Məhkəmə qərarları › İş №2-1(116)-158/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-158/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-158/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri tibb işçiləri X4 şəfa bağçılığı tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri X12 məxsus olması barədə arayışın (elektron çıxarış) və Mingəçevir şəhəri tibb işçiləri X4 şəfa bağçılığı tərəfindən ona ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri Tibb işçiləri X4 “Şəfa” bağçılığı tərəfindən mərhum əri X12 verilmiş 0,06 ha torpaq sahəsinin və Mingəçevir şəhəri Tibb işçiləri X4 “Şəfa” bağçılığı tərəfindən özünə verilmiş 0,06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliynin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-158/2023 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Mingəçevir şəhəri tibb işçiləri X4 şəfa bağçılığı tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri X12 məxsus olması barədə arayışın (elektron çıxarış) və Mingəçevir şəhəri tibb işçiləri X4 şəfa bağçılığı tərəfindən özünə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir Şəhəri XDS-nin xx.xx.1976-cı il tarixli, 315 saylı qərarına əsasən iddiaçının mərhum əri X12 Mingəçevir şəhəri ərazisində bağçılıq üçün 0.06 ha torpaq sahəsi verilmişdir. Bundan sonra, xx.xx.1998-ci ildə həmin torpaq sahəsinə Mingəçevir şəhəri Tibb işçiləri X4 “Şəfa” bağçılığı tərəfindən Pasport verilmişdir. Mingəçevir Şəhəri XDS-nin xx.xx.1986-cı il tarixli, 241 saylı qərarına əsasən iddiaçıya Mingəçevir şəhəri ərazisində bağçılıq üçün 0.06 ha torpaq sahəsi verilmişdir. Bundan sonra, xx.xx.1994-cü ildə həmin torpaq sahəsinə Mingəçevir şəhəri Tibb işçiləri X4 “Şəfa” bağçılığı tərəfindən Pasport verilmişdir. Həmin torpaq sahələri yalnız onların mülkiyyətisində olub və faktiki olaraq onlar istifadə etmişlər. Hal-hazırda da o, həmin torpaq sahələrindən istifadə edir. 2022-ci ilin mart ayında o, öz torpaq sahələrini dövlət qeydiyyatına almaq və faktiki olaraq 50 ilə yaxın istifadələrində olan hər iki torpaq sahəsinə çıxarış almaq üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhəri Tibb işçiləri X4 “Şəfa” bağçılığının adlı siyahısında X10 adı qeyd edilməmişdir. Mingəçevir şəhərində yerləşən Mingəçevir şəhəri Tibb işçiləri X4 “Şəfa” bağçılığı tərəfindən verilmiş 0.06 hektar bağ torpaq sahəsi üzərində mərhum X10 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi imkan xaricindədir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdehin xx.xx.2022-ci il tarixli **********09 və xx.xx.2022-ci il tarixli **********08 nömrəli imtina məktublarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 203 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Abbasova X9 şəhəri, N.Nərimanov pr., e 34, mənzil 11 ünvanında yaşamış, xx.xx.2021-ci il tarixdə vəfat etmiş əri X8 qalmış mirasa vərəsəlik işi açılması üçün xx.xx.2022-ci il tarixdə Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və həmin tarixdə bununla bağlı V-60/2022 saylı vərəsəlik işi açılmışdır. X1 və Elnarə Seçer mirasdan imtina etmişdirlər. Digər vərəsələrin olması barədə notariat ofisinə heç bir məlumat daxil olmamışdır. - AZ-İİ 218410 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2015-ci il tarixli 134/22 nömrəli arxiv arayışından görünür ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 14 avqust 1986-cı il tarixli 241 saylı qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2015-ci il tarixli 134/22 nömrəli arxiv arayışından görünür ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 7 oktyabr 1976-cı il tarixli 315 saylı qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. - Mingəçevir şəhər X5 İttifaqı Şurasının xx.xx.2012-ci il tarixli 27 nömrəli arayışından görünür ki, X11 X2 tibb bacısı işləyən zaman XDS-nin xx.xx.1986-cı il tarixli 241 saylı qərarı ilə köhnə xəstəxana ərazisində 6 sot bağ sahəsi verilmişdir. - Mingəçevir şəhər X5 İttifaqı Şurasının xx.xx.2012-ci il tarixli 28 nömrəli arayışdan görünür ki, X3 X2 tibb bacısı işləyən zaman xx.xx.1976-cı il tarixli XDS-nin 315 nömrəli qərarı ilə ona köhnə xəstəxana ərazisində 6 sot bağ sahəsi verilmişdir. - “Minəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2018-ci il tarixli 521 nömrəli əmrindən görünür ki, ilə Mingəçevir ŞMX PHŞ-nin Ailə Sağlamlıq Mərkəzi şöbəsinin 1 nömrəli bölməsinin tibb bacısı (İddiaçı) ilə bağlanmış Əmək Müqaviləsi Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2018-ci il tarixdən xitam verilmişdir. - “Minəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli PHŞ/6.61-2- 2022-254 nömrəli məktubdan görünür ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-də X16 adında işçi olmamışdır. - cavabdehin xx.xx.2023-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin xəritə materiallarına (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və “X7 X13”ndəki məlumatlara əsasən İddiaçı naturada göstərdiyi 0.17 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçının mərhum ərinin adı Mingəçevir şəhəri Tibb işçiləri X4 “Şəfa” bağçılığının adlı siyahısında mövcud olmamış, ümumiyyətlə o, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında işləməmişdir. Belə olan halda Minəçevir şəhər Mərkəzi Xəstəxanasına bağçılıq üçün ayrılmış torpaq sahəsindən həmin xəstəxanada işləməyən şəxslərə torpaq sahəsi ayrıla da bilməzdi. İddiaçı, sözügedən torpaq sahəsinin X3 ayrılmasını, sonuncudan isə həmin torpaq sahəsini mərhum ərinin aldığını bildirsə də, nəzərə alınmalıdır ki, iddiaçının mərhum əri Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında işləmədiyindən X6 ilə aralarında olan şifahi razılaşmaya əsasən “Şəfa” bağçılığı tərəfindən Minəçevir şəhər Mərkəzi Xəstəxanasında işləyən şəxslərə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ona ayrılması mümkün ola bilməzdi. İddiaçının özünə ayrılmış 0.06 ha torpaq sahəsinə münasibətdə isə iddia əsaslıdır. Belə ki, Mingəçevir şəhər X5 İttifaqı Şurasının xx.xx.2012-ci il tarixli 27 nömrəli arayışı ilə X11 X2 tibb bacısı işləyən zaman XDS-nin xx.xx.1986-cı il tarixli 241 saylı qərarı ilə köhnə xəstəxana ərazisində 6 sot bağ sahəsi verilməsi sübut olunur. İddiaçı həqiqətən də Minəçevir şəhər Mərkəzi Xəstəxanasında xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış və xx.xx.2018-ci il tarixdən işdən azad edilmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Mingəçevir şəhəri tibb işçiləri X4 “Şəfa” bağçılığı tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia tələbinin “Mingəçevir şəhəri tibb işçiləri X4 “Şəfa” bağçılığı tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın (elektron çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair hissəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar