Məhkəmə qərarları › İş №2-1(116)-157/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-157/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-157/2022 30.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin onun barəsində çıxarılmış 25 yanvar 2021-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin onun barəsində çıxarılmış 25 yanvar 2021-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli 2-1(112)-5804/2021 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İş 09.07.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, 01 yanvar 2021-ci il tarixdə növbətçi köməkçisi olduğu dövrdə Zərdab rayonu Burunlu kəndindən 102 xidmətinə məlumat daxil olmuşdur. Gecə saatlarında məlumatla bağlı olaraq şöbəyə sərxoş halda vətəndaş gətirilmişdir. Vətəndaş sərxoş olduğundan ətrafdakı əməkdaşlara kəskin ifadələr işlətmiş, aqressiv davranışlar sərgiləmişlər. Bu tip vətəndaşların hərəkətlərini sübut etmək və gələcəkdə əməkdaşlar barədə şikayətin əsassızlığını sübut etmək məqsədilə şöbədə kameralar işləmədiyindən şöbə rəisinin şifahi göstərişinə əsasən baş vermiş hadisəni iddiaçı şəxsi telefonu vasitəsilə çəkmişdir. Qeyd edilən video fayllar iddiaçının telefonundan digər əməkdaşlara köçürülmüşdür. Köçürülmüş həmin video isə digər şəxslərə yayılmışdır. Qeyd edilən video şikayətçinin hər hansı şəkildə qanunla qorunan hüququnu pzomamış və iddiaçı barəsində işi ilə bağlı təhqiqat aparılarkən barəsində şikayət olunan şəxs bunu izahatında təsdiq etmişdir. İddiaçı bildirir ki, 25.01.2021-ci il tarixli əmr ona təqdim edilmədiyindən Bakı şəhəri 26 saylı vəkil bürosu tərəfindən 22 fevral 2021-ci il tarixli 051 saylı sorğu ilə həmin əmrin təqdim edilməsi xahiş edilsə də, cavabdeh orqan 16.03.2021-ci il tarixli 002238-12221 saylı məktubu ilə 25.01.2021-ci il tarixli əmrin təqdim edilməsindən imtina etmişdir. İddiaçıya və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 04.03.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 04.12.2021-ci il tarixli 002-963-1221 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, cavabdehin 25.01.2021-ci il tarixli qərarı ilə İddiaçı 25.01.2021-ci il tarixdə tanış edilmiş, lakin qanunla müəyyən edilmiş 30 günlük müddəti keçirməklə iddia ərizəsi verilmişdir. İddiaçıya, onun nümayəndəsi və vəkilinə İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş və 5 gün müddətində yuxarıda göstərilənlərə yazılı şəkildə münasibət bildirilməsi təklif edilmişdir. Yardım məktubunda qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə iddiaçı və onun nümayəndəsi və vəkili tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 ərizə təqdim edərək, iddiaçının əmək kitabçasını 25.01.2021-ci il tarixdə aldığını bildirmiş, iddiaçının hüquqi savadsızlığını və hümanizm prinsiplərini nəzərə alaraq buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, həmçinin iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materiallarında olan DİN Baş Təşkilat-İnspeksiya İdarəsinin 04.12.2021-ci il tarixli 002-963-1221 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı 25.01.2021-ci il tarixli Ə70-001-21 nömrəli əmrlə elə həmin gün, yəni 25.01.2021-ci il tarixdə tanış edilmiş və bununla bağlı İddiaçı tərəfindən müvafiq imza edilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili izahatında və buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində iddiaçının əmək kitabçasını 25.01.2021-ci il tarixdə aldığını bildirmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin mübahisəli qərarından daha əvvəl məlumatlı olsa da, onu İPM-in tələblərinə müvafiq qaydada mübahisələndirməmiş, həmin qərarın qəbul olunmasından 2 aydan artıq müddət keçdikdən sonra mübahisələndirməklə hazırkı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçıya buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunsa da, təqdim edilmiş ərizədə müddətin bərpa edilməsi üçün əsasların mövcud olmadığı müəyyən edilmişdir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin onun barəsində çıxarılmış 25 yanvar 2021-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar