Məhkəmə qərarları › İş №2-1(116)-157/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-157/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-157/2025 25.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib edilmiş **********15 saylı, xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarında 54 kv.m sahəsi olan talvarın və 75 kv.m torpaq sahəsinin mülkiyyətinə verilmiş 0,1389 ha torpaq sahəsinin daxilində göstərilməklə müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən tərtib edilmiş **********15 saylı, xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarında 53,4 kv.m sahəsi olan talvarın mülkiyyətinə verilmiş 0,1389 ha torpaq sahəsinin daxilində göstərilməsi üçün müvafiq dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-157/2025 saylı qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı, məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, “cavabdeh tərəfindən tərtib edilmiş **********15 saylı, xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarında 54 kv.m sahəsi olan talvarın və 75 kv.m torpaq sahəsinin mülkiyyətinə verilmiş 0,1389 ha torpaq sahəsinin daxilində göstərilməklə müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” baradə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)-257/2014 saylı qərarına əsasən Azərbaycan Respublikası DT və XK-nin Ağdaş rayon şöbəsinin üzərinə Ağdaş rayonu Binələr kəndində yerləşən 107-ci sıradakı 0,15 ha torpaq sahəsinin X2 ailəsi ilə yaşadığı fərdi yaşayış evi istisna olmaqla qalan hissəsinə X1 adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulmuşdur. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış və ********** qeydiyyat nömrəli çıxarış və plan-ölçü sənədi tərtib edilmişdir. İddiaçı, hesab edir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən başqa, qalan bütün torpaq sahəsi ona məxsus plan-ölçü sənədinin tərkibində olmalıdır. Bununla belə mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)- 257/2014 saylı qərarına uyğun deyildir. Belə ki, ümumi sahəsi 53,4 kv.m olan talvarın yerləşdiyi torpaq sahəsi və həyətin giriş qapısının yerləşdiyi ərazi onun mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda qalmışdır. Buna görə də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh, iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)-257/2014 saylı qərarı ilə Azərbaycan Respublikası DT və XK-nin Ağdaş rayon şöbəsinin üzərinə Ağdaş rayonu Binələr kəndində yerləşən torpaq sahəsinə dair iddiaçının adına plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur. Həmin məhkəmə qərarı əsasında xx.xx.2015-ci ildə 1052 № ilə qeydiyyata alınmış A530779 saylı plan-ölçü sənədi tərtib edilmiş və iddiaçıya təhvil verilmişdir. Həmin plan-ölçü sənədində göstərilən qaydada texniki pasport hazırlanmışdır. Plan-ölçü sənədi hazırlanarakən Ərazi İdarəsinin rəyi alınmamışdır. Qeydiyyat orqanı mövcdu hüquqların dövlət reyestrində qeydiyyatını aparmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)- 257/2014 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş yerquruluşu planı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2inz(84)-115/2012 saylı qərarı, B037340 və A530779 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi və yerquruluşu planı, JN- 107F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İş materialları ilə müəyyən olunur ki, JN-107F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Ağdaş rayonu Binələr kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərində Şölə Rəhimovanın mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2inz(84)-115/2012 saylı qərarı ilə sözügedən X3 və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evi istisna olmaqla qalan torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. X9-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)-257/2014 saylı qərarı ilə qalan torpaq sahəsinə aid hissədə iddiaçının adına plan-ölçü sənədinin verilməsi öhdəliyi DT və XK-nin Ağdaş rayon şöbəsinin üzərinə qoyulmuş və həmin qərar əsasında A530779 saylı plan-ölçü sənədi tərtib edilmişdir. Hazırkı mübahisənin yaranmasına səbəb - fərdi yaşayış evindən kənarda qalan torpaq sahəsinin bütövlükdə iddiaçıya məxsus torpaq sahəsinin plan-ölçü sənədinin tərkibinə daxil edilməməsi ilə bağlıdır. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi əldə edilmişdir. Təqdim edilmiş rəydən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi JN-107F saylı Şəhadətnamədə qeyd edilmiş, 0,15 ha torpaq sahəsinin (Şölə Rəhimovanın istifadəsində olan fırdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmadan) daxilində yerləşir. İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi A530779 və B037340 nömrəli plan-ölçü sənədlərində qeyd edilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşmir. İddiaçı, fərdi yaşayış evinin talvar hissəsinə aid 54 kv.m torpaq sahəsinin və fərdi yaşayış evinin digər hissəsində yerləşən 75 kv.m boş torpaq sahəsinin də, mülkiyyətində olan torpaq sahəsi kimi plan-ölçü sənədinə daxil edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, JN-107F saylı X3 və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evi istisna olmaqla qalan torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Odur ki, qiymətləndirilməli olan hal talvarın yerləşdiyi 54 kv.m torpaq sahəsinin həmin fərdi yaşayış evinin tərkib hissəsi olub-olmaması ilə bağlıdır. İstinad olunan məhkəmə aktlarından görünür ki, mübahisəli talvar məhkəmə çəkişməsi dövründə də, mövcud olmuş, sonradan quraşdırılmamışdır. AzDTN 2.7-3 “Fərdi yaşayış evləri layihələndirmə normaları”na əsasən fərdi yaşayış evi bir ailə üçün nəzərdə tutulan və yerüstü mərtəbələrinin sayı 3-dən çox, hündürlüyü 12 metrdən artıq olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət yaşayış sahəsidir. Yardımçı tikililər isə fərdi yaşayış evi sakinlərinin təsərrüfat-məişət ehtiyaclarının ödənilməsi məqsədilə nəzərdə tutulan tikililər olmaqla qaraj, anbar, talvar, yay mətbəxi, su quyusu, hovuz, istixana və s. kimi tikililərdə ifadə olunur. Odur ki, talvar fərdi yaşayış evinin yardımçı tikilisi olduğundan talvarın yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsinə aid plan-ölçü sənədinin tərkibinə daxil edilə bilməz. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə JN-107F saylı Şəhadətnaməni qüvvədə saxlayıb. Odur ki, talvar da, həmin fərdi yaşayış evinin tərkib hissəsi olmaqla sözügedən məhkəmə qərarı ilə Şəhadətnamənin ləğv edilən hissəsinin təsiri altına düşməyəcəkdir. Belə ki, məhkəmə qərarında “fərdi yaşayış evi istisna olmaqla qalan torpaq sahəsi” ifadəsi istifadə olunmuşdur. Bu ifadənin hüquqi mənası fərdi yaşayış evi və onun ayrılmaz tərkib hissəsi olan tikililərin (o cümlədən talvar) bu qərarın təsir dairəsinə düşməməsi ilə bağlıdır. Başqa sözlə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2inz(84)- 115/2012 saylı qərarı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə toxunmadığına görə, bu torpaq sahəsi əvvəlki hüquqi vəziyyətini saxlayır. Talvar yardımçı tikili olmaqla fərdi yaşayış evinin ayrılmaz tərkib hissəsi olduğundan onun yerləşdiyi torpaq sahəsinin hüquqi statusu da, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə eyni olacaqdır (məsələn, həyətdə yerləşən sanitar qovşaq və ya anbar kimi yardımçı tikililər fərdi yaşayış evinin tərkib hissəsi sayıldığı kimi, talvar üçün də eyni yanaşma tətbiq edilməlidir). Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)-257/2014 saylı qərarı da, fərdi yaşayış evi istisna olmaqla qalan torpaq sahəsinə münasibətdə plan-ölçü sənədinin hazırlanmasını nəzərdə tutduğundan, talvar yardımçı tikili olmaqla fərdi yaşayış evinin tərkib hissəsi kimi nəzərə alınmış və plan-ölçü sənədinə daxil edilməmişdir. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evinin torpaq sahəsi onun bütün funksional elementlərini, o cümlədən yardımçı tikililərini də, əhatə etməlidir. Belə ki, fərdi yaşayış evinin funksional hissəsi olan bir sahə başqa hüquqi statusa malik torpaq sahəsi kimi qeydə alına bilməz. Odur ki, cavabdeh orqan 54 kv.m torpaq sahəsinə münasibətdə plan-ölçü sənədinə düzəliş etməkdən imtina etməkdə haqlı olmuşdur. Tələbdə qeyd edilən 75 kv.m torpaq sahəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi JN-107F saylı Şəhadətnamənin ləğv edilən hissəsinə aid olmaqla, həmin torpaq sahəsində fərdi yaşayış evinə aid hər hansı yardımçı tikili yerləşmir. Belə olan halda, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)-257/2014 saylı qərarı həmin torpaq sahəsinin iddiaçıya məxsus plan-ölçü sənədinə daxil edilməsini nəzərdə tutduğundan, iddiaçı, sözügedən hissədə plan-ölçü sənədinə düzəliş edilməsini tələb etməkdə haqlı olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə **********15 saylı, xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarında 75 kv.m torpaq sahəsinin iddiaçı X1 mülkiyyətinə verilmiş 0,1389 ha torpaq sahəsinin daxilində göstərilməklə müvafiq dəyişikliyin edilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar