Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1575/2025 14.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçeir şəhər müharibə və əmək veteranları” şurasına ayrılmış, “veteran” yoldaşlıq bağçılıq təsərrüfatındakı, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə adına plan-ölçü sənədinin hazırlanması və mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçeir şəhər müharibə və əmək veteranları şurasına ayrılmış, “veteran” yoldaşlıq bağçılıq təsərrüfatındakı, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə adına plan-ölçü sənədinin hazırlanması və mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri Veteranlar şurası nəzdində Bağçılıq şurasının 12 may 1999-cu il tarixli, 14 saylı qərarı ilə Mingəçevir şəhər müharibə və əmək veteranları şurasının “veteran” yoldaşlıq bağçılıq təsərrüfatından 0,04 ha torpaq sahəsi iddiaçıya verilmişdir. Həmin vaxtdan həmin torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsi Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 24 noyabr 1982-ci il tarixli 291 saylı qərarı ilə Mingəçevir şəhər müharibə və əmək veteranları şurasına ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşir. X5 ayrılmış torpaq sahəsi X1 verilmiş, sonrada o da istifadə edə bilmədiyindən 12 may 1999-cu ildən iddiaçıya verilmişdir və onun daimi istifadəsində olmuşdur. İddiaçı torpaq sahəsini hasara almış və hazırda onun idarəçiliyindədir. Həmin torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmaq üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan ərizəmi təmin etməkdən imtina edərək göstərmişdir ki, Mirhəsən Vəliyevin adı Veteranlar şurasının adlı siyahısında yoxdur, təqdim etdiyi 38 saylı “veteran” yoldaşlıq bağçılıq pasportu, ümumiyyətlə, nəzərə alınmamışdır. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, iddia ərizəsi ilə bağlı idarənin arxiv materiallarına əsasən təqdim olunan sənədlər araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir Veteranlar şurasının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. Yuxarıda qeyd olunan səbəblərdən, ünvan 1 ünvanında yerləşən Mingəçevir Veteranlar şurası bağçılığı tərəfindən verilmiş 0.04 ha bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh orqan məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının vəkilinin (nümayəndəsinin) ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. 02/27 nömrəli Vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki Pasportu;
3. A №386836-li Torpaq sahəsinin planı və ölçüsü;
4. Mingəçevir Şəhər Əmək və Silahlı qüvvələr veteranları təşkilatının xx.xx.2024-cü il tarixli arayışı;
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Mingəçevir şəhər “Veteran” yoldaşlıq bağçılıq təsərrüfatı tərəfindən ayrılmış, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı qismən əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 19 fevral 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1.Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Cavabdehin imtina əsası Mingəçevir Veteranlar şurasının adlı siyahısında İddiaçı adının qeyd edilməməsi ilə bağlıdır. Həmin torpaq sahəsi Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 24 noyabr 1982-ci il tarixli 291 saylı qərarı ilə Mingəçevir şəhər müharibə və əmək veteranları şurasına ayrılan zaman X3 adı qeyd edilmiş, daha sonra torpaq sahəsi X1 verilmiş, sonrada o da istifadə edə bilmədiyindən 12 may 1999-cu ildən iddiaçıya verilmişdir. Məhkəmə qeyd edir ki,cavabdehin təqdim etdiyi adlı siyahılar iddiaçının torpaq sahəsini əldə etdiyi tarixdən əvvəl tərtib edilmiş,baş vermiş dəyişikliklərdən sonrakı siyahı mövcud deyildir. İşin araşdırılması zərurəti olduğundan alınan mütəxəssis rəyindən də görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin X2 X4”ndəkİ xəritəsinə əsasəsn, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) – yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tikiinti altında olan torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir. Tərtib edilmiş yerquruluşu planından görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturada sahəsi 382.0 kv.metrdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi iddiaçının adına tərtib edilmiş A 386836 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 434,96 kv. metr torpaq sahəsi ilə üst-üstə düşür, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Naturada göstərilən torpaq sahəsi elektron bazada olan torpaq sahəsidir və iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi “Veteran’ yoldaşlıq bağçılıq üçün ayrılmış ərazidə yerləşir. Həmçinin,iddiaçıya əvvəllər digər bağçılıq sənədinə əsasən Çıxarış verilməmişdir. İşin hallarından görünür ki, Bağçılıq şurasının qərarı ilə Mingəçevir şəhər müharibə və əmək veteranları şurasının “Veteran” yoldaşlıq bağçılıq təsərrüfatından 0,04 ha torpaq sahəsi İddiaçı ayrılmış və ona bağçılıq pasportu verilmişdir. Sənədin tərtib olunma tarixi 22 noyabr 1991-ci il qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı, “Mingəçevir şəhəri Veteranlar şurası nəzdində Bağçılıq şurasının 12 may 1999-cu il tarixli, 14 saylı qərarı ilə sözügedən torpaq sahəsi üzərində (382.0 kv.m) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhər “Veteran” yoldaşlıq-bağçılıq təsərrüfatı tərəfindən iddiaçıya ayrılmış, ünvan 3 ünvanında yerləşən 382 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və Torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə