Məhkəmə qərarları › İş №2-1(116)-1579/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1579/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1579/2020 30.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət X13 RQİ və TBŞ-yə qarşı (üçüncü şəxslər: X5, X6, X7 və X8) “**-BF-*** nömrəli Vaz 2106 markalı maşının texniki pasportunun etibarsız hesab olunması və ondan irəli gələn hüquqi nəticələrin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət X13 RQİ və TBŞ-yə qarşı (üçüncü şəxslər: X5, X6, X7 və X8) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “**-BF-*** nömrəli Vaz 2106 markalı maşının texniki pasportunun etibarsız hesab olunması və ondan irəli gələn hüquqi nəticələrin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə göndərilən iddia ərizəsində qeyd edilir: “mənim adıma olan **-BF-*** nömrəli vaz 21-06 markalı maşın qeyri qanuni keçib başqasının adına, halbuki adıma maşının texpasportuda olub, xahiş edirəm Sizdən maşınımın adıma qaytarılmasına kömək edəsiniz, özüdə Yevlax DYP sənədləşmə şöbəsi (Mero) bir sıra qanunsuzluqlar edib, birincisi mənim adıma texpasport verdi dedi müvəqqəti verirəm sistem işləmir və gələndəki daimi ver, dedi artıq başqasının adındadı və əlimdəkini aldı, üstəlik maşın mənim adımda ola ola və cərimələrim ola ola başqasının adına keçirilib, və bu işlərdə əli olanlarda əsasıda X2. Maşını biz puluyla ala ala, gedib maşın sahibi X4 deyib ki, guya atam İddiaçı2 (atam maşını mənim adıma keçirmişdi özündə olan general etibarnamə əsasında) can verir və mənə vəsiyyət edib maşına general etibarnamə götür sat, halbuki nə atam can verməyib nədə vəsiyyət etməyib, amma yenədə mən qabağladım, atamın əlində olan etibarnaməylə maşını mənim adıma keçirtdi atam, amma Yevlax merosu siftə gələndə Məhəmmədi pisləsədə ki maşın sizindi (mənim) sonraki etapda məni qovdu dediki maşın Məhəmmədə (Məhəmmədin adamın, kiminki adına keçirib- X5) aiddir. Xahiş edirəm Sizdən maşın adıma qayıtsın və saxtakarlara və olarnan əl bir olanlara cinayət işi açılsın məhsuliyyətə cəlb olunsunlar, xahiş edirəm Sizdən ona qədərdə maşın həbsdə olunsun (DYP qarajında qalsın) nə satılmasın nədə sərhəd keçməsin. X1 maşını biz alanda pulu ona verəndə general etibarnaməni X3 vasitəsi ilə vermişdir, çünki Elçin general etibarnaməni tanışı Qismətə ötürmüşdü ki onun (Elçinin) əvəzinə tanışı (Qismət) getsin. Elçin və Qismət təstiq edə bilərki biz pul vermişik, çünki pulları onlara vermişik və Elçin təstiq edə bilər ki Məhəmməd yalan məlumat verib ki guya atam can verirdi və vəsiyyət edib, çünki o yalan məlumatı Məhəmməd inandırıcı dediyi üçün Elçin ona general etibarnamə verib. Ən azı pul verməsəydik bizə generalnı etibarnamə verilməzdi və maşın sahibi düzdü iki nəfərə verə bilər generalnı etibarnamə, amma onu da edəndə əvvəl verdiyi şəxsə xəbər verməlidi, biz 1 il sonra bildik və iki nəfərə generalnı etibarnamə vermək özüdə saxtalığa bənzəyir çünki helə çıxır ki bir maşına görə 2 adamdan pul alıb, axı o etibarnamə satmaq hüququ verir, pulsuzda o etibarnaməni heç kəs verməz. Ona görə bilmirik kim saxtadı kim düz amma pulumuzu yada maşınımızı geri istəyirik. Məhəmməd bizim dost münasibətimizdən istifadə edib atamın aldığı maşını öz adına etibarnamə götürüb və başqasının adına rəsmiləşdirib. Ən azı münasibəti o sübut edə bilər ki atam Yaqut Məhəmmədə sürmək etibarnaməsi vermişdi 2018-ci ildə Polis və Prokurorluq işimizə baxmadı yani şikayət etdik bir səs çıxmadı. Cavabdehlərədə pretenziya göndərdik amma əməl etmədilər.” Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı məzmunda iddianın mümkünlüyü üçün iddiaçının etibarsızlığını tələb etdiyi “texniki pasport” müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən qəbul edilmiş olmalı və həmin “texniki pasport” “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati akt keyfiyyətinə malik olmalıdır. Hazırkı halda, “texniki pasport” isə həmin Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan da iddiaçıların tələbinin mülki xarakterli olması müəyyən olunur. Belə ki, iddiaçılar iddia ərizəsində “pullarını ya da maşını geri istədiklərini” qeyd etmişlər. İddia ərizəsi və ona əlavə olunan sənədlərdən iddiaçıların etibarnamə əsassında 3-cü şəxslərdən maşın alması, həmin şəxslərin isə sonradan eyni maşını etibarnamə əsasında yenidən satması müəyyən olunur ki, bunun da nəticəsində iddiaçılar hüquqlarının pozulduğunu iddia etdikləri üçn müvafiq olaraq həmin əməliyyatları aparmış şəxslərə qarşı (avtomobilin mülkiyyətçisi, həmin mülkiyyətçinin səlahiyyətli nümayəndəsi və s.) müvafiq olaraq dəymiş ziyanın ödənilməsi və ya əmlakın qaytarılması barədə iddia tələbi ilə aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmiş, hazırki qərardadla hüquqları izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət X13 RQİ və TBŞ-yə qarşı (üçüncü şəxslər: X5, X6, X7 və X8) “**-BF-*** nömrəli Vaz 2106 markalı maşının texniki pasportunun etibarsız hesab olunması və ondan irəli gələn hüquqi nəticələrin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar