Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-158/2022 25.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “özünün və ailə üzvlərinin adına 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əvəzsiz olaraq ayrılıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “özünün və ailə üzvlərinin adına 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əvəzsiz olaraq ayrılıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon Şöbəsinin üzərinə İddiaçı və ailə üzvlərinin adına 5,33 ha əkin növ torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmişdir. Qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Şöbəsi tərəfindən 5,33 ha əkin növ torpaq sahəsinə xx.xx.2013-cü il tarixli, AN 444882 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. xx.xx.2013-cü il tarixli, AN 444882 saylı torpaq sahəsinin planı və ölçüsü sənədini Azərbaycan Respublikasr Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə təqdim edərək qeyd edilən torpaq sahəsinə dair mənim və ailə üzvlərimin adlarına DƏDR-dən çıxarış və müvafiq torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsini xahiş etmiş, müraciətinə əsasən torpaq sahəsinin yerində müayinəsi zamanı məlum olmuşdur ki, istifadəsində olan torpaq sahələrinin 0,22 hektar və 3,22 hektar olmaqla cəmi 3,44 hektar hissəsi naturada mövcuddur, qalan 1,89 hektar torpaq sahəsi isə JN-107A nömrəli Dövlət Aktı əsasında başqa vətəndaşa məxsus torpaq sahəsinə və yol yerinə düşür. Buna görə də faktiki naturada mövcud olan və qeyd edilən 0,22 hektar və 3,22 hektar olmaqla cəmi 3,44 hektar əkin torpaq sahələrinə dair özünün və ailə üzvlərimin adına xx.xx.2021-ci il tarixli ********** və eyni tarixli ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışlar, 05.03. 2021-ci il tarixli AA № 587315 və AA №587313 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanıb verilmişdir. Nəticədə ona və ailə üzvlərinə 1,89 hektar az torpaq sahəsi verilmiş, eyni miqdarda torpaq sahəsinə münasibətdə mövcud hüquqları pozulmuşdur. Yaranmış vəziyyətdə özünə və ailə üzvlərinə əskik verilən 1,89 hektar torpaq sahəsi yalnız müvafiq bələdiyyə qurumu, yəni Cavabdeh tərəfindən əvəzsiz olaraq onlara verilməklə pozulmuş hüquqları bərpa edilə bilər. O, bu məsələ ilə əlaqədar ərizə ilə cavabdehə müraciət etmiş, özünə və ailə üzvlərinə əskik verilmiş 1,89 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əvəzsiz olaraq ayrılıb verilməsini xahiş etmişdir. Lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli, 2 inz (84)- 1359/2012 nömrəli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon Şöbəsinin üzərinə İddiaçı və ailə üzvlərinin adına 5,33 ha əkin növ torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. - cavabdehin xx.xx.2021-ci il tarixli 137 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışlardan görünür ki, Oğuz rayonu Astraxanovka kəndində yerləşən cəmi 3.44 ha torpaq sahəsi üzərində iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Cavabdeh tərəfindən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əvəzsiz olaraq ona ayrılmasına nail olmaqdır. Belə ki, iddiaçı hesab edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli, 2 inz (84)-1359/2012 nömrəli qərarı ilə 5.33 ha torpaq sahəsinə plan ölçü sənədinin hazırlanması nəzərdə tutulsa da, torpaq sahəsinin 3.44 ha hissəsindən artıq hissəsi, yəni 1.89 ha hissə digər şəxsə məxsus torpaq sahəsi və yol yeri ilə üst-üstə düşdüyünə görə bələdiyyə tərəfindən əvəzsiz olaraq ona ayrılmaqla məhkəmə qərarına qeyd edilmiş, planölçü verilməsi nəzərdə tutulmuş 5.33 ha torpaq sahəsi tamamlanmalıdır. Məhkəmə qeyd edir ki, istinad olunan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli, 2 inz (84)-1359/2012 nömrəli qərarında 5.33 ha torpaq sahəsinə plan-ölçü sənədinin tərtib edilməsi qərara alınmış və həmin torpaq sahəsinin ayrılması ilə bağlı hazırkı iş üzrə cavabdehin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, plan-ölçü sənədi torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Belə ki, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007- ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Göründüyü kimi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə birbaşa qadağan edildiyindən, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “özünün və ailə üzvlərinin adına 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əvəzsiz olaraq ayrılıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.