Məhkəmə qərarları › İş №2-1(116)-1571/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1571/2021

19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1571/2021 19.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı Cavabdehnə qarşı “inzibati tənbeh etmə haqqında qərarın və inzibati xəta haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş inzibati tənbeh tətbiq etmə haqqında qərarın və inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən barəsində MN ******* nömrəli 06.10.2021-ci il tarixli protokol tərtib edilmiş və sonradan məlum olmuşdur ki, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 06.10.2021-ci il tarixli qərar qəbul edilmişdir. Protokol və qərarın ləğv edilməsini tələb edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya 25.10.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq hazırkı işə baxılması inzibati məhkəmənin səlahiyyətinə aid olmadığından, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək səlahiyyətinə malik olması bildirilmiş və qanunvericiliyin tələbləri izah olunmuşdur. İddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, iddiaçıya məhkəmənin yardımına münasibət bildirməsi təklif edilmiş, əks təqdirdə İPM-in 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. İPM-in 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadlarının şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilməsi imkanı iddiaçıya izah edilmişdir. Məhkəmənin yardım məktubu 03.11.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə iddiaçıya çatdırılmış, lakin iddiaçı tərəfindən məhkəmə tərəfindən müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, inzibati xəta ilə bağlı yaranan hüquq münasibətinə əsaslanır. “İnzibati icraat haqqında” haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İddia ərizəsindən də göründüyü kimi, tələbi inzibati hüquqi deyil, inzibati xəta xarakteri daşımaqdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddiaçıya ərazi aidiyyəti qaydaları nəzərə alınmaqla ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) hazırkı tələb üzrə iddia qaldırmaq hüququ məhkəmənin 25.10.2021-ci il tarixli yardım məktubu ilə izah edilmiş və dinlənilmək hüququ təmin olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “inzibati tənbeh etmə haqqında qərarın və inzibati xəta haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar