Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1576/2020 29.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı cavabdeh Qəbələ rayonu, Bayramkoxalı bələdiyyəsinə qarşı “1990-cı ildə istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, hazırda Bayramkoxalı bələdiyyəsinin mülkiyyətində olan 31 ha torpaq sahəsinə dair “xxxxxxxxxxxx” MMC ilə Bayramkoxalı bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması barədə bələdiyyə qərarının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdeh Qəbələ rayonu, Bayramkoxalı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1990-cı ildə istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, hazırda Bayramkoxalı bələdiyyəsinin mülkiyyətində olan 31 ha torpaq sahəsinə dair “xxxxxxxxxxxx” MMC ilə Bayramkoxalı bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması barədə bələdiyyə qərarının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qutqaşın rayon XDS İK-nın 1990-cı il tarixli 10 nömrəli Qərarı ilə Bayramkoxalı kəndi ərazisində “Sərbəst” adı ilə kooperativ yaratmışdır. Daha sonra həmin kooperativ “xxxxxxxxxxxx” adlı MMC-yə çevrilmiş və hal-hazırda fəaliyyət qabiliyyətli hüquqi şəxsdir. Bayramkoxalı kəndində fəaliyyət göstərən “Əzizbəyov” adına sovxozun xx.xx.1990-cı il tarixli 14 nömrəli Qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 31 ha torpaq sahəsi kooperativin istifadəsinə daimi olaraq ayrılmışdır. İddiaçı bələdiyyələr yarananadək qanuni şəkildə istifadə etdiyi torpaq sahəsinin ona icarəyə verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan qeyd olunan torpaq sahəsini icarəyə verilməsindən imtina etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının hazırkı tələbi “hazırda Bayramkoxalı bələdiyyəsinin mülkiyyətində olan 31 ha torpaq sahəsinə dair “xxxxxxxxxxxx” MMC ilə Bayramkoxalı bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması”ndan ibarədir ki, tələb mülki xarakterlidir. Belə ki, hazırkı iddia tələbi üzrə cavabdeh Qəbələ rayonu, Bayramkoxalı bələdiyyəsi inzbati orqan olsa da, tərəflər arasındakı mübahisə inzibati hüquq münasibətlərinə aid deyil. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquq münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.2-ci bəndində qeyd edilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 15.3-cü bəndinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hazırkı işdə cavabdeh xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyindən, hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyətini həyata keçirmədiyindən, habelə xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi üçün onunla iddiaçı arasındakı icarə müqaviləsinin bağlanması ilə bağlı yaranacaq münasibətlərdən irəli gələn mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan kommersiya məhkəməsinə müraciət edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qəbələ rayonu, Bayramkoxalı bələdiyyəsinə qarşı “1990-cı ildə istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, hazırda Bayramkoxalı bələdiyyəsinin mülkiyyətində olan 31 ha torpaq sahəsinə dair “xxxxxxxxxxxx” MMC ilə Bayramkoxalı bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması barədə bələdiyyə qərarının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. İddiaçıya hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan kommesiya məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1576/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1576/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver