Məhkəmə qərarları › İş №2-1(116)-1570/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1570/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1570/2022 22.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan, Seriya RX, № 0976470, xx.xx.2016-ci il tarixli Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “qanunsuz və əsassız əldə edilmiş X5 adına Qəbələ rayonu, Bum kəndindəki 0.09 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan, Seriya RX, № 0976470, xx.xx.2016-ci il tarixli Çixarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin və xx.xx.2016-cı il tarixli çıxarışın əsasında X11 ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi öhdəliyinin Ədliyyə Nazirliyinin Bakı şəhəri 12 saylı Notariat ofisinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarışın və xx.xx.2019-cu il tarixli № 434211 olan Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin, xx.xx.2022-ci il tarixli qərardadı ilə 2-1(116)-1570/2022 nömrəli inzibati iş üzrə X11 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmiş, Qəbələ rayon Bum bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək X5 adına Qəbələ rayonu, Bum kəndindəki 0.09 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan, Seriya RX, № 0976470, xx.xx.2016-ci il tarixli Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qəbələ rayonu Bum kəndində yerləşən 0.09 ha torpaq sahəsi qaytanlanmış torpaq kitabında X4 adına qeyd edilməsinə baxmayaraq, cavabdeh orqan həmin torpaq sahəsi üzərində Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)721/2015 saylı qərarına istinad etməklə X5 mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Cavabdeh orqan sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını apararkən məhkəmə qərarının plan-ölçü sənədinin tərtib edilməsi ilə bağlı olmasını və mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı hər hansı öhdəlik qoymamasını nəzərə almamışdır. İddiaçı, üçüncü şəxs Nizami Teymurovun adına tərtib edilmiş çıxarışın ləğvini cavabdeh orqandan tələb etmiş, cavabdeh orqan sözügedən torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair hər hansı hüquqmüəyyənedici sənəd olmadığı və iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “0.09 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmadığı, yəni, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)721/2015 saylı qərarı qüvvədə olmadığı halda iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını sözügedən çıxarışın ləğv edilməsi səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. Üçüncü şəxs iddia tələbinə münasibətində iddia tələbində qeyd edilmiş mübahisəyə Qəbələ rayon Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali MəhkəməsininMülki Kollegiyasında hüquqi qiymət verildiyini bildirilmiş, məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmini edilməməsini xahiş etdi İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - V-ЖГ 305305 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1998-ci ildə vəfat etmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Qəbələ rayonu Bum kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində X5 tam xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)721/2015 saylı qərarından görünür ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə X4 istifadəsində olan 0.09 ha torpaq sahəsinə iddiaçı X5 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(84)-721/2015 saylı qərardadından görünür ki, İddiaçı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, həmin iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-988/2020 nömrəli qərardadından görünür ki, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “0.09 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(107)-372/2020 nömrəli qərardadından görünür ki, Nizami Teymurov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(116)-988/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-95/2021 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(107)-372/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş, Qəbələ rayonu Bum kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışdan görünür ki, X9 və X5 adları pay torpaq sahəsinə dair subyektlər siyahısında aşkar edilməmiş, X4 adının qarşısında qaytanlanmış torpaq kitabında qeyd olunmuş torpaq sahəsinin ölçüsü 0.09 ha göstərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan tərəfindən X5 Qəbələ rayonu Bum kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatına dair Seriya RX, ******* №-li, xx.xx.2016-ci il tarixli Çıxarışın tərtib edilməsinə əsas Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)721/2015 saylı qərarı olmuşdur. Belə ki, sözügedən qərarda cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə X4 istifadəsində olan 0.09 ha torpaq sahəsinə iddiaçı X5 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. X15 Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(84)-721/2015 saylı qərardadı ilə həmin qərar ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-988/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Yəni, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “0.09 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş yekun məhkəmə aktı iddia tələbinin mümkün sayılmaması barədə olmuşdur. Belə olan halda cavabdeh orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)721/2015 saylı qərarı artıq qüvvədə olmadığından iddiaçının müraciətini təmin etməli olduğu halda əsasız olaraq imtina cavabı vermişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hətta Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)721/2015 saylı qərarı ləğv edilməmiş olsa belə cavabdehin hərəkətləri qanuni sayıla bilməzdi. Belə ki, müvafiq qərarda torpaq sahəsinin Nizami Teymurovun mülkiyyətinə verilməsi ilə bağlı hər hansı qeyd yoxdur və yalnız torpaq sahəsinin plan-ölçü sənədinin hazırlanmasından bəhs olunur. Sözügedən qərarın məzmununda da məhkəmə, 0,09 ha torpaq sahəsinin X4 qanuni istifadəsində olmasını, lakin sonuncu vəfat etdiyindən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edilməməsini qeyd etmişdir. Göründüyü kimi, həmin qərarda 0.09 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun Nizami Teymurova deyil, Gövhər Teymurovaya məxsus olmasına istinad edilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə plan-ölçü sənədi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Belə ki, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe). "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Qəbələ rayonu Bum kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışla müəyyən edilir ki, X9 və X5 adları pay torpaq sahəsinə dair subyektlər siyahısında aşkar edilməmiş, X4 adının qarşısında qaytanlanmış torpaq kitabında qeyd olunmuş torpaq sahəsinin ölçüsü 0.09 ha göstərilmişdir. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi Qəbələ rayonu Bum kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X6 məxsus olması işdə olan sənədlərdən aşkar görünməsinə baxmayaraq, cavabdeh orqan həmin torpaq sahəsi üzərində Nizami Teymurovun mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqda səhvə yol vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı sözügedən çıxarışın ləğvini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. https://e-qanun.az/framework/5456 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu Bum kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun dövlət qeydiyyatına dair **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, Seriya RX, № ******* №-li, xx.xx.2016-ci il tarixli Çıxarışın ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar