Məhkəmə qərarları › İş №2-1(116)-1577/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1577/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1577/2023 16.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil2, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı "Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/47 nömrəli sərəncamına əsasən Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsindən, sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 nömrəli sərəncamına əsasən Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-1529/2022 nömrə ilə qeydə alınmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-184/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(107)-210/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-184/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1577/2023 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/47 nömrəli sərəncamına əsasən Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ərizə ilə Şəki Şəhər İcra Hakimiyyətinə müraciət edərək, qeyri-yaşayış sahəsi tikmək üçün bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən ona satılmasına razılıq verilməsini xahiş etmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 nömrəli sərəncamına əsasən onun ərizəsi nəzərə alınaraq, Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə mağaza tikintisi altına 200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmçinin, ona satılmalı olan torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı tərtib edilmiş və həmin akt zəruri olan bütün idarələr tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. İddiaçıya ayrılan torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktları tərtib edilmiş və aidiyyəti orqanlar (idarələr) həmin aktın doğruluğunu təsdiq etmişlər. Bu əsaslarla iddiaçı özünə ayrılmış 200 kv.m torpaq sahəsində qeyri-yaşayış binası tikmişdir. Həmin qeyri-yaşayış binasının eskiz layihəsi və smetası işlənilərək hazirlanmışdır. İddiaçı həmin qeyri-yaşayış binasını hazırlanmış eskiz layihəsinə və işlənilmiş smetasına uyğun inşa etdirmişdir. Hal-hazırda həmin qeyri-yaşayış binasının tikintisi başa çatmışdır. İddiaçı həmin həmin qeyri-yaşayış binasına (mağaza binasına) üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binasına çıxarış verilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir. Müraciətə Şəki şəhəri, Salman Mümtaz küçəsində mağaza tikintisi üçün 200 kv.m torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01 mart 2006-cı il tarixli, 1/47 saylı Sərəncamı, torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi (ləğv edilmiş DTXK-nın Şəki şəhər şöbəsi tərəfindən təsdiqlənməyib), eskiz layihə (1-cə səhifə baş memar tərəfindən təsdiqlənib, digər səhifələr təsdiqlənməyib) və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 rəyi əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikinti obyektinin istismara qəbul aktı təqdim edilmədiyindən, həmçinin inşa edilmiş qeyri-yaşayış binasının 11 metr məsafəsindən 110 kv-luq yüksək gərginlikli elektrik xətti keçdiyindən vətəndaşın müraciətinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarına əsasən bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir; Un, kV >120 35 110 150 220 330-500 L, m 10 15 20 25 25 30 Eyni zamanda bildiririk ki, İddiaçı Huşəng oğlunun eyni iddia tələbi ilə bağlı Şəki inzibati Məhkəməsində 2-1(116)-47/2020 saylı iddiası olmuş və iddia tələbi rədd edilmişdir. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 1/47 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər, Calğalı bulaq küçəsi, 5 saylı evdə yaşayan X10 istifadəsinə S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə mağaza tikintisi altına 200 kv.metr torpaq sahəsinin ayrılması, tikiləcək mağazanın layihəsinin və mühəndis-kommunikasiya pasportunun Elşad Nəcəfovun şəxsi vəsaiti hesabına hazırlanıb tikinti və memarlıq şöbəsinin müdiri-baş memar tərəfindən təsdiq edildikdən sonra tikinti işlərinin başlanılmasına icazə verilməsi qərara alınmışdır. - iddiaçıya 200 kv.metr torpaq sahəsi ayrılmasına “sahəni seçmə Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, iddiaçı və aktda qeyd olunan 14 aidiyyəti qurumların iştirakı ilə iddiaçı tərəfindən şəhərin S.Mümtaz küçəsində 200 kv.m torpaq sahəsi seçilmiş, o cümlədən sözügedən akt X17 Şəbəkənin direktoru X.Mustafayev tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən məhkəmə predmeti olan 200 kv.metr torpaq sahəsi naturada 265 kv.metr olub döngə nöqtələri, koordinatları, tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olan ərazidir. Hal-hazırda İddiaçı tərəfindən istifadə olunur. Məhkəmə tərəfindən təqdim edilmiş sxemdə göstərilən torpaq sahəsi cizgiləri ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin cizgiləri qismən uyğunluq təşkil edir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-47/2020 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 saylı sərəncamı ilə Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərb hissəsində yerləşən 200 kv.m torpaq sahəsində inşa olunmuş mağaza üzərində mülkiyyət hüquqlarının reyestrdə qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat Layihə-X4 İnstitutunun xx.xx.2020-ci il tarixdə təsdiq etdiyi müayinə protokolunda qeyd edilmişdir ki, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binasında müayinə işləri təqdim edilmiş layihəyə və binanın mövcud vəziyyətinə əsasən aparılmış instrumental müayinə zamanı yükdaşıyan dəmirbeton konstruksiyaların texniki vəziyyəti müəyyən edilmiş, instrumental müayinə “Shmidt- Hammer” sklerometri və “Profometer 5+ model S” cihazı vasitəsilə aparılmış, “Shmidt- Hammer” sklerometri ilə yoxlanılan dəmir-beton konstruksiyalarında betonunun naturada möhkəmlik göstəriciləri təyin edilmiş, “Profometer 5+ model S” cihazının köməyi ilə yoxlanılan sahələrdə polad millərin sayı və diametri təyin edilmişdir. Müayinə aparılan zaman vizual baxışla yükdaşıyan konstruksiyalarda istifadə olunan polad millərin A500C sinfinə uyğun olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş X13 xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş, xx.xx.2020-ci il tarixli 1089 nömrəli rəyindən görünür ki, fiziki şəxs İddiaçı məxsus Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən zirzəmili, 2+ mansarda mərtəbəli sahibkarlıq obyektinin təyinatı dəyişdirilməmək şərtilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlılıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2020-ci il tarixli, 1095 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi “Azkommunlayihə” KLİ-nin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, Şəki şəhəri, Salman Mümtaz küçəsində fiziki şəxs İddiaçı məxsus zirzəmili, 2 mərtəbəli+mansard qeyri-yaşayış binasına aparılan visual texniki müayinə zamanı konstruktiv elementlərdə çat və zədələrə rast gəlinmədi. - Enerji Məsələlərini tənzimləmə Agentliyi Şəki filialının xx.xx.2023-cü il tarixli 3-15- 2-5/2-328/2023 nömrəli məktubundan görünür ki, sözügedən qeyri-yaşayış binasının qərb hissəsindən iki dövrəli 110 kV-luq hava elektrik ötürücü xətti (bundan sonra - HX) keçir və 110/6 kV-luq “Kombinat’’ yarımstansiyasını elektrik enerjisi ilə təmin edir. Həmin HX-nin kənar naqillərinin meyl etməmiş vəziyyətində bu naqillərlə iddiaçıya məxsus qeyri-yaşayış binasının divarına qədər üfüqi məsafə cənub hissədə 10,88 metr, şimal hissədə 11,70 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarfnın (bundan sonra - Qaydalar) 5-ci bəndinə əsasən gərginliyi 110 kV olan hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində 20 metr məsafədə hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası həmin elektrik şəbəkələrinin mühafizə zonası hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi sözügedən qeyri-yaşayış binasının cənub hissədə 9,12 metr, şimal hissədə isə 8,30 metr hissəsi 110 kV-luq HX-nin mühafizə zonasında yerləşir. Həmin binanın uzunluğu 21,86 metr olduğundan HX-nin mühafizə zonasına düşən sahəsi bir mərtəbə üzrə 190,86 kv.m-dir. Qaydaların 12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Təqdim olunmuş, torpaq sahəsinin seçilməsi aktından məlum olur ki, sahibkarlıq fəaliyyəti üçün vətəndaş İddiaçı (aktda soyad Nəcəfov kimi qeyd olunub) torpaq sahəsi ayrılarkən sözügedən 110 kV-luq HX-nin istismarçısı, yəni X20 tərəfindən rəsmi razılıq verilmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-1/16-6092/2023 nömrəli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi 1982-ci ildə istismara verilmiş 110/6 kV-luq “İpək kombinatı” yarımstansiyasını qidalandıran 2 dövrəli 110 kV-luq “İ-İİ Kombinat” hava xəttinin mühafizə zonasında yerləşir. - cavabdeh orqan Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində 200 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşən daşınmaz əmlaklara dair RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli aşağıda qeyd edilmiş sənədləri təqdim etmişdir: RX seriyalı ******* nömrəli (**********50-06301 reyestr nömrəli) çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 446,2 kv.metr olan qeyri-yaşayış binası X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. RX seriyalı ******* nömrəli (**********27-06301 reyestr nömrəli) çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 256,9 kv.metr olan qeyri-yaşayış binası X6 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. RX seriyalı ******* nömrəli (**********51-06301 reyestr nömrəli) çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən sahəsi 444,5 kv.metr olan qeyri-yaşayış binası X3 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-47/2020 nömrəli qərarı ilə iddia tələbi rədd edilərkən sözügedən tikiliyə dair istismara qəbul aktı sənədinin olmamasına istinad edilmiş, qərarın qəbul edildiyi tarixdən 1 ay sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2020-ci il tarixli, 1095 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Odur ki, iddia tələbinin irəli sürülməsi üçün yeni əsaslar mövcud olduğundan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)- 210/2023 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırkı mübahisəyə mahiyyəti üzrə baxılmışdır. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində, 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdır. İş materiallarında olan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi “Azkommunlayihə” KLİ-nin təsdiq etdiyi, iddiaçıya məxsus qeyriyaşayış binasına təqdim olunan eskiz layihəsi əsasında keçirilmiş texniki baxışın nəticəsi haqqında müayinə aktına əlavə edilmiş “X26” MMC tərəfindən hazırlanmış sənədlərdən görünür ki, sifarişçi X14, tarix – xx.xx.2013-cü il qeyd edilmişdir. Yəni, sözügedən tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçının, sözgedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilməlidir. İş materiallarında olan, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 1/47 nömrəli Sərəncamının məzmunu ilə müəyyən edilir ki, tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılması və tikiləcək mağazanın layihəsinin və mühəndiskommunikasiya pasportunun Elşad Nəcəfovun şəxsi vəsaiti hesabına hazırlanıb tikinti və memarlıq şöbəsinin müdiri-baş memar tərəfindən təsdiq edildikdən sonra tikinti işlərinin başlanılmasına icazə verilməsi məsələləri qərara alınmışdır. Bundan sonra iddiaçı, "X26” MMC tərəfindən tərtib edilmiş və Şəki Şəhər İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri-baş memar tərəfindən təsdiqlənmiş, istifadəsinə ayrılmış torpaq sahəsində inşa ediləcək mağazanın layihəsini əldə etmişdir. İddiaçı müvafiq layihəyə uyğun uyğun tikinti işlərini aparmaqla qeyri-yaşayış binasının tikintisini yekunlaşdırmışdır. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinin dispoziyasında tələb olunan şərtlərdən torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin tərtib edilməsi ilə bağlı şərtlər yerinə yetirilmişdir. Sözügedən tikiliyə dair tələb olunan – “tikinti obyektinin istismarına icazə sənədi”nə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat Layihə- X4 İnstitutunun xx.xx.2020-ci il tarixdə təsdiq etdiyi müayinə protokolu və xx.xx.2020-ci il tarixli müayinə aktı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş X13 xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş, xx.xx.2020-ci il tarixli 1089 nömrəli rəyi sözügedən qeyri-yaşayış binasının istismara yararlı olmasını və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü birbaşa sübut edir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş X13 xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş, xx.xx.2020-ci il tarixli 1089 nömrəli rəyində sözügedən tikilinin təyinatı dəyişdirilməmək şərtilə yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlılıq tələblərini ödəməsi birmənalı qeyd edilmiş, xx.xx.2020-ci il tarixli, 1095 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilməsi öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsin dispoziyasında qeyd edilən “tikinti obyektinin istismarına icazə sənədi”-nin mahiyyəti də mövcud vəziyyətin tikintiyə dair normativ aktlara uyğun olduğunun təsdiq edilməsindən ibarətdir. Yəni, “tikinti obyektinin istismarına icazə sənədi” ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X9 iddia olunan “tikilinin yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə” qərarı məzmunca eyni məsələləri həll edən hüquqi sənədlərdir. Belə ki, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həlledici olan - tikintisi başa çatmış obyektin tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün müəyyən olunmasıdır. Qanunvericilikdə hüququn qeydə alınması üçün tikinti obyektinin istismarına icazə sənədinin tələb olunmasının əsas məqsədi də məhz həmin halın təsdiq edilməsidir. İddiaçı, tikinti obyektinin möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X9 rəyini təqdim etdiyindən, o, qanunvericilikdə tələb olunan müvafiq sənədi təqdim etmiş hesab olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia olunan qeyri-yaşayış sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsin dispoziyasında qeyd edilən “tikinti obyektinin istismarına icazə sənədi” ilə bağlı şərt də yerinə yetirilmişdir. İddia olunan qeyri-yaşayış binasının 11 metr məsafəsindən 110 kv-luq yüksək gərginlikli elektrik xətti keçməsi ilə bağlı cavabdeh orqanın etirazının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən qeyri-yaşayış binasının HX-nin mühafizə zonasına düşən sahəsi bir mərtəbə üzrə 190,86 kv.m olmaqla müəyyən edilsə də, nəzərə alınmalıdır ki, qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün torpaq sahəsi ayrılarkən sözügedən 110 kV-luq HX-nin istismarçısı, yəni X20 tərəfindən etiraz bildirilməmiş, tərtib edilmiş 200 kv.metr torpaq sahəsinin ayrılmasına “sahəni seçmə Aktı” X17 Şəbəkənin direktoru X.Mustafayev tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən digər suallarla bərabər, qeyri-yaşayış binasının inşasına elektrik ötürücü xətlərinin istismarçısının etirazının olub-olmaması və hazırda həmin tikilinin istismarına və tikili olaraq mövcudluğuna etiraz edilib edilməməsinin öyrənilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə sorğu ünvanlanmışdır. Sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmənin sorğusuna cavab olaraq qeyd olunan torpaq sahəsinin 1982-ci ildə istismara verilmiş 110/6 kV-luq “İpək kombinatı” yarımstansiyasını qidalandıran 2 dövrəli 110 kV-luq “İ-İİ Kombinat” hava xəttinin mühafizə zonasında yerləşməsi barədə məlumat verilmiş, lakin, tikilinin istismarına və tikili olaraq mövcudluğuna etiraz edilməsi ilə bağlı münasibət bildirilməmişdir. Yuxarıda qeyd edildiyi kimi qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün torpaq sahəsi ayrılarkən sözügedən 110 kV-luq HX-nin istismarçısı, yəni X20 tərəfindən etiraz bildirilmədiyindən və “sahəni seçmə Aktı” X17 Şəbəkənin direktoru tərəfindən təsdiq edildiyindən, məhkəmə "xxxx" ASC-nin də tikilinin istismarına və tikili olaraq mövcudluğuna etirazının olmaması qənaətinə gəlir. Məhkəmə tərəfindən inzibati orqanın praktikasının öyrənilməsi məqsədilə Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində 200 kv.m torpaq sahəsində inşa edilmiş qeyriyaşayış binası ilə eyni cərgədə yerləşən daşınmaz əmlaklara dair sənədlər cavabdeh orqandan tələb edilərək öyrənilmiş, müəyyən edilmişdir ki, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar əsasında S.Mümtaz küçəsi 40B, S.Mümtaz küçəsi 134 və S.Mümtaz küçəsi 40A ünvanında yerləşən qeyri-yaşayış binaları üzərində X11, X12 və X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Nəzərə alınmalıdır ki, sözügedən qeyri-yaşayış binaları da iddia olunan qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşməklə 110 kV-luq HX-nin mühafizə zolağına düşürlər. Belə olan halda cavabdeh orqanın iddia olunan qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşən digər qeyri-yaşayış binaları üzərində müvafiq subyektlərin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldığı halda, iddiaçıya münasibətdə tikilinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi əsası ilə müraciətin təmin edilməsindən imtinası əsaslı sayıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1435/2023 nömrəli qərarında yuxarıda qeyd olunmuş hüquqi mövqe öz əksini tapmışdır). Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/47 nömrəli sərəncamına əsasən Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar