Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1579/2021 17.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdehlər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (Azərittifaq), Zaqatala rayonu Kooperativlər Cəmiyyətinə qarşı (üçüncü şəxs: X4) “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 nömrəli qərarının “ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələrinə” aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (Azərittifaq), Zaqatala rayonu Kooperativlər Cəmiyyətinə qarşı (üçüncü şəxs: X4) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 nömrəli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 25.10.2021-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə 04.11.2021-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbi müddətlə bağlı mümkünlük şərtinə cavab vermir. Belə ki, iddia tələbi inzibati orqanların 08.09.2003cü və 05.09.2003-cü illərdə illərdə verilmiş qərarlarının etibarsız hesab olunmasından ibarətdir. Yəni, iddia İPM-nin 2.2.5-ci və 36-cı maddələri anlamında müəyyən etmə və tanınma haqqında iddiadır. Azərbaycan Respublikası İPM-də müəyyən etmə və tanınma haqqında iddialara münasibətdə iddia müddətləri müəyyən olunmamışdır. Lakin, iddiaçının etibarsız sayılmasını tələb etdiyi inzibati aktlar 2003-cü ildə qəbul edilmişdir və iddianın müddətlər baxımından həllində həmin dövrdə qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni etibarsız sayılması tələb edilən inzibati aktların qəbul olunduğu dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Belə ki, həmin dövrdə qüvvədə olmuş, MPM-nin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi üçün iddiaçıya vaxt verilmişdir. İddiaçı yardım məktubunu aldıqdan sonra məhkəməyə 24.11.2021-ci il tarixli ərizə ünvanlamış və ərizəsində iddia tələbində dəqiqləşdirmə apararaq “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarı və Azərittifaqın 05 sentyabr 2003cü il tarixli 152 nömrəli qərarının “ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələrinə” aid hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30 noyabr 2021-ci il tarixli 2-1(116)-1579/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 30.11.2021-ci il tarixdə növbəti dəfə hüquqi yardım edilərək izah edilmişdir ki, hazırkı iddia İPM-nin 2.2.1-ci və 32-ci maddələri anlamında “mübahisələndirmə haqqında” iddiadır. Azərbaycan Respublikası İPM-də mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddətləri müəyyən olunmuşdur. İddiaçının ləğvini tələb etdiyi inzibati aktlar 2003-cü ildə qəbul edilmişdir və iddianın müddətlər baxımından həllində həmin dövrdə qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. İddiaçının, mübahisələndirilən inzibati aktların qəbul olunduğu vaxt həmin aktlardan məlumatlı olması müəyyən edildiyindən, həmin inzibati aktların mübahisələndirilməsi üçün artıq iddia müddəti ötürüldüyündən və müddətin bərpasına yol verilmədiyindən tələbin mümkünsüzlüyü iddiaçının nəzərinə çatdırılmışdır. İşdə olan, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnаməsi ləğv edilmiş, iddiаçı İddiaçı cavabdehlər X4, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Cavabdeh2 İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının, 14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiаsı rədd edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.08.2021-ci il tarixli 2(102)-4728/2021 nömrəli qərarından görünür ki, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi “Zakatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının” etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. İşdə olan, Zakatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının surətindən görünür ki, RKC-ın balansında olan ünvan mağaza binası üzərində olan əsas vəsait və inventarları ilə birlikdə 10.500.000 manata X1 qərara alınmışdır. İşdə olan, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, X5 5 sentyabr 2003-cü il tarixli, 152 nömrəli qərarı ilə X7 Zaqatala rayon kooperativ cəmiyyətinə aeraport ərazisində yerləşən «Kosmos» yeməkxana binasının 4500,0 min manat, Zaqatala şəhəri avtovağzal ərazisində yerləşən «Görüş» yeməkxana binasının 6500,0 min manat, Zaqatala şəhəri Şamil küçəsində yerləşən qənnadi sexinin 1000,0 min manat, Zaqatala şəhəri Şamil küçəsində yerləşən 20 saylı mağaza binasının 10500,0 min manat razılaşdırılmış qiymətlərlə payçılara satılmasına razılıq vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə “mübahisələndirmə haqqında” iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, iddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu (bildiyi) vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən, qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Sadalanan normaların məzmunundan göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Məhkəmə, iddia müddətinin axımının hesablanması üçün iddiaçının hüquq və azadlığının pozulduğu barədə məlumatının olduğu günün müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd edir: - İddia ərizəsinin 3-cü və 4-cü səhifələrində iddiaçı tələb hüququnu əsaslandıraraq göstərir ki, 2003-cü ildə Zaqatala rayonunda fəaliyyət göstərən Kooperativlər Cəmiyyətindən onların balansında olan Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanı almışam. Lakin, həmin dövrdə şəriyim Nazim Mustafayevlə razılığa gəlmişdik ki, alınacaq əmlaklar cavabdeh Hacıömər Mustafayevin adına alınacaq, sonra isə razılıq əsasında əmlak öz aramızda bölünəcəkdir. Bu məqsədlə mən, Hacıömər Mustafayevin adından X3 həmin mağazanın alınması ilə əlaqədar ərizə vermişəm. Həmin ərizədəki imza mənim imzamdır. Lakin, Hacıömər Mustafayev həmin dövrdə mənə heç bir etibarnamə verməmişdir. Hacıömər Mustafayevin adından ərizə verməkdə onun adından bu hərəkətləri edərək, lakin imzaları atmağımda məqsədim o olmuşdur ki, şəriyim X8 vətəndaşıdır və bir gün o, məni aldada bilər, aldığı əmlaklardan məni məhrum edə bilər. Buna misal olaraq hazırda məhkəmənin icraatında olan Hacıömər Mustafayevin mənim qeyri yaşayış binasından çıxarılma tələbinə dair mülki işi göstərə bilərəm... Zaqatala rayon Kooperativlər İttifaqının 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı ilə həmin mağazanın Hacıömər Mustafayevə 10.500.000 manata satılması qərara alınmışdır. Mağazanın alınması üçün tələb olunan 10.500.000 manat vəsaiti Zaqatala rayon Kooperativlər İttifaqının kassasına şəxsən mən ödəmişəm. Ödəniş qəbzindəki imza mənim imzamdır. Bundan başqa həmin qərar əsasında Zaqatala rayon Dövlət Notariat Kontorunda 14 fevral 2005-ci il tarixdə mağazanın alqı-satqısına dair Hacıömər Mustafayev və Zaqatala Kooperativlər Cəmiyyətinin nümayəndəsi arasında müqavilə bağlanaraq təsdiq edilmişdir. Həmin müqavilədə Hacıömər Mustafayevin imzasının qarşısındakı imza mənimdir. Nəticədə həmin əmlaka dair bütün sənədləşmələr, pul vəsaitinin ödənilməsi və sair hərəkətlər hamısı mənim tərəfimdən həyata keçirilmişdir, lakin hər yerdə Hacıömər Mustafayevin adı yazılmışdır...Həmin mağazanın satılması üçün müraciət mənim tərəfindən olunmuşdur... və s. İddia ərizəsinin məzmunundan göründüyü kimi, hazırkı tələbdə iddiaçının inzibati aktların ləğvini əsaslandırdığı hallar həmin aktlar qəbul olunduğu vaxtdan ona məlum olmuşdur. İddia ərizəsində iddiaçının özü də bildirmişdir ki, gələcəkdə baş verə biləcək xoşagəlməz hallardan sığortalanmaq üçün məhz bu addımı atmışdır. Yəni, mübahisələndirilən hallar iddiaçının iradəsi ilə baş vermiş, iddiaçının qanunsuz hərəkətlərinin davamı olaraq hazırda mübahisələndirilən qərarlar qəbul edilmiş, həmin qərarların qəbul edilməsi həmin dövrdə faktiki olaraq iddiaçının maraqlarına uyğun olmuşdur. Buna görə də ötən müddət ərzində qəbul edilmiş inzibati aktlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların (hərəkətlərin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (Azərittifaq) və Zaqatala rayonu Kooperativlər Cəmiyyətinə qarşı (üçüncü şəxs: X4) “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 nömrəli qərarının “ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələrinə” aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1579/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1579/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver