664 ha. torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Müəyyən etdi : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayonu Şərif kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.8664 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Balakən rayonu Şərif kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.8664 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin ona və ailəsinə Balakən Rayon Aqrar İsıahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə ayrılmasını və JN-0095 saylı “Torpağa mülkiyyət hüququna dair”dövlət aktının tərtib edilməsini bildirir. Cavabdeh orqanın imtina dəlili sözügedən torpaq sahəsinin ərazi idarəsinin xidməti istifadəsində olan elektron islahat və torpaqların elektron uçot xəritələrində öz əksini tapmaması ilə bağlıdır. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır. Təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin ölçüləri naturada 0.65 ha olmaqla Balakən rayonu, Şərif kəndinin hüdudları daxilində X1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş JN-130D nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 1.0 ha cizgisində göstərilən kənd təsərrüfatlı təyinatlı əkin ərazisinin hüdudları daxilində yerləşir və sözügedən torpaq sahəisi iddiaçı tərəfindən naturada istifadə edilmir. İddia olunan 0.65 ha torpaq sahəsi TEKUİS məlumat bazasındada 130 nömrə ilə X1 və onun ailə üzvlərinin adına işlənilmişdir. Məhkəmə tərəfindən JN-130D nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ilkin islahat xəritəsində yerləşmə vəziyyəti yoxlanılmış və cavabdeh tərəfindən təqdim edilmiş yerquruluşu planı ilə müəyyən edilmişdir ki, faktiki olaraq həmin Dövlət Aktı DWJ xəritəsində də, həmin əraziyə uyğun göstərilmişdir. Yəni, JN-130D nömrəli Dövlət Aktının DWJ və TEKUİS məlumatları eyni əraziyə aiddir. Odur ki, sözügedən Dövlət Aktı iddia olunan torpaq sahəsi üzərində X1 və onun ailə üzvlərinin ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını sübut edir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinə dair Dövlət Aktları cavabdeh orqandan götürülərək işdə olan JN-0095 saylı Dövlət Aktının cizgisi ilə müqayisəli tədqiq edilmişdir. Bununla belə qonşu torpaq sahələrinə dair Dövlət Aktları əsasında JN-0095 saylı Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi X1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə aiddir. Odur ki, iddiaçı, arzuladığı məqsədə nail olmaq üçün inzibati məhkəmə icraatı qaydasında JN-130D nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını iddia etdiyi torpaq sahəsi ilə üstüstə düşən hissədə mübahisələndirməlidir. Qaldırılmış iddia müsbət həll olunduğu halda iddiaçı, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə, müraciəti təmin olunmadıqda isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, iddia olunan torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüquqlar mövcud olduğundan, həmin qeydiyyat ləğv edilmədən hər hansı digər subyektin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyil. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4№-li qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Şərif kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.8664 ha. torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1569/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1569/2024
05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver