Məhkəmə qərarları › İş №2-1(116)-157/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-157/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-157/2021 20.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Zərdab Rayon Çallı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı ilə Çallı kəndi ərazisindən kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsindən fərdi yaşayış evinin inşası məqsədilə ona satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1986-cı ildə Zərdab Rayon Çallı kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayır. İddiaçı həyətyanı torpaq sahəsinin dəyəri kimi 162 manat məbləğində pulu xx.xx.2006-cı ildə Zərdab Rayon Çallı Bələdiyyəsinə ödəmişdir. "Çallı Bələdiyyəsinin 2006-cı il üçün iclas protokolları kitabı"ndan görünür ki, Zərdab Rayon Çallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 8 nömrəli qərarı ilə İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi həmin qərarın qanunvericiliyin tələlərinə uyğun olmaması səbəbindən ləğv olunmasını Bələdiyyəyə tövsiyə etmişdir. Ona görə də Zərdab Rayon Çallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 nömrəli qərarı ilə həmin Bələdiyyənin xx.xx.2006-cı il tarixli 8 nömrəli qərarı ləğv edilmişdir. Bundan sonra Zərdab Rayon Çallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarı ilə İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Zərdab Rayon Çallı Bələdiyyəsi tərəfindən "Zərdab rayon Çallı kənd sakini İddiaçı Yəhya oğluna ayrılan həyətyanı torpaq sahəsinin planı" tərtib olunmuş, həmin sənəd Çallı Bələdiyyəsinin sədri və DTXK-nin Zərdab rayon şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Zərdab Rayon Çallı Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2006-cı ildə "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, həmin sənəddə Bələdiyyənin xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarına istinad edilmişdir. Eyni zamanda, Zərdab Rayon Çallı Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2006-cı ildə "Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi" bağlanmış, həmin sənəddə də Bələdiyyənin xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarına istinad edilmişdir. İddiaçı cavabdehə müraciət edərək 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********52 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsinə müayinə baxışının keçirilməsi iddiaçı tərəfindən təmin edilməmiş, eyni zamanda, torpaq sahəsi üzərində mübahisənin olması müəyyən edilmişdir. Bundan başqa, araşdırma aparılan zaman alqı-satqı müqaviləsinin əsli ərizəyə əlavə olunmadığından ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, "Zərdab Rayon Çallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarı ilə Çallı kəndi ərazisindən kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsindən fərdi yaşayış evinin inşası məqsədilə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət qeydiyyatı ilə bağlı sənədləşdirmə işlərinin aparılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz iddia ərizəsində Zərdab Rayon Çallı Bələdiyyəsinin qərarının tarixini xx.xx.2006-cı il kimi göstərsə də, həmin qərarın iddia ərizəsinə əlavə olunmuş surətində tarix xx.xx.2007-ci il kimi göstərilmişdir. Ona görə də məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə bu məsələyə yazıl izah verilməsi iddiaçıya təklif edilmişdir. Bundan sonra İddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək, Zərdab Rayon Çallı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı ilə Çallı kəndi ərazisindən kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsindən fərdi yaşayış evinin inşası məqsədilə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət qeydiyyatı ilə bağlı sənədləşdirmə işlərinin aparılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək, Zərdab Rayon Çallı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı ilə Çallı kəndi ərazisindən kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsindən fərdi yaşayış evinin inşası məqsədilə ona satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli protokol qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddianı belə əsaslandırmışdır ki, həyətyanı torpaq sahəsinin alqısatqısına dair müvafiq sənəd olsa da, sözügedən 0,12 ha torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdeh tərəfindən əsassız olaraq imtina verilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********34 nömrəli iddiaya etiraz məktubunda imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, həmin torpaq sahəsinə müayinə baxışı keçirilən zaman şəxsiyyəti məlum olmayan şəxs tərəfindən ölçü işlərinin aparılmasına maneçilik yaradılmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, BFİ-793158 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Rasim oğlu həyətyanı torpaq sahəsinin dəyəri kimi 162 manat məbləğində pulu xx.xx.2006-cı ildə Zərdab Rayon Çallı Bələdiyyəsinə ödəmişdir. - "Çallı Bələdiyyəsinin 2006-cı il üçün iclas protokolları kitabı"ndan görünür ki, Zərdab Rayon Çallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 8 nömrəli qərarı ilə İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi həmin qərarın qanunvericiliyin tələlərinə uyğun olmaması səbəbindən ləğv olunmasını Bələdiyyəyə tövsiyə etmişdir. Ona görə də Zərdab Rayon Çallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 nömrəli qərarı ilə həmin Bələdiyyənin xx.xx.2006-cı il tarixli 8 nömrəli qərarı ləğv edilmişdir. Bundan sonra Zərdab Rayon Çallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarı ilə İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. - İşdə olan, Zərdab Rayon Çallı Bələdiyyəsi tərəfindən tərtib edilmiş "Zərdab rayon Çallı kənd sakini İddiaçı Yəhya oğluna ayrılan həyətyanı torpaq sahəsinin planı"ndan görünür ki, həmin sənəd Çallı Bələdiyyəsinin sədri və DTXK-nin Zərdab rayon şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. - İşdə olan, Zərdab Rayon Çallı Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2006-cı ildə tərtib edilmiş "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, həmin sənəddə Bələdiyyənin xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarına istinad edilmişdir. Həmin sənəd DTXK-nin Zərdab rayon şöbəsinin möhürünün əksi olan sənədin kserosurətinin üzərində tərtib edilmişdir. - İşdə olan, Zərdab Rayon Çallı Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2006-cı ildə bağlanmış "Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi"ndən görünür ki, həmin sənəddə Bələdiyyənin xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarına istinad edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı satılmış 0,12 ha torpaq sahəsinə aid təqdim edilmiş sxem yerquruluşu qaydasında tərtib olunmadığından (miqyas, istinad nöqtəsi) həmin torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İlk növbədə məhkəmə bunu qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Zərdab Rayon Çallı Bələdiyyəsinin iclas protokolundan çıxarışda ona torpaq sahəsinin satılması barədə qərarın tarixi xx.xx.2007-ci il, nömrəsi isə 10 göstərilsə də, məhkəmə tərəfindən sorğu edilərək alınmış "Çallı Bələdiyyəsinin 2006-cı il üçün iclas protokolları kitabı"ndan məlum oldu ki, həmin qərarın tarixi xx.xx.2006-cı il (qələmlə üstündən düzəlişlər edilmişdir), nömrəsi isə 12-dir. Bələdiyyə ilə iddiaçı arasında tərtib edilmiş "Torpaqların alqı-satqısına dair akt"da və "Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi"ndə də səhvən Bələdiyyənin xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarına istinad edilmişdir. "Daşınmaz əmlakı dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin torpaq sahəsinin iddiaçıya satılması barədə qərarın verildiyi vaxt qüvvədə olmuş redaksiyasında deyilirdi ki, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 24-cü maddəsində deyilir ki, bələdiyyə torpaqlarının monitorinqinin, torpaq kadastrının və yerquruluşu işlərinin aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsində göstərilmişdir ki, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. (1-ci bənd) Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. (2-ci bənd) Sadalanan normaların məzmunundan görünür ki, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Burada "qanunla müəyyən edilmiş qaydada" dedikdə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və s. normativ-hüquqi aktlar ilə müəyyən edilmiş qayda nəzərdə tutulur. Müəyyən edilmiş qayda isə bundan ibarətdir ki, bələdiyyəyə məxsus olan torpaq sahəsi satıldığı zaman satılan torpaq sahəsinin yerquruluşu planı (xəritə) tərtib edilməli, həmin sənəd ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər) əks etdirməlidir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin satılması barədə qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Lakin müəyyən edildi ki, İddiaçı Yəhya oğluna torpaq sahəsi satılarkən qanunvericiliklə müəyyən edilmiş qaydaya riayət edilməmişdir. Belə ki, torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Zərdab Rayon Çallı Bələdiyyəsi məhkəməyə verdiyi xx.xx.2020-ci il tarixli arayışda belə sənədlərin mövcud olmadığını bildirmişdir. Bundan başqa, "Zərdab rayon Çallı kənd sakini İddiaçı Yəhya oğluna ayrılan həyətyanı torpaq sahəsinin planı" adlanan sənəddə yalnız dördbucaq fiquru çəkilmiş, ərazinin vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər) əks etdirilməmişdir. Həmin sənəd məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinə göndərilərək İddiaçı Yəhya oğluna satılmış 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi xahiş olunmuşdur. Lakin alınmış mütəxəssis rəyindən məlum olmuşdur ki, təqdim edilmiş sxem yerquruluşu qaydasında tərtib olunmadığından (miqyas, istinad nöqtəsi) İddiaçı satılmış 0,12 ha torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, Zərdab rayonu Çallı Bələdiyyəsi tərəfindən tərtib edilmiş sənədlər İddiaçı Yəhya oğluna satılmış 0,12 ha torpaq sahəsinin dəqiq yerini, döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Onun özünün naturada göstərdiyi və Bələdiyyə tərəfindən ona satıldığını iddia etdiyi torpaq sahəsi ilə bağlı isə onunla başqa bir həmkəndlisi arasında mübahisə vardır. Məhkəmə hesab edir ki, belə olan halda, 0,12 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil və cavabdeh qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Zərdab Rayon Çallı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı ilə Çallı kəndi ərazisindən kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsindən fərdi yaşayış evinin inşası məqsədilə ona satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar